Artıq bir aya yaxındır ki, Azərbaycanda elektron ticarət faktiki olaraq Dövlət Gömrük Komitəsi tərəfindən qeyri-qanuni şəkildə məhdudlaşdırılıb. Minlərlə vətəndaşın milyonlarla manat dəyərində olan bağlamaları gömrükdə saxlanılır və buraxılmır. Xüsusilə TEMU onlayn ticarət platforması üzərindən sifariş edilən məhsullar həftələrdir Azərbaycana daxil olmasına baxmayaraq, gömrükdən keçirilməyib.
Dövlət Gömrük Komitəsi verdiyi açıqlamada bu vəziyyəti sifarişlərin kütləvi şəkildə artması, gömrükdə bəyan edilməməsi və ya düzgün bəyan olunmaması ilə əlaqələndirir. Vətəndaşlar isə bildirirlər ki, bu arqumentlər sadəcə bəhanədir. Onların sözlərinə görə, illərdir hansı qaydada elektron bəyanetmə aparılıbsa, hazırda da eyni formada həyata keçirilir.
Gömrük Komitəsinin irəli sürdüyü arqumentlərin əsassız olduğunu sübut edən faktlar da mövcuddur. Şəxsən tanıdığım bir neçə vətəndaşın gömrük bəyanlarına baxmışam və heç bir pozuntuya rast gəlinmir. Buna baxmayaraq, artıq iki həftədən çoxdur ki, sifariş olunan məhsullar gömrükdən buraxılmır.
Əslində isə bu cür davranışların məqsədi vətəndaşları bilərəkdən onlayn ticarətdən çəkindirməkdir. Çünki elektron ticarət monopolistlərin maraqlarına uyğun deyil və milyardlarla manatlıq dövriyyə onların əlindən çıxır. Məsələn, mənim TEMU platforması üzərindən sifariş etdiyim və gömrük tərəfindən saxlanılan çəkmənin qiyməti 37 AZN-dir. Halbuki həmin məhsul Azərbaycanda 80–100 AZN aralığında satılır. Bu qiymət fərqi isə müəyyən işbazların maraqlarına toxunur.
Xatırlayırsınızsa, bir neçə il əvvəl oxşar vəziyyət “Trendyol” sifarişləri ilə bağlı da yaşanmışdı. Hətta o dövrdə onlayn ticarətin qadağan olunması ilə bağlı açıqlamalar belə verilmişdi. Guya yerli satıcılar vergi ödəyicisidir, vətəndaşlar onlayn alış-verişə üstünlük verdiyi üçün isə yüksək qiymətə təklif olunan mallar onların əlində qalırdı. Nəticədə elektron ticarətin həcmi süni şəkildə azaldıldı və “Trendyol” üzərindən sifarişlərin qiyməti bahalaşdı.
Bu səbəbdən vətəndaşlar daha ucuz platforma olan TEMU-ya yönəldi və elektron ticarət dövriyyəsində ciddi artım baş verdi. Məsələn, 2023-cü ildə ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsi 118,1 milyon manat olduğu halda, 2024-cü ildə bu göstərici 41 milyard manata çatıb. Onun təxminən 2 milyard manatı xarici onlayn alış-verişin payına düşür.
Hazırda elektron ticarətlə məşğul olan qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı qanun layihəsi artıq Milli Məclisə təqdim edilib və müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
Çox güman ki, növbəti mərhələdə vətəndaşlar üçün xarici onlayn alış-verişə tətbiq edilən 300 dollarlıq limit də aşağı salınacaq.