Ağdamda iyunun 8-də itkin düşən şəxsin işğaldan azad edilmiş ərazidə minaya düşərək həlak olduğu müəyyənləşib.
 
RePost.Az-ın məlumatına görə, Ağdam rayonunun Seyidli kənd sakini 43 yaşlı Cəsarət Hətəmxanovun elə həmin kəndin ərazisində minaya düşdüyü bildirilib.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbirlər həyata keçirir.
 
Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində işləyib. İşlədiyi sexdən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları ilə əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə saxlamaq mümkün olmayıb.
 
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. İşğaldan azad olunan ərazilərdə ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları onun axtarışına cəlb olunub.
 
Məlumat üçün bildirək ki, C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılırdı. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunurdu.
 

Baxış sayı: 1243 | Tarix: 17.06.2021
Bizi Telegramda izləyin: @repostaz