Bu gün əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan "Vətən Müharibəsi Qəhrəmanı", USTA dərəcəli pilot, Şəhid polkovnik Zaur Nudirəliyevin doğum günüdür.

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, USTA dərəcəli pilot, "Su-25" hücum təyyarəsinin pilotu Nudirəliyev Zaur İsmayıl oğlu 01.09.1978-ci ildə Bakı şəhərində anadan olub.

1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib, 1995-ci ildə oradan məzun olub. O, həmin ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olub və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirib.

Polkovnik Zaur Nudirəliyev 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb.

Polkovnik Zaur Nudirəliyev Vətən müharibəsində idarə etdiyi Su-25 döyüş təyyarəsi ilə Ağdərə, Füzuli, Cəbrayıl, istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurub. Axrıncı uçuşunda isə düşmənin hava hücumundan müdafiə vasitələrinin hədəfi olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən Müharibəsi Qəhrəmanı”, 1-ci dərəcəli “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. Pəri adlı qızı və Ömər adlı oğlu Vətənə əmanətdi....✍????

 

▪️“Zaur bir sıra yeni üsulların müəllifidir və həmin üsulları sınaqdan keçirərək döyüşlərdə uğurla tətbiq edib. Vətən müharibəsindən bir müddət öncə komandanlıq tərəfindən “Su-25” hücum təyyarələrinin yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar veriləndə biz bu işi qardaş Türkiyədə təhsil almasını və bir çox dövlətlərin hərbi hava qüvvələri ilə aparılan hərbi təlimlərdə böyük təcrübə toplamasını nəzərə alaraq Zaur Nudirəliyevə həvalə etdik. Zaur etimadımızı doğrultdu. O, mütəmadi olaraq hərbi təlimlər zamanı “Su-25” hücum təyyarələrinin tam döyüş potensialından bəhrələnərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bombaların atılması üsulunu icra edir ki, bu da NATO standartlarına tam uyğundur və digər təyyarəçilərə də bunu peşəkarlıqla aşılayır. Bu gün Hərbi Hava Qüvvələrində qəhrəman təyyarəçimiz polkovnik Zaur Nudirəliyevin davamçıları kifayət qədərdir və onlar Azərbaycanın hava məkanını etibarlı şəkildə qoruyurlar” - Hərbi Hava Qüvvələrinin komandanı, Müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirov Vətən müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev haqqında fikirlərini belə ifadə edib.

▪️“Zaurun idarə etdiyi “Su-25” hücumçu təyyarə əsasən aşağı hündürlükdə istifadə üçün təyin olunub. Əgər aşağı və orta hündürlüklərdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı çoxdur. Amma polkovnik Nudirəliyevin araşdırmaları nəticəsində “Su-25” hücum təyyarəsinin göstəricilərindən məharətlə istifadə olunub, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlib. Bu təyyarələrdə bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlükdən yox, məhz yuxarı hündürlükdən istifadə olunub. Bu üsul təcrübədə uğurlu alındığı üçün Vətən müharibəsi zamanı geniş istifadə olunub və nəticədə Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinə, o cümlədən canlı qüvvələrinə ağır zərbələr endirilib. Unudulmaz komandirimizin təcrübəsi nəticəsində lazer güdümlü bombalar ilk dəfə “Su-25” hücum təyyarəsindən atılıb. İllər ötəcək, komandirimizin yenilikləri daha da təkmilləşdiriləcək və onun adı və qəhrəmanlığı hər birimizin yaddaşında əbədi yaşayacaqdır" - “Qarabağ” ordenli polkovnik-leytenant Reyhun Fərmanov deyib.

▪️“Oktyabrın 4-də polkovnik Zaur Nudirəliyev idarə etdiyi Su-25 hücum təyyarəsi Cəbrayıl istiqamətində  ona verilən döyüş tapşırığını yerinə yetirmək üçün təyin olunmuş hədəfə yaxınlaşan zaman mərkəzi komanda məntəqəsinə məlumat daxil oldu ki, düşmənin hava hücumundan müdafiə vasitələri hərəkətə keçib. Bizim kəşfiyyat məlumatımıza görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. Düşmən tərəfindən Su-25 hücum təyyarələrinin vurulması ehtimal böyük idi. Buna görə onlara dərhal bizə geri dönmək tapşırığı verildi. Həmin vaxt polkovnik Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o çağırışa cavab vermədi. Artıq polkovnik Zaur Nudirəliyevin idarə etdiyi Su-25 hücum təyyarəsi düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq polkovnik katapult edə bilərdi. Lakin o düşmənə əsir düşməmək üçün katapult etmədi. Düşmənə ağır zərbə vurmaq üçün öz canından keçib təyyarəni düşmənin canlı qüvvə və zirehli texnikasına çırpdı və qəhrəmancasına şəhid oldu" - Onunla eyni istiqamətdə uçuşlar yerinə yetirən polkovnik-leytenant Elçin Məmmədov belə deyib.


Baxış sayı: 4682 | Tarix: 01.09.2022
Bizi Telegramda izləyin: @repostaz