Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunub.
 
BAKU.WS xəbər verir ki, neftin qiyməti gecə saatlarında -40 dollara qədər enmişdi. Bu, dünya tarixində antirekord kimi qeydə alınıb. “Brent” markalı neft isə cuzi geriləyərək 25,42 ABŞ dolları/barelə düşüb.
 
Bu gün səhər saatlarında isə dünya birjasında WTI markalı ABŞ nefti bir qədər bahalaşaraq 1,40 ABŞ dolları olub.
 
Ekspertlər isə bunun yeni mərhələyə hazırlıq prosesi olduğunu düşünürlər.
 
İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramovun fikrincə, koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirməkdə davam edir.
 
“Neftin qiyməti kəskin ucuzlaşır. Dünya birjaları dalğalanır. Koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirməkdə davam edir.
 
Bu artıq yeni dünya düzəninə cəhd kimi də dəyərləndirilə bilər.
 
Deməli, post-pandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir.
 
Pre-pandemiya dövrü isə xəyal olaraq qalmaqdadır. Həm siyasi, həm də iqtisadi kontekstdən dünyada yeni düzənə hazırlıq başa çatmaqdadır”, - deyə Vüqar Bayramov vurğulayıb.

Baxış sayı: 3067 | Tarix: 21.04.2020
Bizi Telegramda izləyin: @repostaz