"İndiki böhran vəziyyətində pensiyalar və əməkhaqqılar ən azı iki dəfə artırılmalıdır”.

Bunu deputat Qüdrət Həsənquliyev parlament komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib. 

"Mən builki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq üç dəfə azalıb", – deyə, o, əlavə edib.

Deputat bildirib ki, ötən illərdəki büdcə müzakirələrində o və bəzi həmkarları daim Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqqət çəkib, hökuməti tədbirlər görməyə çağırıb: "Amma bizə deyirdilər ki, hər şey əladır, gözəldir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Pribaltika ölkələrinin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şey deyir”.

Q.Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib:"Pensiyalar və əməkhaqqılar ən azı iki dəfə artırmaq lazımdır. Ön xəttəki hərbçilərin maaşını da artırmalıyıq”.

O bildirib ki, QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir: "Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”.

Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: "Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin edilməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın”.

RePost.Az


Baxış sayı: 2364 | Tarix: 02.12.2016
Bizi Telegramda izləyin: @repostaz