“Bu gün "cocuq" sözü ilə başlayan balaca kənd bütün dünyaya səs salır. Cocuq Mərcanlı kəndi qısa müddətdə bütün dünyada tanındı və bu söz işlədilməyə başlandı. Bəlkə heç Cəbrayıl sakinlərinin əksəriyyəti Cocuq Mərcanlı kəndini o qədər də tanımırdı”.
 
Teleqraf.com xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupları tələbələrinin hazırladığı "Ağdam nümunəsində Qarabağın davamlı inkişafı" adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.
 
Əli Həsənov qeyd edib ki, əvvəllər məcburi köçkün uşaqları hərbi təhsil almaq istəmir və fərarilik edirdi: “Bütün işğal olunmuş rayonlardan olan məcburi köçkünlər arasında araşdırma apardım, yalnız 30 kənd tapdım ki, oranın 30 gənci hərbi təhsil alır. Prezidentdən bu məsələ ilə məşğul olmaq üçün icazə istədim. Əgər o torpaqlardan olanlar da hərbidən qaçır, həm də fərarilik edirsə, bu, yolverilməzdir. Bunu  təhsil naziri Mikayıl Cabbarov, Məleykə Abbaszadə ilə və məcburi köçkün valideynləri ilə müzakirə etdim. Məcburi köçkün oğlu fərarilik edirsə, ümumiyyətlə, ona qız verməyin. Bu adət-ənənə Türkiyədə geniş yayılıb. Orada torpağa, vətənə olan münasibət dünyanın heç bir yerində yoxdur. Bu istiqmaətdə geniş iş başlanıldı. Buna uşaq bağçasından başlamaq lazımdır. Gördüyümüz işlər nəticəsində hərbi məktəblərdə və ali təhsil müəssisələrində oxuyan gənclərin sayı 10 dəfələrlə artıb”. 
 
Əli Həsənovun sözlərinə görə, işğal altında olan ərazilərin gələcək inkişaf konsespiyası layihəsi gözəl təşəbbüs və vətənpərvərlik nümunəsidir: "Bu təşəbbüsü dəstəkləmək və yayamaq lazımdır. Hər bir universitetdə, məktəbdə, uşaq bağçasında işğal altında olan ərszilərimiz üçün müəyyən layihə hazırlamağa imkan yaradılmalıdır. Bu nümunə yayılmalı və geniş vüsət almalıdır. Hər bir rayon, rayon mərkəzi və kəndin özünün milli memarlıq adət-ənənəsi var və bu, hər bir işdə qorunub saxlanmalıdır. Bu ümumilli lider Heydər Əliyevin fikirləridir. “Gənclər Azərbaycanımızın gələcəyidir” ifadəsi ona məxsusudr. SABAH qruplarında təhsil alan tələbələrin təşəbbüsünü alqışlayıram".
 
RePost.Az

Baxış sayı: 4759