Son bir ildə əksəriyyəti düşündürən məsələlərdən biri Amerika Birləşmiş Ştatları ilə İran arasında müharibənin baş tutub-tutmayacağıdır. İki ölkə arasında müharibə ehtimalından danışmazdan əvvəl Tramp administrasiyasının İrana baxışına qısa nəzər salmaq yaxşı olardı.

 

Donald Tramp hələ prezident seçkilərindən öncəki təbliğat-təşviqat kampaniyası zamanı seçildiyi təqdirdə, ilk işinin İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasını ləğv etmək olacağını bəyan edirdi. Seçiləndən təqribən 1 il 3 ay sonra, 2018-ci ilin mayın 8-də Tramp administrasiyası İrana qarşı iki mərhələdən ibarət olmaqla, yenidən sanksiyaların qəbul ediləcəyinin anonsunu verərək, qeyd edilmiş razılaşmadan birtərəfli olaraq çıxdı.

 

Həmin tarixdən iki ölkə münasibətlərində yenidən gərgin vəziyyət müşahidə olunmaqdadır. İlk günlərdən amerikalı rəsmilərin, eləcə də Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun çıxışları rəsmi Vaşinqtonun İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlar başlamaq niyyətində olmadığını göstərirdi. Daha sonra münasibətlərin normallaşması üçün Pompeo tərəfindən İranın region ölkələrinin daxili işlərinə qarışmağı, nüvə və ballistik raket proqramını, eləcə də terror qruplaşmalarına göstərdiyi dəstəyi dayandırmasını da əhatə edən 12 tələb irəli sürülməsi bir daha ABŞ-ın İranla hərbi münaqişə etmək niyyətinin olmadığını, əksinə, yenidən danışıqlar masasına oturmağa çalışdığını nümayiş etdirirdi.

 

Xüsusilə də, 2018-ci ilin noyabr ayının 5-də ABŞ-ın İranın neft ixracatını sıfıra endirmək məqsədilə bu ölkənin neft və qaz sektoruna qarşı tətbiq etdiyi embarqolar iki ölkə arasında ziddiyyətləri daha da kəskinləşdirib. Bundan sonra iranlı rəsmilər və hərbçilərin neft sata bilmədikləri təqdirdə, Hörmüz boğazını bağlayacaqları, digər tərəfdən amerikalıların bunun qarşılığında lazımi cavablar verəcəyi ilə bağlı yaydıqları bəyanatlar iki ölkə arasında müharibə ehtimalını daha da gücləndirib.

 

Mayın 2-də İran neft sanksiyalarında 8 istisna ölkəyə tanınmış möhlət hüququnu uzatmamaqla, ABŞ rəsmi Tehrana qarşı maksimum təzyiq siyasətini hərtərəfli icra etməyə başlayıb. İran iqtisadiyyatının 40%-dən çoxunun neft ixracatından əldə edilən gəlirlərin sayəsində ayaqda qaldığını nəzərə alsaq, iranlı rəsmilərin Qərbi Hözmüzü bağlamaqla təhdid etməsi anlaşılandır.

 

Mayın 5-də Amerikanın regiona, daha dəqiq desək, Fars körfəzinə “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisiylə birlikdə bombardımançı təyyarələr (sonradan B-52 olduğu müəyyənləşdi) göndərməsi Tramp administrasiyasının İranın əməli təhdidlərinə qarşı sərt reaksiya verməyə əzmli olduğunu nümayiş etdirdi. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da daxil olmaqla, bir neçə amerikalı rəsmi və yüksək çinli hərbçinin məsələ ilə bağlı səsləndirdiyi fikirlərdə ABŞ-ın İrana qarşı hərbi əməliyyat başlamaq niyyətində olmadığı, bu addımın İranın Amerika qüvvələrinə və ya onun regional müttəfiqlərinə, eləcə də milli mənafeyinə qarşı yönəlmiş hər hansı bir hücumuna sarsıdıcı zərbə vurmaq üçün atıldığını bildirirlər. Digər tərəfdən, Abraham Lincoln təyyarə daşıyan gəmisinin regiona göndərilməsi ilə bağlı qərarın İsrail ilə İran tərəfindən də himayə edilən Həmas qruplaşması arasında başlayan yeni toqquşmalar zamanı qəbul edilməsi əsas diqqət çəkən məsələlərdəndir.

 

Hazırda əsas aktual məsələlərdən biri bütün bu halları nəzərə almaqla, iki tərəf arasında müharibə baş verib-verməyəcəyidir.

 

 

It is the assessment of the U.S. government that Iran is responsible for today's attacks in the Gulf of Oman. These attacks are a threat to international peace and security, a blatant assault on the freedom of navigation, and an unacceptable escalation of tension by Iran.

 

İki müəyyən ölkə arasında müharibənin baş verməsini semiotika baxımından da dəyərləndirdikdə, İran ilə ABŞ arasında bunun reallaşacağını proqnozlaşdırmaq çətindir. Semiotikaya əsasən, adətən iki ölkə arasında müharibə başlamazdan əvvəl aşağıdakı hallar yaşanır:

 

• İki ölkənin rəsmiləri və yüksək çinli hərbçiləri arasında söz davasının artması


Son həftələr ərzində artan gərginlik fonunda istər İran tərəfdən dini lider Əli Xamenei də daxil olmaqla bir çox rəsmilər və SEPAH komandanları, istərsə də ABŞ tərəfindən prezident və digər yüksək vəzifəli rəsmilər bu söz davasına qoşulsa da, heç bir ölkə digərinə hücum edib, müharibə başlayacağı barədə bir fikir səsləndirməyib. İran tərəfdən SEPAH komandanları Amerika əleyhinə daha çox çıxış etməklə yadda qalsalar da, Amerika tərəfdən Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri və Müdafiə Naziri də daxil olmaqla, hərbçilər məsələ ilə əlaqədar daha az fikir bildiriblər.

 

Digər tərəfdən, demək olar ki, bu cür söz davaları iki ölkə arasında 3 dekadadan artıqdır ki, müxtəlif formalarda təzahür edir, buna görə də bu halı müharibə ehtimalının mövcudluğu kimi düşünmək absurd olardı.

 

Embedded video
 

"It is the assessment of the U.S. government that Iran is responsible for today's attacks in the Gulf of Oman...."@StateDept @SecPompeo

 

• Diplomatik əlaqələrin kəsilməsi, ərazi iddiaları və sərhədlərin delimitasiya edilməsi ilə bağlı imzalanmış müqavilədən çıxmaq


Bu halda da nəzərdə tutulmuş müddəaların heç biri hazırda Vaşinqtonla İran arasında cərəyan etmir. İki ölkə arasında diplomatik münasibətlər 1980-cı ildən kəsilib və ötən 39 il ərzində heç vaxt bu məsələdən müharibə amili kimi bəhs edilməyib.

 

Rəsmi sənədlərə gəldikdə isə, ABŞ 2018-ci ilin may ayının 8-də nüvə razılaşmasından, oktyabrın 3-də isə Pəhləvilər dövründə 1955-ci ildə iki ölkə arasında imzalanmış dostluq müqaviləsindən çıxdığını rəsmən bəyan edib. Vaşinqtonun bu addımları tərəflər arasında gərginliyi qızışdırsa da, heç bir hərbi toqquşmaya səbəb olmayıb.

 

Digər tərəfdən, bütün ziddiyyətlərə baxmayaraq, heç vaxt iki tərəfdən biri digərinə qarşı müharibə amili olan ərazi iddiası etməyib. ABŞ rəsmiləri daim maksimum təzyiq siyasəti və sanksiyaların məqsədinin İran rejiminin öz rəftarlarını dəyişdirməsi və bununla da yeni nüvə razılaşması əldə edilməsi olduğunu bəyan edir.

 

• Tarixdə tərəflər arasında məhdud sayda silahlı qarşıdurmaların yaşanması


1979-cu il islam inqilabı nəticəsində yeni teokratik siyasi sistemin təşkil edilməsindən sonra 1988-ci ilin 18 aprelində Fars körfəzində yaşanmış və 56 iranlı hərbçinin ölməsi ilə nəticələnmiş qarşıdurmanı nəzərə almasaq, heç vaxt iranlı və amerikalı hərbçilər arasında birbaşa hərbi toqquşma yaşanmayıb. Doğrudur, ABŞ regionda yerləşdirdiyi hərbçilərdən 600 nəfərinin terror nəticəsində ölməsinə görə İranı günahlandırsa da, Tehran hər zaman bunu rədd edir.

 

• Tərəflərin təmas xəttində quru qoşunlarının sayını artırması


Amerikanın regionun bir neçə ölkəsində hərbi kontingenti olsa da, bu günə qədər və hazırda quru qoşunlarının İranla həmsərhəd bölgələrə cəmləşdirilməsi müşahidə edilməməkdədir. Bölgəyə göndərilən təyyarə daşıyan gəmi və bombardımançı təyyarələrin də əsas məqsədi Hözmüz boğazının bağlanmadan öz fəaliyyəti davam etdirməsinə hesablanıb. Bu, həm də İrana qarşı ata biləcəyi hər bir provokativ addıma sərt cavab veriləcəyini bildirən əzələ nümayişidir.

 

Digər tərəfdən, “İslam Respublikası Xəbər Agentliyi- İRNA”da dərc edilən məqalə də İranın Amerikanın əməli addımları qarşısında hərbi münaqişəyə girmək niyyətində olduğunu deyil, geri çəkildiyini nümayiş etdirir. Sözügedən məqalədə İranın ABŞ-ın regiona Abraham Linkoln təyyarə daşıyan gəmi göndərməsi qarşısında “sülh və təhlükəsizliyə dayanaraq, beynəlxalq prinsiplər əsasında davranacağı” qeyd edilib.

 

Mirəli Ağayev,

İranşünas


Baxış sayı: 3504 | Tarix: 15.06.2019
Bizi Telegramda izləyin: @repostaz