Açar tezislər:

· Azərbaycanın TDT-nin hərbi-iqtisadi inteqrasiyasında "birləşdirici həlqə" olduğu üçün dezinformasiya hücumlarına məruz qalır.

· Vaşinqtonda sülh sazişinin paraflanması xarici qüvvələri regionda manipulyasiya etmək üçün istifadə etdikləri əsas rıçaqdan məhrum etməsi Azərbaycana qarşı qıcıq yaradıb.

· Aİ-nin Rusiya qazından imtina strategiyası,Azərbaycanı kritik əhəmiyyətli və alternativsiz qaz təminatçısına çevirməsi rəqabəti və siyasi təzyiqləri artırır.

· Azərbaycanın Yaxın Şərq proseslərində aktiv iştirakı, Körfəz ölkələri ilə strateji əməkdaşlığı və "Sülh Şurası"na üzvlüyü ölkənin yeni geosiyasi statusunu təsdiqləyir, paralel olaraq beynəlxalq təzyiqləri də tətikləyir.

· Siyasi rəhbərliyə qarşı yönələn şantaj cəhdləri dövlətə xəyanət və ya hüquqi pozuntu faktlarına əsaslanmadığı üçün “qara PR”, şantaja boyun əyməmək isə milli maraqların üstün tutulması və yüksək siyasi immunitetin göstəricisidir.

 

Artıq xeyli müddətdir ki, Azərbaycana və siyasi rəhbərliyə qarşı dezinformasiya təzyiqlərinin göstərildiyi müşahidə olunurdu. Davosda Sülh Şurasının yaradılmasından sonra isə belə təzyiqlərin daha da artmasını müşahidə edirik. Belə görünür ki, xalqlar və dövlətlər üçün çox təhlükəli bir tarixi dövrdə informasiya savaşı cəbhənin ön xəttini təşkil edir. Ön xətti saxlaya bilən vəziyyətə nəzarət edə biləcək.

 

Azərbaycana dezinformasiya hücumlarının geosiyasi səbəbləri:

  1. TDT-nin “birləşdirici həlqəsini zəif bəndə çevirmək” cəhdləri

Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi və hərbi inteqrasiyasının güclənməsi, təhlükəsizlik sahəsində eyni mövqedən çıxış etməsi təbiidir ki, alternativ geosiyasi iddiaçıların narahatlığına səbəb olur.

 

2025-ci il oktyabrın 7-də Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev 2026-cı ildə üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlər keçirməsini təklif etdi.

Azərbaycan və Türkiyə hərbi müttəfiqliyinin ardınca, Bakı və Astana, Azərbaycanla Mərkəzi Asiyanın müdafiə və təhlükəsizlik sahəsində inteqrasiyasının lokomotivləri oldular. 2024-2025-ci illərdə Orta Dəhlizin bu iki aparıcı ölkəsi 4 dəfə ikitərəfli, 1 dəfə isə Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriblər. İndi, 1. Azərbaycan–Türkiyə, 2. Azərbaycan-Qazaxıstan, 3. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə hərbi təlimlərindən sonra 4-cü səviyyə-mərhələdə bütün TDT ölkələrinin birgə hərbi təlimləri gözlənilir.

 

2025-ci ilin sentyabrında Bakıda keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli xüsusi təyinatlı qüvvələrin təlimində Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Qətər hərbçiləri iştirak etmişdilər.

Gözümüzün qarşısında addım-addım Avrasiyada aparıcı mövqeyə sahib olacağı proqnozlaşdırılan yeni bir geosiyasi, iqtisadi və hərbi güc mərkəzi formalaşmaqdadır. Azərbaycan bu qlobal təsir potensialına malik güc mərkəzinin “birləşdirici həlqə”sidir. Odur ki, rəqib güc mərkəzlərinin bu “birləşdirici həlqəni zəif bəndə çevirmək” cəhdləri gözlənilən idi.

  1. 8 avqust Vaşinqton sammiti: Ermənistanla sülhə doğru əsas addım

2025-ci ilin 8 avqustunda Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanması iki Cənubi Qafqaz ölkəsi arasında münaqişədən geosiyasi divident götürən qüvvələri çox ciddi bir təsir rıçağından məhrum etdi. Bakı və İrəvan arasında düşmənçilik bir geosiyasi resurs olaraq gündəlikdən çıxaraq ləğv olundu, Cənubi Qafqazın geosiyasi təhlükəsizliyi möhkəmləndi. Elə bunun nəticəsidir ki, müxtəlif istiqamətlərdə, o cümlədən də Avropa Şurasında hələ də Ermənistanla Azərbaycan arasında gərginliyi artırmağa çalışan qrupların fəallığı müşahidə olunmaqdadır.

 

  1. Davos sammiti və Sülh Şurasında üzvlük: Azərbaycanın milli maraqları Yaxın və Orta Şərq düzənində

Yaxın və Orta Şərqin yenidən formatlanmasında Azərbaycan nəinki iştirak edir, ölkəmiz və Prezident İlham Əliyev bu kampaniyada bir neçə aparıcı liderdən biridir.

Azərbaycan Prezidentinin bu gərgin dövrdə İran Prezidentinə zəngi və “gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu” bildirməsi son onilliklərin ən böyük və təhlükəli hərbi qarşıdurmasının nizamlanmasında Azərbaycanın malik olduğu rıçaqların nə qədər təsirli olduğunu göstərir. Prezidentlər arasındakı telefon söhbəti zamanı müzakirə olunan mövzular göstərir ki, münasibətlərdə etimad və güvən var.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın təkcə BƏƏ ilə deyil, bütövlükdə Körfəz ölkələri ilə münasibətlərinin səviyyəsini göstərir. Körfəz ölkələri ilə Türk Dövlətləri Təşkilatı arasında institusional əməkdaşlığın qurulması, Mərkəzi Asiya, Azərbaycan və Körfəz ölkələri arasında yeni və daha geniş iqtisadi əməkdaşlıq formatının yaradılması Prezident İlham Əliyevin regionla bağlı strateji planlarına daxildir. Prezident bu barədə 2023-cü ildə SPECA-nın Bakıda keçirilmiş sammitində vurğulamış, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) nümayəndələrini və KƏŞ-in Baş katibi Casem Məhəmməd əl-Budeyvi fəxri qonaq kimi dəvət etmişdi.

Bu, Prezident İlham Əliyevin Azərbaycanın həm Mərkəzi Asiya, həm də Körfəz regionu arasında strateji bir körpü və qovşaq rolunu gücləndirmək siyasətinin tərkib hissəsi idi. Azərbaycan və BƏƏ hərbçilərinin birgə hərbi təlimləri isə iqtisadi və geosiyasi əlaqələri müdafiə və təhlükəsizlik səviyyəsinə yüksəldilməsinin təzahürüdür.

Həm də bu ilk hərbi təlim nümunəsi deyil. Artıq qeyd etdiyimiz kimi, 2025-ci ilin sentyabrında Bakıda keçirilmiş "Sonsuz qardaşlıq - IV" çoxmillətli xüsusi təyinatlı qüvvələrin təlimində Qətər hərbçiləri də Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan hərbçiləri ilə birlikdə iştirak etmişdi. Körfəz ölkələri ilə yaşıl enerji, neft-qaz sahələrində strateji investisiyalarla yanaşı birgə hərbi təlimlər TDT ilə Körfəz ölkələrinin Yaxın və Orta Şərq planlarında müttəfiqliyinin möhkəm təməli ola bilər. Azərbaycan Prezidentinə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması artıq müttəfiqliyin baş tutmasının, aparılmış siyasətin qlobal təhlükəsizliyinin ən kritik mərhələsində arzuolunan nəticələri verməsinin parlaq nümunələrindən biridir.

Əqli nəticə ondan ibarətdir ki, Azərbaycan Yaxın Şərqin ən mühüm mövzusu olan İran-ABŞ, İran–İsrail qarşıdurmasında vacib faktorlardan biri kimi öz diplomatik missiyasını yerinə yetirməkdə və çox mürəkkəb, həlledici bir tarixi məqamda öz milli maraqlarını yeni düzənə inteqrasiya etmək niyyətindədir. Sülh Şurasında üzvlük yeni bir geosiyasi statusdur və 44 günlük müharibədən sonra yaranmış yeni şərtlərin Yaxın və Orta Şərq miqyasında təsiridir. Azərbaycanın Yaxın və Orta Şərqin nizamlanmasında yeganə beynəlxalq koalisiya olan Sülh Şurasında iştirakı əlbəttə ki, dezinformasiya və şantaj təzyiqlərinin artmasını tətikləyir.

  1. Azərbaycan qazı Avropa bazarında: alternativsiz mənbə

Bundan əlavə, Azərbaycan qazı Avstriya və Almaniya bazarına da daxil olaraq Avropanın ən böyük bazarında özünə yer edir. Avropa İttifaqının tədricən Rusiya qazından imtina haqqında Avropa Parlamenti və Şurasının yanvarın 26-da qəbul etdiyi və fevralın 03-də qüvvəyə minmiş Aİ Reqlament 2026/261 də Azərbaycan qazının Avropa bazarlarında mövqeyini daha da gücləndirəcək.

Belə ki:

  1. Kritik Stranca1/Malkoçlar qovşağı Türkiyədən Bolqarıstana, oradan da Şərqi Avropanın başqa ölkələrinə Azərbaycan qazını nəql edən bir infrastrukturdur.
  2. Rusiya qazından tam imtina strategiyası olan Reqlamentdə başqa alternativlərin axtarışı nəzərdə tutulsa da, hələlik, Azərbaycan yeganə kritik vacib qaz təminatçısı, Türkiyə isə əsas tranzit habı kimi təqdim olunur. Bununla belə Reqlament Rusiya qazının alınıb-satılmasına sərt nəzarət tətbiqini nəzərdə tutur. Belə ki, qaz təminatçıları məhsulun Rusiyadan alınmadığına dair sübutlar təqdim etməlidir. Azərbaycan və Xəzər qazından başqa alternativlər isə ABŞ və sıxılmış qaz mənbələridir. Sübuta ehtiyac yoxdur ki, bu halda Azərbaycandan gedən təbii qaz ən rəqabətqabiliyyətli məhsul kimi bazara çıxır.

Avropa Parlamenti və Şurasının 2026/261 Reqlamenti Azərbaycanın Avropa İttifaqı üçün onsuz da kritik olan əhəmiyyətini qat-qat artırır. Bu da dünyanın ən varlı bazarında həm xarici, həm də daxili rəqiblər arasında rəqabəti gücləndirir. Elə bu səbəbdəndir ki, Avropa Şurasının qış sessiyasını anti-Azərbaycan kampaniyaya çevirmək üçün cəhdlər edilir. Məqsəd Azərbaycanla Avropanın qaz ticarətinə siyasi problemlər yaratmaqdır. Paralel olaraq Azərbaycanın siyasi rəhbərliyinə qarşı dezinformasiya vasitəsilə siyasi təzyiq göstərilir.

  1. Şantaja boyun əyməmək qəhrəmanlığı

Şantaj kimi istifadə olunan resurslara gəldikdə isə onların təsir gücünü qiymətləndirmək üçün konkret standartlar var. Şantaj kimi istifadə olunmasına cəhd göstərilən resurslarda:

  • Vətənə xəyanət faktları yoxdursa;
  • Milli maraqlar əleyhinə gizli sövdələşmələr yoxdursa;
  • Hüquqi legitimliyin itirilməsinə səbəb ola bilən sübutlar yoxdursa;
  • Dövlət və milli təhlükəsizliyə təhdid ola biləcək arqumentlər yoxdursa;
  • Cəmiyyət üçün təhlükə yaradan davranışlara dair məlumatlar yoxdursa;

 

Deməli, şantaj kimi istifadə edilməsinə cəhd olunan resurslar “qara piar”dan başqa bir şey deyil, "şəxsi həyatın toxunulmazlığına qəsd" cəhdidir. Şantaj materialı hüquqi legitimliyə təsir edə bilmirsə, dövlət təhlükəsizliyinə təhdid yaratmırsa, cəmiyyət üçün təhlükə deyilsə, şantaj olunan şantajçıya boyun əymirsə, bunu "boş atəş" və ya "siyasi immunitetin testi” kimi xarakterizə etmək olar.

Şantaj materialı hüquqi, dövləti və ictimai əhəmiyyət kəsb etmədiyi, şantaj olunmasına cəhd edilən tərəf də geri çəkilmədiyi halda, bu “siyasi immunitetinin” çox yüksək səviyyədə olmasının göstəricisidir. Bu o deməkdir ki, şantaj olunmasına cəhd göstərilən şəxsin mənəvi və siyasi üstünlüyü var.

Başqa tərəfdən, şantaj cəhdi, şantaj olunanın şantajçıya boyun əyməməsinin, öz prinsipial mövqeyindən geriyə çəkilməməsinin sübutudur. Bu, şantaj olunanın gözündə həmin materialın onun dəyərlər sistemindən, qarşısına qoyduğu missiyadan daha aşağı olduğunu göstərir. Şantaj qarşısında geri çəkilməmək milli maraqları, üzərinə götürdüyün missiyanı, vəzifə borcunu “şantaj təhdidi”ndən daha vacib saymaq nümunəsidir.

Əgər “şantaj materialı”nda cəmiyyət və dövlət üçün təhlükə yoxdursa, bu material sadəcə "şəxsi həyatın toxunulmazlığına qəsd" kimi qiymətləndirilir və bu zaman mexaniki olaraq şantajçı cinayətkara çevrilir.


Baxış sayı: 331 | Tarix: 05.02.2026
Bizi Telegramda izləyin: @repostaz