Avropa Komissiyasının (AK) İttifaq ərazisinə ilkin icazə olmadan qaz idxalına icazə verilən ölkələrin siyahısını özündə əks etdirən qaydası Aİ-nin rəsmi jurnalında dərc edilib.
 
RePost.Az Musavat.com-a istinadən xəbər verir ki, xəbər verir ki, AK prezidenti Ursula fon der Lyayenin imzaladığı sənədə əsasən Əlcəzair, Nigeriya, Norveç, Qətər, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları əvvəlcədən icazə tələb olunmadan Aİ ərazisinə qaz ixrac edə biləcəklər.
 
Qaydada izah olunur ki, 2026/261 saylı Aİ qaydası "Rusiya Federasiyasından mənşəli və ya birbaşa və ya dolayı yolla ixrac edilən təbii qazın idxalına qanuni qadağa qoyduğuna görə qazın birliyin gömrük ərazisinə daxil olmasından əvvəl istehsalçı ölkə üçün maneəsiz yoxlama prosesini təmin etmək" məqsədilə əvvəlcədən icazə proseduru tətbiq olunur.
 
Bildirilir ki, "Rusiya Federasiyası istisna olmaqla, üçüncü ölkədən təbii qaz idxalı dəqiq müəyyən edilmiş şərtlər altında əvvəlcədən icazə tələbindən azad edilə bilər".
 
Bu şərtlər "üçüncü ölkə təbii qaz hasilatçısı olarsa, 2024-cü ildə Birliyə 5 milyard kubmetrdən çox təbii qaz ixrac edərsə, Rusiya qazının idxalını qadağan edərsə və ya Rusiya qazına qarşı digər məhdudlaşdırıcı tədbirlər tətbiq edərsə" yerinə yetirilmiş hesab olunur. Bu şərtlərə həmçinin üçüncü ölkənin "LNG və ya boru kəməri qazının idxalına imkan verəcək qaz infrastrukturunun olmaması" vəziyyəti də daxildir.
 
Qayda sabahdan - yəni 11 fevral 2026-cı ildən qüvvəyə minəcək.
 
Qeyd edək ki, AK-nin qaydasında son 5 ildən çox müddətdə Aİ-yə qaz ixrac edən Azərbaycan əvvəlcədən icazədən azad edilməyib. İcazə üçün qoyulan şərtlər Bakının belə icazəni əldə etməsini mümkünsüz hala gətirir, yaxud uzunmüddətli prosedurların həyata keçirilməsini tələb edir. Belə ki, Azərbaycanın Rusiyadan qaz idxalına imkan verən boru kəməri - Qazıməmməd-Hacıqabul qaz kəməri var. Bu kəmərlə son illərdə kiçik miqdarda Rusiya qazı idxal olunur. Azərbaycanın Rusiyadan qaz asılılığı mövcud deyil, lakin oradan qaz idxalını qadağan etməsi üçün səbəb də yoxdur. Bu baxımdan, icazə proseduru bilavasitə Azərbaycanın Avropaya qaz ixracına qarşı yönəlmiş qayda hesab oluna bilər.
 
Xatırladaq ki, bundan əvvəl Aİ Azərbaycan və Türkiyədən nəql olunacaq qazın Rusiya mənşəli olmadığına dair arayışın verilməsinə dair qərar qəbul edib.  Avropa Birliyinin Rəsmi Jurnalında dərc edilmiş Aİ Şurasının qaydasına əsasən hər iki ölkə Bolqarıstan sərhədindəki kompressor stansiyalarından biri vasitəsilə Aİ ərazisinə çatdırılan qazın Rusiya mənşəli olmadığını sübut etməli olacaqlar.
 
Söhbət Türkiyə ilə Bolqarıstan sərhədində yerləşən Strandja-1/Malkoçlar qaz ötürmə məntəqəsindən gedir. Avropa Qaz Ötürücü Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatına görə, 2025-ci ildə bu məntəqə vasitəsilə Bolqarıstana 1,9 milyard kubmetr qaz tədarük edilib. Azərbaycandan nəql olunan, TAP-la ötürülməsi mümkün olmayan qaz həcmləri Transbalkan qaz kəməri ilə bu məntəqədən Bolqarıstana çatdırılır.
 
İndi isə Avropa Komissiyası bilavasitə TAP-la nəql olunan qazın Aİ ərazisinə idxalına maneə yaradıb.
 
Xatırladaq ki, 2022-ci ilin iyulunda - Rusiya Avropanı qaz böhranında boğarkən fon der Lyayen Bakıya gəlib qaz istəyib, Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirib və Enerji Memorandumu imzalayıb. Həmin memorandumda TAP kəmərinin ötürücülük gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulurdu. Həmin il Azərbaycan verdiyi sözün üstündə duraraq Avropaya qaz nəqlini mümkün olan qədər artırdı. İndi isə üstündən 3 il keçəndən sonra Aİ Azərbaycanın etibarlı tərəfdaş imicinə ağır zərbə vuraraq, sübuta yetirilməyən, heç bir dəlil olmadan irəli sürülən iddialara əsaslanaraq Bakıdan göndərilən qazın Aİ ərazisinə daxil olmasını əngəlləyir.
 
Qeyd edək ki, hazırda son onilliyin ən sərt qışı fonunda Avropanın qaz anbarları 35 faizə yaxın qaz ehtiyatına malikdir. Lakin Azərbaycan qazının mühüm hissəsini alan İtaliya və Bolqarıstanda ehtiyatlar qış mövsümündən çıxmağa imkan verəcək həddədir. Son məlumata görə, İtaliya anbarlarında 53 faizdən yuxarı, Bolqarıstanda isı 50 faiz qaz ehtiyatı var. Bu isə Azərbaycandan idxalın müəyyən müddətə dayanması şəraitində hər iki ölkənin çətinlik çəkməməsinə imkan  verəcək.
 
 
 
Enerji məsələləri üzrə ekspert İlham Şabanın Musavat.com-a dediyinə görə, 2025-ci ildə Rusiyadan cəmi 21,3 milyon kubmetr qaz idxal etmişik: “Bunlar da fevral-mart aylarına təsadüf edib. Apreldən Azərbaycan Rusiya qazı almayıb. Bu, vacib və hüquqi cəhətdən həssas bir məsələdir. Sualınıza qısa cavab budur: bəli, Azərbaycan (Aİ-nin "ağ siyahısında" olmayan digər ölkələr kimi) öz qazının mənşəyinə dair əlavə sübut təqdim etməli olacaq.
Onu deyim ki, bu, Azərbaycan qazına qadağa demək deyil. Əksinə, Aİ Cənub Qaz Dəhlizi vasitəsilə tədarükü artırmaqda maraqlıdır. Lakin Azərbaycan təchizatçıları üçün bürokratik yük və şəffaflıq tələbləri indi Amerika və ya Norveç təchizatçılarından daha yüksək olacaq.
Bəs Aİ niyə belə bir addım atır? Aİ ölkələri Rusiya qazının tədricən dayandırılması planlarını 1 mart tarixinə qədər hazırlamalı olduqları üçün, onlar qarşı tərəflərindən (o cümlədən SOCAR-dan) qazın "təmiz" olduğuna dair hüquqi zəmanət tələb etməkdə maraqlıdır.
Gəlin bu rüqlamentin təfərrüatlarını araşdıraq. Aİ-nin yeni qaz idxalı reqlamentinin tənzimləməsinin əsas məqsədi Rusiya qazının üçüncü ölkələrdən yanacaq kimi gizlədilmiş şəkildə Avropa bazarına daxil olmasının qarşısını almaqdır. Norveç, ABŞ və Qətər kimi Aİ-yə "ağ" qaz təchizatçılarının siyahısı standart olaraq "etibarlı mənbə" kimi tanınır. Onlar hər bir qaz molekulunun mənşəyini sübut etməyə məcbur deyillər, çünki öz resurslarının Rusiya qazı ilə əvəz etmək riski minimaldır və ya texniki cəhətdən mümkün deyil.
Azərbaycan isə Aİ-nin strateji tərəfdaşıdır, lakin məcburi hesabatdan azad olan ölkələr siyahısına daxil edilməyib. Bunun səbəbi, Azərbaycanın Rusiya ilə qaz nəqli infrastrukturunun (1981-ci ildə tikilmiş Mozdok-Hacıqabul magistral qaz kəməri) olmasıdr və həmçinin SOCAR-la "Gazprom" şirkəti arasında "swap" müqavilələsinin (qaz mübadiləsi) mövcudluğudur.
 
Bu baxımdan da, təchizatçılardan qazın xüsusi olaraq Azərbaycan yataqlarından çıxarıldığını təsdiqləyən hesabatlar təqdim etmələri tələb olunacaq. Aİ həmçinin Rusiya qazının Avropaya nəql sisteminə qarışdırılmadığından əmin olmaq üçün nəql marşrutlarının auditini tələb edə bilər (əslində formal bir şeydir)”.
 
Ekspertə görə, bu prosedurlardan keçməyimiz ilk növbədə Azərbaycanın qaz bazarında şəffaflığın artırılmasına xidmət edəcək bir hadisə ilə yekunlaşar: “Bunun nəticəsində Azərbaycanın nümunəvi qaz təhcizatçısı kimi Avropa İttifaqında reputasiyası daha da güclənər və bundan sonra nə Qərbdə, nə Şərqdə, nə də kimdəsə heç bir şəkk-şübhə qalmaz ki, satdığımız mavi yanacaqda zərrə qədər də "rus izi" yoxdu”.

Baxış sayı: 217 | Tarix: 10.02.2026
Bizi Telegramda izləyin: @repostaz