Yol polisi deputat Razi Nurullayevi saxlayıb.
 
RePost.Az xəbər verir ki, bu barədə millət vəkili “Facebook” səhifəsində yazıb:
 
"99 YP 172 nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi.
 
Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.
 
Deyirəm, mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı, deyəsən. Baxırıq, yanır. Nömrə üzərinə düşən işıq zəifdir.
 
Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa, sənəd göstərsin. Sözün və filmin sonu.
 
Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə.
 
Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də.
 
Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.
 
Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər.
 
Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.
 
Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm".
 
Yol polisi ilə deputat Razi Nurullayev arasında yaranmış mübahisəli məsələ hazırda araşdırılır.
 
Bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib.
 
“Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Həmin ərazidə və qeyd edilən avtomobildə olan videokameralara da baxış keçiriləcək. Görək maşın hansı səbəbdən saxlanılıb və orada nə söhbət gedib.
 
Əgər əməkdaşımız tərəfindən hansısa qanunazidd hərəkətlər aşkarlanarsa, sözsüz ki, onun haqqında müvafiq tədbirlər görüləcək”, - deyə Kamran Əliyev bildirib.
 
Yol polisi deyir ki, deputatlar da yol polisinə sənəd təqdim etməlidirlər:
 
“Yazıda Millət vəkili bildirir ki, polis əməkdaşı ondan sənəd tələb edib. Yol polisi əməkdaşı deputatların hamısını tanıya bilməz. Yaxud deputatın maşınını sürücü, yaxud hansısa yaxını da idarə edə bilər.
 
Polis əməkdaşının deputatdan sənəd göstərməyi tələb etməsində qeyri-adi hal yoxdur. Burada polisin kimdənsə rüşvət istəməsi halı da yoxdur.
 
Hər bir sürücü kimi Millət vəkili də ən azından deputatlığı təsdiq edən sənədi göstərməlidir ki, həmin əməkdaş da bu adamın, həqiqətən də, deputat olduğunu bilsin. Ola bilər ki, avtomobil hərəkəti zamanı hansısa şübhə doğura bilər. Ola bilər, həqiqətən də, maşının xarici işıqlarında hansısa nasazlıq müşahidə edilib”.

Baxış sayı: 2364 | Tarix: 08.09.2020
Bizi Telegramda izləyin: @repostaz