Gürcüstan azərbaycanlıları “Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini istəyirlər.
 
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı “change.org” platformasında Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzeyə ünvanlanmış petisiya yerləşdirilib.
 
Petisiyanın müəllifi “Maarif” təşkilatının rəhbəri Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəzlənməsi qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.
 
Onun sözlərinə görə, təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyatı” yazıldığı kimi, azərbaycanlıların ana dili və ədəbiyyatı ilə bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsi məntiqli və məqsədəuyğun olar.
 
Tələb olunan sayda imzalar toplanandan sonra petisiya Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyinə təqdim ediləcək.

Baxış sayı: 388 | Tarix: 15.10.2025
Bizi Telegramda izləyin: @repostaz