Danışdığımız ünvana çatıb müsahibimlə əlaqə saxlayıram. Qapını bizə Kəmalə Paşayevanın özü açır. İçəri girəndə otaqda ilk olaraq Qənirə Paşayevanın fotosu ilə qarşılaşıram. Bir az söhbətləşdikdən sonra mərhum deputatın anası Tehran Nağıyeva bizimlə görüşməyə gəlir. Əslində onunla da bir az söhbətləşmək istəsəm də, yarasını qanatmaq istəmirəm... O əsnada Kəmalə xanımla da söhbətə necə başlayacağım haqqında düşünməyə başlayıram. 
 
Haşiyə: Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 
 
1998-ci ildən 2005-ci ilə qədər ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. 
 
2005-2023-cü illərdə Milli Məclisin deputatı olub.
 
2023-cü il sentyabrın 24-də komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib. Həmin ayın 28-də müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində 48 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
 
“Yeni Sabah” mərhum deputat, ictimai-siyasi xadim, jurnalist Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ilə müsahibəni təqdim edir. 
 
- Qənirə Paşayeva necə bacı idi?
 
- Elə insanlar var ki, həyata bir missiya üçün gəlirlər. Fərqi yoxdur, bacıdır, övladdır, qohumdur və ya dostdur. Onların əsas missiyası başqasına kömək etmək və insanlara qarşı fədakarlıq etməkdir. Həmin insanlar hər zaman başqalarının yaxşılığı üçün çalışırlar. Qənirə xanım da elə idi. Tək ailədə yox, o, hər kəsə qarşı qayğıkeş, mərhəmətli  və fədakar idi. Onun insani dəyərləri çox yüksək idi.
 
- Qənirə xanım çox vaxt xarici səfərlərdə və xeyriyyə tədbirlərində iştirak edirdi. Ailə olaraq tez-tez bir yerə yığıla bilirdiniz? Görüşəndə nələr haqqında danışırdınız?
 
- Qənirə xanım gənc yaşından çalışqan idi. Azərbaycan Tibb Universitetində təhsil almışdı. Lakin peşəsinin arxasınca getmədi. O, jurnalistika fəaliyyətinə başladı. Həmin dövr ölkəmiz üçün çox ağır illər idi. Torpaqlarımızın 20 faizi erməni işğalı altında idi, 1 milyona yaxın qaçqın və məcbur köçkün vardı, yenicə atəşkəs əldə olunmuşdu, Azərbaycanda yenidənqurma işləri aparılırdı. Çox gənc yaşlarından özünü işinə fəda etdi. Ona görə də onu tez-tez görə bilmirdik. Ailə olaraq bu vəziyyətə artıq alışmışdıq. Hamımız anlayırdıq ki, o, tək evimizin bir qızı deyil, vətənimizin layiqli övladıdır. Biz onu bu cür qəbul etmişdik. Təbii ki, bir bacı olaraq xatırlayanda onunla doyunca vaxt keçirmədiyim üçün kədərlənirəm. Biri-birimizə sevgimizi və dərdimizi doyunca hiss etdirə bilmədik. Digər yandan da onun kimi bacım olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Qənirənin gördüyü işlər mənimlə zaman keçirməsindən daha dəyərli idi.
 
- Tibb sahəsində təhsil alan Qənirə Paşayeva necə oldu ki, jurnalistikaya maraq göstərdi? Çünki bunlar çox fərqli sahələrdir...
 
- Qənirə xanım uşaqlıqdan jurnalist olmaq istəyirdi. Hər zaman ədəbiyyata və oxumağa meyilli idi. Orta məktəbdə təhsil aldığı illərdə məktəb qəzetində fəaliyyət göstərirdi. Bu da onun yazarlıq qabiliyyətinin yüksək olduğunu göstərirdi. Onu həkimliyə yönləndirən anam idi. Anamın arzusunu gerçəkləşdirmək üçün tibb təhsili aldı. Universitetə qəbul olanda heç 16 yaşı tamam olmamışdı. Onun universitet illəri Birinci Qarabağ müharibəsi dövrünə təəssadüf edirdi. O da həmin dövrdə “ANS”də işləməyə başladı. Beləliklə də arzularına çatmış oldu. Universitetdən də aldığı diplomu anama hədiyyə etdi və öz istəyinin arxasınca getdi. Düşünürəm ki, jurnalistika sahəsində də kifayət qədər uğurlu oldu.
 
- Bəs ananız onun bu seçimini necə qarşıladı?
 
- Anam da bu reallıqla razılaşdı. Qəbul etdi ki, Qənirə xanım öz arzusunu gerçəkləşdirdi. Bəzən anam peşimançılığını da dilə gətirir. Deyir ki, Tibb Universitetinə qəbul olmaq da, oxumaq da çox çətin idi. Bilsəydim ki, jurnalistikaya bu qədər marağı var, ona belə əziyyət verməzdim. Amma mən düşünürəm ki, Qənirə xanımın Tibb Universitetində aldığı təhsil onun fəaliyyətinə böyük rol oynadı.
 
- Bəli, biz də Qənirə Paşayevanın bir müddət həkim qismində Somalidə fəaliyyət göstərməsi və yerli sakinlərə yardım etməsi haqqında məlumatlarla tanışıq...
 
- Bəli. Qənirə xanım Əfqanıstanda və İraqda da olub. İllik məzuniyyət dövründə də Somaliyə getmişdi. Oraya gedəndə artıq deputat idi və Somaliyə həkim qismində getmişdi. Orada uşaqlar infeksion xəstəliklərdən əziyyət çəkirdi. Onları müalicə edirdi. Bir ay orada qaldı. Sonra geri qayıtdı.
 
- Qayıdandan sonra gördükləri haqqında nələr danışırdı? Hansı hislər keçirirdi?
 
- Çox şeylər danışırdı. Qənirə xanıma hər zaman deyirdim ki, sən bundan öncəki həyatında dərviş olmusan. Orada baş verənləri görüb deyirdi ki, biz millət olaraq şükr etməyi bacarmırıq. Uşaqların necə əziyyət çəkdiklərini, aclıqla mübarizə apardıqlarını, susuzluq və həyatla bağlı savaşlarını görüb çox kədərlənmişdi, bunları danışanda da eyni hisləri keçirirdi. Belə bir mühitdə yaşadığımız üçün bizi çox şanslı hesab edirdi. O, şükr etməyi bacaran insan idi.
 
- Bəs getdiyi səfərlərin və iştirak etdiyi xeyriyyə tədbirlərinin xərclərini necə həll edirdi?
 
- Təbii ki, əsas dəstəyi dövlətdən alırdı. Millət vəkili kimi işlədiyi dövrdə də insanlıq onun üçün hər şeydən öndə idi. Heç vaxt status istəyi olmayıb. Əsas düşüncəsi də o idi ki, mən insanam və insanlara kömək etməliyəm. Təbii ki, öz imkanları daxilində və dövlətin dəstəyi ilə bütün bunları edirdi. Eyni zamanda Azərbaycanın çox xeyirxax və imkanlı insanları da var. Bir çox layihələrə onları da dəvət edirdi. Həmin insanlar da ona dəstək verirdilər.
 
- Sizləri də qoşurdumu bu xeyriyyə tədbirlərinə, yoxsa hamısını özü edirdi?
 
- Hamımızı qoşurdu. Qohumlardan kimin əli nəyə çatırdısa, o sahədə kömək istəyirdi. Bəzən deyirdim ki, bir gün hamı səni “blok”a atacaq. Başda da mən. Günü bu gün də bəzən zəng gəlir ki, sizi filan universitetdən narahat edirik. Bəzi tələbələrin ödənişini istəyirlər. Deyirəm ki, özü gedib, lakin izləri hələ də buradadır. Təşkil etdiyi sərgilərə belə hamımızı dəvət edirdi. Hər kəsə dəstək olmağa çalışırdı.
 
- Bir bacı olaraq Qənirə Paşayevanın ən yaxınında olan insanlardan biri idiniz. Onunla bağlı yaddaşınızda qalan ən xoş və ən kədərli xatirəniz hansıdır?
 
- Kədərləndirən ən əsas şey odur ki, Qənirə xanım uşaqlığından ömrünün sonuna qədər heç vaxt özü üçün yaşamadı. Hər zaman ailəsi, bacısı, qardaşı, dostları, yoldaşları hər şeydən öndə gəlirdi. Özünə vaxt ayırmazdı. Oxumağı çox sevirdi. Heç vaxt onu uşaqlarla oynayan, toya gedən, gəzintiyə çıxan, istirahət edən görməzdiniz. Bütün boş vaxtlarını kitablara həsr edirdi. Uşaqlığını doyunca yaşamadığı üçün üzülürəm.
 
Xoş xatirələr isə ondan ibarətdir ki, bizim valideynlərimiz müəllimdir, ziyalı ailənin övladlarıyıq. Bütün bunlara baxmayaraq mənim müəllimim Qənirə xanım olub. O, tək sözləri ilə deyil, həyat fəlsəfəsi ilə insana çox şey öyrədirdi. Onun vəfatından sonra belə mən ondan çox şey öyrəndim. Bacı olsaq da fərqli tərəflərimiz çox idi. Lakin o, vəfat edəndən sonra anladım ki, Qənirə xanım həyatı nə qədər doğru yaşayırmış. Bəlkə də o, həyatda olsaydı, mən bütün bunları dərk edə bilməzdim.
 
- Bəs ailə arasında, məcislərdə necə insan idi? Kənardan çox zəhmli görünürdü...
 
- Heç elə biri deyildi. Çox deyib-gülən, əyləncəli bir insan idi. Sadəcə bu şeylərə vaxtı olmurdu. Onun yeri doğrudan da boş qalıb. Hər dəfə deyirik ki, Qənirə xanım olsaydı onu belə edərdik, bunu elə edərdik. Ondan sonra demək olar ki, çox az görüşürük. Xeyirdən, şərdən uzaq qaldıq. Yoxluğunu çox hiss edirik.
 
- Ən çox hansı anlarda deyirsiniz o bəlkələri, kaşkiləri?
 
- Qənirə xanım çox bağışlayan insan idi. Mən onun kiməsə kin tutduğunu görməmişəm. Əsas şüarı ondan ibarət idi ki, ölümlü dünyadır, niyə kin tutaq? Kinin bir yük olduğunu deyirdi. Xeyirin şər üzərində qələbəsini hər zaman ədəbiyyatdan oxuyurdum. Lakin bütün bunları ondan sonra anladım. Ömrü verən Allahdır. Yaşadığın ömrü gözəl yaşamaq lazımdır.
 
- Neçə yaş fərqiniz var idi?
 
- Qənirə xanım məndən 6 yaş böyük idi. Başqa 2 qardaşımız da var.
 
- Ailə qurmamasının səbəbi nə idi?
 
- Onun gənclik dövrü müharibə vaxtına təsadüf edirdi. Həmçinin həmin dövrdə o aktiv jurnalistika fəaliyyəti ilə məşğul idi. İşini hər şeydən üstün tuturdu. Ailə qurarsa, işlərində çətinlik yaşayacağını düşünürdü. Bu da onun seçimi idi. Qənirə xanım öz peşəsi ilə evli idi.
 
- Bəs valideyinləriniz onun bu qərarını necə qarşılayırdı?
 
- Bizim valideynlərimiz liberaldırlar. Yəni övladlarına heç vaxt hansısa mövzuda təziq göstərməyiblər. Təbii ki, hər valideyn övladının xoşbəxt olmasını istəyir. Bəzən söz açılanda deyirdilər ki, evlən. Amma heç vaxt məcbur etməyiblər. Qərarlarına hörmətlə yanaşırdılar.
 
- Mənəvi qızı haqqında bir az danışa bilərsinizmi? Necə olmuşdu ki, belə bir qərar vermişdi?
 
- Bu barədə məndən çox soruşurlar. Qənirə xanım evində saxlasa da, saxlamasa da qız uşaqlarına qarşı çox həssas idi. Onların oxuyub həyatda bir yer tutmaları üçün çox çalışırdı. Atasız-anasız və ya maddi imkanları zəif olan ailələrin övladlarına dəstək olurdu. Evində saxlamasa belə bir əli üstlərində idi. Onlardan yalnız birini yanında saxlayırdı. O qız da oxudu, universiteti bitirdi. Artıq ailə də qurub, övladı da var. Kənarda olan uşaqlara da hazırda dəstək oluruq. Hər zaman da yanlarındayıq.
 
- Həmin xanımla hələ də əlaqələriniz varmı?
 
- Bəli, görüşürük, əlaqələrimiz var. Ailə olaraq əlləri çörəyə çatana qədər də hamısının yanındayıq.
 
- Bəs ailəsi var idimi Firuzənin? Ya uşaq evindən götürülmüşdü?
 
- Ailəsi var idi. Sadəcə olaraq maddi vəziyyətləri yaxşı deyildi. Qənirə xanım da ona bacardığı hər dəstəyi göstərirdi. İndi biz də yanlarındayıq.
 
- Şəxsi əşyalarını harada saxlayırsınız?
 
- Öz evindədir bütün əşyaları. Bəzilərini Milli Azərbaycan Tarixi Muzeyinə verdik. Medalları və diplomlarını bizdən istədilər. Ona görə onları muzeyə bağışladıq.
 
- İndi həmin evdə kim qalır?
 
- Anam bəzən gedib qalır. Qohumlarımız gedir. Mən Azərbaycana gələndə gedib qalıram. Yayda qardaşlarım öz ailələri ilə gedir.
 
- Bu evdə hansısa əşyaları varmı?
 
- Burada xüsusi əşyaları yoxdur. 1-2 foto və kitablar var. Anam onunla qalırdı. Qənirə xanımın vəfatından sonra onu buraya köçürdük.
 
- Bir az son günləri haqqında danışa bilərsinizmi? Nəsə hiss edirdimi?
 
- Qənirə xanım ümumiyyətlə, çox tələskən insan idi. Təbii ki, insan hər zaman ölümdən qorxur. Nə qədər desək də ki, hamımız öləcəyik. Lakin bunu hiss etmək hər kəs üçün asan olmur. Qənirə xanım isə ölümü çox normal qarşılayırdı. 
 
Hər zaman tələsirdi. Demək olar ki, yatmırdı. Nə həkimə gedirdi, nə tətilə çıxırdı. Hər zaman qaçhaqaçda idi. Evdə olanda belə boş dayanmırdı. Ölümün də hər zaman gələcəyinə inanırdı. Deyirdi ki, hər insan bu dünyaya bir missiya üçün gəlir. Heç vaxt ağlıma gəlməzdi belə olacağı...
 
Son yay tətilində Türkiyəyə getmişdi. “Addım-Addım Türkiyə” filminin çəkilişlərini edirdi. Türkiyədə olsam da, bu müddət ərzində onu 2 dəfə görə bildim. Orada bəzi bölgələr çox isti, bəzilərində isə həmin dövrdə terror təhlükəsi vardı. Lakin bütün bunlara baxmayaraq o filmi çəkdi. Bu gün də televiziyada nümayiş olunur. Çox yorğun idi. Bəzi vilayətləri çəkə bilməmişdi. Sentyabrın 8-də mənə zəng vurub dedi ki, mən gedirəm. Asiya Parlament Assambleyasının iclası var idi. Dedi ki, orada iştirak edib geri qayıdacağam. Ege bölgəsini çəkmək üçün gələcəkdi. Sentyabrın 28-də komaya düşdü, xəstəxanaya yerləşdirildi. Lakin heç birimiz bunu gözləmirdik. Çünki o, nə qədər yorğun da olsa, xəstə də olsa, hər zaman ayaq üstə idi.
 
- Filmi haqqında danışdınız. Çəkə bilmədiyi bəzi kadrlar qalıb. Bundan başqa həyata keçirə bilmədiyi hansı arzusu qaldı?
 
- Qənirə xanım maraqlı fikirlər və layihələrlə dolu idi. Hər zaman yaza bilməməkdən gileylənirdi. Əminəm ki, yazmaq istədiyi çox kitablar var idi. Heç vaxt yadımdan çıxmaz. İşlə bağlı Amerikada idim. Bizim diplomatlardan biri həmin dövrdə orada işləyirdi. Mənə dedi ki, Qənirə xanım sıx qrafiklə işləyir, çox məşğul insandır, bu şeir və kitabları özü yazır? Mən onda düşündüm ki, insanın düşündüyü, yaşadığı şeyləri eyni hislərlə necə başqası yaza bilər? Mən ona dedim ki, Qənirə xanım yatmır. Hər zaman deyir ki, o dünyada yatacağıq. Hamını tənqid edirdi ki, yatırsınız deyə, heç nəyi bacarmırsınız. Həmin adam mənə inanmadı. Aradan 3-4 il keçəndən sonra o adam mənə dedi ki, Kəmalə, mən onda sənə inanmamışdım. Bir gün Qənirə xanımla San-Fransiskoya uçurdum. Türkiyədən oraya 13 saatlıq yolda mən nə vaxt gözümü açdım, gördüm ki, o nəsə yazır. Onda bildim ki, sən düz deyirdin.
 
Mən Türkiyədə yaşayıram. Yatdığım yerdə bir də baxırdım ki, gecə saat 2-də dayanmadan mesaj gəlir. Qorxurdum ki, görəsən kimə nə oldu? Baxırdım ki, yazılar göndərib. Arxasınca da zəng vururdu. Deyirdim ki, gecə saat 2-dir. Bu vaxt mən yatıram. O da mənə deyirdi ki, elə yatırsan deyə, heç nəyi bacarmırsan. Onun çox qəribə bir enerjisi var idi.
 
- Komaya düşməsinin əsas səbəbi nə idi?
 
- Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı.
 
- Bəs həqiqət necə idi? Hətta arıqlama dərmanı qəbul etdiyi üçün komaya düşdüyünü iddia edənlər də var...
 
- Yox, o arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədəkiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Sadəcə olaraq çox yorğun idi. Özünə diqqət etmirdi. Son 3 gündə də qrip olmuşdu. Anidən təziqi enmişdi, yəni bədən “Hipotonik vəziyyət”ə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki də belə oldu. Allahın yazdığı taledir. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec...
 
- Bəs onun ölüm xəbərini necə aldınız? İlk olaraq kimə məlumat verildi? Ananıza bu xəbəri necə verdiniz?
 
- Həmin vaxt hamımız xəstəxanada idik. Beş gün komada qaldı. Həmin müddətdə ailə üzvlərimiz, qohumlarımız, onun seçiciləri, jurnalistlər, dostları, bir sözlə, hamı orada idi. Həkimlər ilk xəbəri də bizə verdilər. Mediada orada olduğu üçün xəbər anında yayıldı. Hətta gəlib gedən o qədər çox idi ki, xəstəxananın bütün qapılarını bağlamışdılar.
 
- Həmin 5 günü necə xatırlayırsınız?
 
- Qənirə xanım hər zaman çox güclü olub. Həmin dövrdə Türkiyədə idim və xəbəri alan kimi Bakıya gəldim. Düşünürdüm ki, o, nələrin öhdəsindən gəlib, bu çətinliyin də öhdəsindən gələcək. Xəstəxanada yatmağını belə ona yaraşdıra bilmirdim. Heç birimiz inana bilmirdik.
 
- Qənirə Paşayeva ölümündən sonra bütün orqanlarını bağışladığını açıqlamışdı. Lakin sonra mediada məlumatlar yayıldı ki, orqanları yarasız olduğu üçün bu arzusunu reallaşdıra bilmədilər. Bu barədə nə deyə bilərsiniz?
 
- Qənirə xanım 20 il bundan qabaq bütün orqanlarını rəsmi şəkildə bağışladığını elan etmişdi. Hətta bunu bir kampaniya olaraq həyata keçirirdi. Həmin dövrdə bizim bütün ailəmiz də rəsmi şəkildə, notarial qaydada bunu etdik. Allah qorusun mən də bu gün ölsəm, orqanlarım yararlı olarsa, istifadə olunacaq. Çox təəssüf edirəm ki, biz onun bu arzusunu reallaşdıra bilmədik. Komada qaldığı üçün orqanları fəaliyyətini itirmişdi. Sonda hətta həkimlər ona orqan yetməzliyi diaqnozu da qoydular.
 
- Özü təşviq etmişdi sizlərə də bunu? Ya özünüz istəmişdiniz?
 
- Qənirə xanım təşviq etmişdi. İlk vaxtlar bunu məcburiyyət kimi qarşılamışdım. İndi deyirəm ki, yaxşı ki, etmişəm. Torpağın altında çürüməkdənsə, bir insana həyat vermək daha yaxşıdır. Məncə, bunu hər kəs etməlidir.

Baxış sayı: 1205 | Tarix: 10.03.2026
Bizi Telegramda izləyin: @repostaz