2005-ci ildə "Hesabat" jurnalında müxalifət daxilindəki mühacir alveri ilə bağlı geniş araşdırmam dərc olunmuşdu. Hələ o vaxtdan Azərbaycanda əsasən üç partiya – AXCP, Müsavat və ADP – bu “işlə” məşğul olurdu. İsveçdə müsahibə aldığım bəzi mühacirlər də bunu açıq şəkildə etiraf etmişdilər. İllər sonra Alman polisi bu cinayət faktlarının bir qismini ortaya çıxardı. Bu gün isə həmin şəxslərin özləri də etiraf etmək məcburiyyətində qalıblar.
“Müxalifət” və hakimiyyətin ortaq oyunu
Əslində, Azərbaycanda “siyasi mühacir” anlayışı və “jurnalist həbsi” məsələləri çox vaxt daxili siyasi klanlar ilə “müxalifət”in ortaq oyunu olub.
Bəs necə olur ki, bəzi partiya sədrləri və qəzet redaktorları illərlə cah-cəlal içində yaşayır, hakimiyyət onlara toxunmur, amma sıravi jurnalistlər, adi partiya üzvləri, yazdıqları yazılarla tanınmayan insanlar təzyiqlərə məruz qalır, ölkədə yaşamağa qoyulmur? Cavab sadədir: bu oyun uzun illərdir qarşılıqlı maraqlar üzərində qurulub.
“Siyasi təzyiq” bəhanəsi ilə aldananlar
2003-cü ildən sonra ölkəni tərk edənlərin böyük əksəriyyəti — istər jurnalist, istər siyasətçi olsun — təzyiqlərə görə yox, aldadılaraq gediblər.
Saxta sənədlər, uydurma cinayət işləri və “siyasi təqib” ssenariləri vasitəsilə bir çox insanı inandırıblar ki, “Avropada onları azadlıq gözləyir”. Amma reallıqda bu, həm müxalifət daxilindəki bəzi saxtakarların, həm də xaricdəki dələduz şəbəkələrin qazanc mənbəyinə çevrilib.
“Mühacir jurnalistlər” və reallıq
Məni tanıyanlar bilir: mən araşdırmaçı jurnalist kimi faktlarla danışıram. “Mühacirət edən” o jurnalistlərə təklif edirəm – gəlin, hər kəs ölkədən getməsinə səbəb olan yazılarını ortalığa qoysun. Görək, kim faktlarla danışır, kim dedi-qodu ilə.
Avropadan durub kiminsə “məni yazılarıma görə Azərbaycanda yaşamağa qoymadılar” deməsi gülüncdür. Əslində, sadəcə uğursuzluqla üzləşiblər. Onları “lider”ləri və “redaktor”ları birdəfəlik istifadə ediləcək vasitə kimi – şpris kimi – istifadə edib atıblar.
İndi isə çoxu Avropada fermalarda, zibilliklərdə və ya mağazalarda ucuz işçi kimi çalışır. Halbuki, Azərbaycanda az da olsa statusları vardı, ən azı, cəmiyyət içində tanınırdılar.
Real hadisə: “3 min manatlıq şikayət”
2013-cü ildə mühacir alveri ilə bağlı konkret bir hadisə ilə qarşılaşdım. Tanıdığım bir sahibkar var idi, normal qazancı vardı. Birdən-birə Avropaya köçmək qərarına gəldi. AXCP-dən saxta arayış aldı, Müsavat Partiyasının Avropadakı nümayəndəsinə (deyəsən, adı Mehdi idi) 6 min avro verdi ki, ona Almaniyada sığınacaq təşkil etsinlər. Bunun üçün isə Azərbaycanda onun barəsində guya cinayət işi açılmalı idi.
Bir axşam mənə zəng edib görüş istədi. NZS-də bir kafedə oturduq. Dedi:
“Sənə 3 min manat verirəm, məndən şikayət et. Mən də qaçım, sən də qazan. Gedəndən sonra vəkilim sənə əlavə 2 min də verəcək.”
Dediyinə görə, vəkili müxalifətçi bir qadın idi. Plan beləymiş: guya mənə 20 min manat borcu var, məhkəmə də bu “borcun” ödənilməsi barədə qərar çıxaracaq, o isə bu yolla “siyasi təqib qurbanı” kimi ölkədən qaçacaq.
Təbii ki, razılaşmadım. Amma təəssüf ki, bir müddət sonra həmin adam Almaniyaya getdi və mənim haqqımda yalanlar yazmağa başladı. Lakin sığınacaq ala bilmədi. Dələduzların qurbanı oldu, evlərini, maşınlarını satdı, ailəsi dağıldı. Özünün indi harada yaşadığı belə məlum deyil.
Bu hadisə təkcə bir nümunə deyil — Avropaya gedənlərin təxminən 90 faizi eyni sxemlə ölkəni tərk edib. Bir zamanlar “siyasi mühacir” adı ilə çıxanların çoxu indi ya peşman, ya da tamamilə mühacir alverçilərinin qurbanı olublar.
Zülfüqar Xeyirxəbər