"İnternet üzərindən yayımlanan media vasitələrinin sayı günü-gündən artmaqdadır. Bu tendensiya təkcə Azərbaycan üçün xarakterik deyil. Dünyanın hər yerində ictimai fikir əsasən internet media vasitəsi ilə formalaşır".
 
RePost.Az-ın məlumatın agörə, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. O qeyd edib ki, indiki durumda bu media orqanları hüquqi münasibətlər sistemində çıxış etmirlər. Bir sıra qanunlarda və dövlət sənədlərində internet ümumi şəkildə informasiyanın yayılma arealı, ictimaiyyətə çatdırılma vasitəsi kimi nəzərdə tutulsa da, bu, yetərli deyil. Hazırkı durumda internet media yaradanlar yaxşı halda Azərbaycan Respublikasının Vergilər Nazirliyində MMC kimi qeydiyyata düşürlər. Əksəriyyət isə yalnız domen və hostinq əldə etməklə fəaliyyət göstərir. Belə olan halda onların fəaliyyətinin KİV kimi hüquqi münasibətlər sistemində, konkret olaraq məhkəmə müstəvisində mübahisələndirilməsi çətinlik yaradır. Buna görə də millət vəkili təklif edir ki, internet media müstəqil olaraq bilavasitə hüquqi münasibətlər sistemində çıxış eləsin.
 
 
"Azərbaycanda media ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir, demokratik ruhludur. Ölkəmizdə mediaya sistemli dövlət qayğısı var. Bu qayğı prezident İlham Əliyevin söz və ifadə azadlığına verdiyi böyük dəyərdir. Bu dəyər hər zaman aktualdır. Buna görə də internet media ilə bağlı məsələ cəmiyyətdə geniş müzakirə olunmalıdır. Elə mexanizm yaradılmalıdır ki, onun tətbiqi mövcud söz və ifadə azadlığını heç vəch ilə məhdudlaşdırmasın. Məqsəd məsuliyyət hissini artırmaq olmalıdır. Əgər kimsə yalnız domen və hostinq əldə etməklə internet media orqanı yaradıb kimlərinsə şəxsi həyatına müdaxilə edəcəksə, buna yol vermək olmaz. Yəqin bu sessiya müddətində mümkün olmayacaq amma istərdim ki, yaxın gələcəkdə bu məsələyə diqqət yetirək.
 
Bir müddət əvvəl internet medianın da dövlətimiz tərəfindən maliyyələşməsi məsələsini gündəmə gətirmişdim. Yenə də fikrimin üstündə qalıram. Çünki bu məsələ çox vacibdir. Düşünürəm ki, internet medianın hüquqi statusu müəyyənləşsə, biz saytların maliyyələşdirilməsi mexanizminin tətbiqində çətinlik çəkməyəcəyik", - Amaşov əlavə edib.
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 01.02.2017
Bizi Telegramda izləyin: @repostaz