“İran və Ermənistan arasında uzun illərdir nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr gedir. Amma otuz ildən çoxdur ki, bu layihələr sənəd üzərində qalır. İndiyədək Ermənistan və İran arasında müxtəlif sahələrə əhatə edən 180-dən çox sənəd imzalanıb. Amma bu müqavilələrin heç 10 faizi həyata keçməyib. Bu baxımdan, Ermənistan və İranın bu açıqlamalarını Azərbaycanı qıcıqlandırmaq üçün edilmiş siyasi gediş olduğunu görməmək mümkün deyil”.
 
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
 
- Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıları əcnəbilərin Azərbaycanın bu bölgəsinə girib-çıxmalarına göz yumur. Sülhməramlılar hansı səbəbdən öhdəliklərini pozur?
 
- Haradan gəlmələrindən asılı olmayaraq, ora gələn əcnəbi şəxslərə münasibət birmənalı olmalıdır. Rusiya sülhməramlılarının marağında olan hansısa əcnəbiləri ora buraxmaq, uyğun olmayanları buraxmamaq həm qeyri-qanunidir, həm də onların fəaliyyətlərində bir sıra neqativ məqamların ortaya çıxmasına zəmin yaradır. Ümumiyyətlə, hansısa şəxs və ya şəxslərin Azərbaycan ərazilərinə ayaq basması üçün rəsmi Bakının icazəsi olmalıdır. Gömrük, sərhəd və bu kimi digər xidmətlərin sülhməramlıların mandatına verilməsi nəzərdə tutulmayıb. Sülhməramlılar öz missiyalarını olduğu kimi yerinə yetirməlidirlər. Əgər kimlərisə ora keçirmək istəyirlərsə, bunları Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun etməlidirlər, ya da əcnəbi şəxslərin ora qanunsuz daxil edilməsi qadağan olunmalıdır.
 
Rusiya sülhməramlıları niyə sülh prosesinə mane olmaq niyyəti güdən, Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət göstərən və separatizmi stimullaşdırmağa çalışan şəxsləri Azərbaycan ərazilərinə buraxır? Bu, onların missiyası ilə ziddiyyət təşkil edir. Rusiya sülhməramlılarının missiyası bölgədə sülhyaratma prosesinin tərkib hissəsidirsə, o zaman belə amillərin qarşısı alınmalıdır. Azərbaycan bununla bağlı iradlarını Rusiya tərəfinə çatdırıb. Məlum olduğu kimi, həm sülhməramlıların komandanlığı, həm də Rusiyanın müvafiq qurumları ilə Azərbaycan arasında qarşılıqlı təmaslar var. Cənab prezident də İtaliya mətbuatına verdiyi müsahibəsində bu məqama diqqət çəkib. Ümid edək ki, sülhməramlılar onların missiyasına şübhə kölgəsi düşməməsi üçün bütün bu iradlardan nəticə çıxaracaq, Azərbaycan qanunlarına uyğun davranacaq və hansısa formada özbaşına qərarlar qəbul etməyəcəklər.
 
- Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş hansı nəticələri doğuracaq? Görüşdən sonra geniş açıqlamanın verilməməsi də diqqətdən yayınmadı.
 
- Görüş haqda geniş məlumatın veriləcəyi gözlənilmirdi. Çünki proseslər elə mərhələdədir ki, Rusiya zəmanətçi ölkə kimi Ermənistana bəzi öhdəliklərini yerinə yetirməyi xatırlatmalıdır. Bu baxımdan, Ermənistanın son davranışlarının Rusiyada narahatlıq yaratdığı ehtimalı da var. Bu fikirlər həm Ermənistan xarici işlər nazirinin, həm də İranın XİN rəhbərinin Moskvaya səfərləri çərçivəsində onların diqqətinə çatdırılıb. Çünki həm İran, həm də Ermənistanın son fəaliyyətləri kənar ölkələrin regiona müdaxiləsinə xidmət edir. Bu da sülhyaratma prosesinin bundan sonrakı davamına ciddi şəkildə mane olur. Buna görə də düşünürəm ki, Ermənistanın bu kimi və 10 noyabr və 11 yanvar bəyannamələri ilə üzərinə götürdüyü öhdəliklərə uyğun gəlməyən davranışları Paşinyan qarşısında qaldırılıb.
 
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmdə olduğu Nikol Paşinyanın diqqətinə çatdırılıb.
 
- Bəs Ermənistana ilk dəfə olaraq öz xarici işlər nazirini göndərən Hindistan nə istəyir?
 
- Bilirsiniz ki, Azərbaycan, Türkiyə və Pakistan qarşılıqlı əməkdaşlığı genişləndirir. Türkiyə ilə yanaşı, Azərbaycan və Pakistan arasında da geniş əlaqələr var. Hindistan da Pakistanın əzəli rəqibi kimi Ermənistan vasitəsilə özünü regionda göstərməyə çalışır. Amma Hindistanın hansısa formada bu bölgəyə təsir və təzyiq etmək imkanları və potensialı yoxdur. Eyni zamanda, Hindistan və Azərbaycan arasında olan münasibətlər, eləcə də Dehlinin regiondan keçən nəqliyyat və enerji dəhlizlərinə olan maraqları bu ölkənin bundan sonra Ermənistanla daha sıx əlaqələr qurmasına imkan vermir. Bu, iqtisadi baxımdan da Hindistan üçün maraqlı deyil. Əslində Hindistan xarici işlər nazirinin İrəvanda verdiyi açıqlamalardan da bəlli oldu ki, balansı qoruyub-saxlamağa çalışırlar.
 
Hesab edirəm ki, Hindistan xarici işlər nazirinin Ermənistana səfərinin təşkil edilməsi İrəvanın marağında olub. Bunu da Pakistan-Azərbaycan əməkdaşlığına qarşı alternativ kimi təqdim etməyə çalışırlar.
 
- Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, tezliklə İranla yeni nəqliyyat dəhlizinin açılması ilə bağlı müqavilə imzalayacaqlarına ümid edirlər. Sizcə, İranın Zəngəzur dəhlizinə alternativ olaraq irəli sürdüyü bu layihənin (“Qafqaz dəhlizi”) perspektivi varmı?
 
- Hesab edirəm ki, İran və Ermənistan arasında nəzərdə tutulmuş heç bir layihənin perspektivi yoxdur. Eyni zamanda, bu, ən yaxşı halda iki ölkə arasında müəyyən infrastrukturun yaradılmasına xidmət edəcək. Əgər söhbət İranın Gürcüstan üzərindən Avropaya çıxışının təmin edilməsindən gedirsə, Tiflisin buna ehtiyacı yoxdur. Eyni zamanda, bu, Gürcüstan üçün iqtisadi baxımdan da maraqlı deyil. Digər yandan, ortada Türkiyə və Azərbaycan faktoru var ki, hər iki ölkə həm iqtisadi, həm də siyasi güc kimi Gürcüstan üçün daha vacib tərəf müqabilləridir. Buna görə də, Gürcüstan tərəfindən Azərbaycan və Türkiyənin maraqlarına zidd olan hər hansı bir addımın atılmasını gözləmək doğru olmazdı.
 
İran və Ermənistan arasında uzun illərdir nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr gedir. Amma otuz ildən çoxdur ki, bu layihələr sənəd üzərində qalır. İndiyədək Ermənistan və İran arasında müxtəlif sahələrə əhatə edən 180-dən çox sənəd imzalanıb. Amma bu müqavilələrin heç 10 faizi həyata keçməyib. Bu baxımdan, Ermənistan və İranın bu açıqlamalarının Azərbaycanı qıcıqlandırmaq üçün edilmiş siyasi gediş olduğunu görməmək mümkün deyil.
 

Baxış sayı: 1433 | Tarix: 15.10.2021
Bizi Telegramda izləyin: @repostaz