Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Məlumatda qeyd edilib ki, Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazandırmağa çalışır. 
 
“Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.
 
Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, - deyə Müdafiə Nazirliyindən bildiriblər.
 
RePost.Az

Baxış sayı: 3181 | Tarix: 27.06.2018
Bizi Telegramda izləyin: @repostaz