Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) 2020-ci ilin ikinci yarısında neft qiymətlərinin bir barel üçün 40 ABŞ dolları ətrafında dəyişəcəyini düşünürlər.
 
RePost.Az-ın məlumatına görə, bunu Əlcəzairin Energetika naziri Məhəmməd Akrab deyib.
 
Qeyd edək ki, M. Akrab 2020-ci ilin dekabrına qədər OPEC konfransının prezidenti vəzifəsini icra edir.
 
Onun sözlərinə görə, bir həftə əvvəl ciddi bir azalmadan sonra "bazarlar müsbət siqnallar verməyə başladı". Proqnoza görə, may-iyun aylarında "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) yeni razılaşmasının icrası nəticəsində dünya qiymətləri orta hesabla 35 dollaradək artacaq.
 
Qeyd edilir ki, "OPEC+" ölkələrində iri neft şirkətləri ümumiyyətlə hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.
 
Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
 
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Baxış sayı: 3371 | Tarix: 27.04.2020
Bizi Telegramda izləyin: @repostaz