2018-ci ildə Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunması Qarnik Asatryanın “Talışstan Milli Televiziya” layihəsinə ciddi zərbə vurmuşdur. Ermənistan xüsusi xidmət orqanları talışlar arasında Fəxrəddin səviyyəsində digər bir xain tapa bilmədiklərinə görə onun həmin televiziya verilişlərinin hazırlanmasında rolu çox artmışdır. Əvvəlki materialda bəhs olunduğu kimi, televiziyanın verilişlərinin aparıcısı Zabil Məhərrəmovun mətnlərini Abbaszadə mütləq yoxlayır və redaktə edirdi. Fəxrəddin Abbaszadə həmçinin bu televiziyanın verilişlərində “Talış milli hərəkatı” adından yayımlanan verilişlərin hazırlanmasını birbaşa özü həyata keçirirdi.

(Əvvəli “Yeni Müsavat”ın 23 may, 2019-cu il tarixli sayında)

Bundan savayı, Ermənistan xüsusi xidmət orqanları öz imkanları ilə Azərbaycandan kənarda yaşayan talışlar barədə topladıqları məlumatları zərurət yarananda Fəxrəddin Abbaszadə vasitəsilə ictimailəşdirir, talış mühacirlərlə Azərbaycan hökuməti arasında konstruktiv dialoqun qurulmaması üçün talış diasporunda qarşılıqlı şübhələr və ziddiyyətləri gücləndirirdi. Bildiyiniz kimi, Fəxrəddin Abbaszadə bəzi çıxışlarında özünə müxalif olan radikal talış mühacirlər barədə nüfuzdansalıcı məlumatlar, audio və videoyazılara, bank sənədlərinə sahib olduğunu dəfələrlə bildirmişdir. Xaricdə yaşayan həmvətənlər barədə bu cür məlumatları ona yalnız Ermənistan xüsusi xidmət orqanları verə bilərdi. Lakin talışların ünvanına səsləndirdiyi təhdidlər Fəxrəddin Abbaszadəyə qarşı işlədi. Burada ilk öncə Zabil Məhərrəmovun başına gələnlər vacib rol oynadı.


Zabil Məhərrəmovun Azərbaycanda və diasporda rüsvay olması, xarici ölkələrdə məskunlaşmış talış mühacirlərin onun gerçək xislətini başa düşmələri Fəxrəddin Abbaszadəyə Ermənistan xüsusi xidmət orqanlarının bu layihələrində iştirak etmək üçün yeni namizədlərin axtarışını çətinləşdirirdi. Abbaszadənin baş vurduğu bir neçə radikal milliyyətçi talış mühacir təklifin mahiyyətini bildikdə, ondan birmənalı imtina etmişdi. Rusiyada yaşasa da, adının açıqlanmasını istəməyən nüfuzlu talışlardan biri, hələ 2017-ci ilin noyabr ayında Fəxrəddin Abbaszadəni talış milli hərəkatını Ermənistan xüsusi xidmət orqanlarının maraqlarına tabe etməkdə ittiham etmiş, onun böyük yanlış yapdığını və onsuz da zəif olan talış təşkilatlanmasına ölümcül zərbə vurduğunu özünə birbaşa demişdi.


Güman edirik ki, vəziyyətdən dərin narahatlıq keçirən radikal talış milliyətçiləri məsələ barədə Azərbaycan dövlətini məlumatlandırmaq yollarını axtarır və dolayı yollarla vəziyyət haqqında Azərbaycan Respublikasının Rusiya və Belarusdakı səfirliklərinə məlumatlar sızdırmışlar. Azərbaycan iqtidarına qarşı müxalif mövqedə olmaq və talışların milli hüquqlarının müdafiəsinə radikal yanaşmaq hələ demək deyildi ki, onlar Vətəninə xain çıxmalı, ata yurdu ilə olan-qalan bütün körpüləri yandırmalı, talış diyarının yolunu birdəfəlik unutmalı idilər. Asatryan-Abbaszadə tandeminin təklifinin mahiyyətinin özü talışlar üçün təhqir idi.


Belə durumda, “Talışstan Milli Televiziyasının” verilişlərinin İrəvandan çəkilməsi ideyası tam iflasa uğraya bilərdi, Rusiya ərazisində bu işin qurulması isə böyük büdcə tələb edirdi. Buna görə Qarnik Asatryan digər bir yola baş vurur - Ermənistanın özündə Azərbaycan dilini yaxşı bilən şəxs axtarıb tapır və onu “Talışstan Milli Televiziya” layihəsinə qoşur. Yeganə problem Azərbaycan SSR-nin əməkdar artisti olan Marieta Vartanyan adlı bu şəxsin xarici görünüşünün azərbaycanlılara heç oxşamaması idi.

 

Marieta Vartanyan kimdir? O, 1952-ci ildə Azərbaycanın Qazax rayonunda anadan olmuş Kərimova Marieta Məhərrəm qızıdır. Atası müsəlman kürdü, anası isə erməni olmuşdur. Valideynləri boşandıqda Marieta anası ilə birlikdə İrəvana köçür. Bəzi məlumatlara əsasən, gəncliyində zahirən yaraşıqlı olmuş Marieta İrəvan teatrında az əhəmiyyətli rollarda aktrisa işləmişdi. Onun yüngül əxlaqlı həyat tərzi keçirdiyi deyilir. Marietanın daha çox İrəvan teatrı ilə əlaqəli eyş-işrət əhli ilə intim münasibətlərdə olduğu haqda bilgilər var. Bu zaman o, İrəvan teatrının inzibatçısı və eyni zamanda daşnak təəssübkeşi Vrej Vartanyanla tanış olur və sadəlövh Vrejdən hamilə qaldığını iddia etməklə (habelə bəzi məlumatlara görə, onu özünün Ermənistan SSR-nin DTK-dakı əlaqələrlə qorxutmaqla) özü ilə evləndirir və özü də Vartanyan olur. Nikahdan kənar başlamış və nikahda bitmiş bu hamiləlikdən dünyaya gəlmiş oğlu Armen boya-başa çatdıqdan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətində xidmətə qəbul olunur və hazırda orada xidmət edir. Göründüyü kimi, nə Marietanın özü, nə də əri talış deyillər.


Bu problemi Ermənistan xüsusi xidmət orqanları İlhamə Cəfərzadə adlı personajı uydurmaqla həll etdi. Aktrisa Marieta Vartanyan “Talışstan Milli Televiziyasının” verilişlərinin aparıcısı İlhamə Cəfərzadə rolunu ifa etməyə başladı. Aradakı boşluqları doldurmaq üçün Qarnik Asatryan sədaqətli adamı olan Fəxrəddin Abbaszadəyə müraciət etdi və sonuncu Marietanın dindar qadın obrazında ekranlara çıxması əfsanəsini şəxsən özü hazırladı, özü səhnə arxasında qalmaqla.

Əxlaqsız erməni aktrisa Marieta Vartanyana hicab geyindirməklə onu inanclı qadın obrazında tamaşaçıya təqdim etmək ideyasını irəli sürməklə Fəxrəddin Abbaszadə bu dəfə İslam mənəviyyatına da xəyanət etdi, dinimizi təhqir etdi. İctimaiyyət üçün əfsanəni isə Zabil Məhərrəmov təmin etdi və Marietanı talış xanımı İlhamə Cəfərzadə kimi dinləyicilərə təqdim etdi. Gördüyünüz kimi, bu dəfə Fəxrəddin Abbaszadə ermənilərin talışları aldatmaq fəaliyyətində hətta əvvəlkindən də fəal iştirak etdi. Qoca yüngül əxlaqlı erməni aktrisanın ekranlar vasitəsilə əsli-nəcabətli və qeyrətli talış xanımı kimi təqdim olunmasını məhz Abbaszadə təklif etdi, Zabil Məhərrəmov isə buna yardımçı oldu.

Maraqlısı isə odur ki, “Talışstan Milli Televiziyasının” verilişlərində xarici görkəmini gizlədərək İlhamə Cəfərzadə adı altında çıxış edən Marieta Vardanyan, eyni zamanda öz adı ilə sosial şəbəkələrdə talış qruplarında müzakirələrə can atır, Azərbaycan dilində şərhlər paylaşır, separatçı əhval-ruhiyyəli şəxslər arasında Ermənistan xüsusi xidmət orqanları üçün yeni qurbanlar axtarır.

Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, Abbaszadənin Rusiyada saxlanılması “Talışstan Milli Televiziyasının” fəaliyyətini 2018-ci ilin sonlarında iflic etmişdir. Öz agentini qorumaq üçün Ermənistan xüsusi xidməti özünün Rusiyadakı ştat vəkili Ruben Kirakosyanı Abbaszadənin məhkəmə işlərinə rəsmi müdafiəçi qismində təhkim etmişdi.

Lakin Abbaszadəni qorumaq mümkün olmadığı aydın idi. Cari ilin aprel ayından etibarən televiziya onsuz fəaliyyətə başladı və sırtıq ermənisifət Marieta Vartanyan İrəvan şəhəri Aleks Manukyan 5 ünvanındakı Ermənistanın ictimai radiosunun binasından İlhamə Cəfərzadə adı altında sadəlövh insanları Azərbaycan barədə çirkin və uydurma məlumatları ilə aldatmaqda davam edir. Ermənistan xüsusi xidmət orqanları Fəxrəddin Abbaszadə itkisindən sonra televiziya üçün yeni redaktor tapmışdır. Mətbuatda Qarnik Asatryana bu dəfə Ələkrəm Hümmətovun köməklik göstərməsi barədə ehtimallar artıq səslənmiş və onun özü bu fikirləri təkzib etməmişdir. Bu istiqamətdə araşdırmalarımız davam edəcəkdir.

“Yeni Müsavat”ın informasiya və təhlil şöbəsi 


Baxış sayı: 3371 | Tarix: 28.05.2019
Bizi Telegramda izləyin: @repostaz