Sosna Tser" silahlı bandasının "çörəkdaşıyan"ı Artur Sərkisyanın müəmmalı ölümü ilə əlaqədar İrəvanda oturaq aksiyası keçirən fəallar hakimiyyətin qarşısında digər tələblər qoyduqlarını da bəyan ediblər.

RePost.Az musavat.com-a istinadən  bildirir ki, bununla bağlı erməni mətbuatı məlumat yayıb. Məlumata görə, martın 18-də axşam radələrində aksiya iştirakçıları qarşısında çıxış edən təşkilatçılardan biri Şaqen Arutyunyan hakimiyyətin onları aldatdığını deyib.

"Dünən biz hökumətin qarşısında konkret tələb qoymuşduq. Onlar isə bizim tələbimizə cavab verəcəklərinə söz vermişdilər. Amma indiyədək heç bir cavab yoxdur. Faktiki olaraq hökumət Artur Sərkisyanın "Yerablur" hərbi məzarlığında dəfnindən imtina edir", - Arutyunyan əlavə edib.

Aksiya fəalı deyib ki, hökumətdən yalnız "çörək daşıyan"ın hərbi məzarlıqda dəfnini istəmirlər, digər tələblər də var. Onun sözlərinə görə, ictimaiyyətdə aksiyada yalnız bir tələbin irəli sürüldüyü haqda yanlış rəy formalaşıb. Arutyunyan deyib ki, nümayişçilər A.Sərkisyanın ölümündə günahkar olan cavabdeh şəxslərin cəzalandırılmasını istəyir. Eyni zamanda aksiya iştirakçıları 16 martda "Ermənistan" tibb mərkəzində ölən A.Sərkisyana qarşı haqsızlıqlara görə ədliyyə naziri və baş prokurorun vəzifəsindən azad olunmaısnı tələb edir.

Son məlumatlara görə, artıq hüquq mühafizə orqanları oturaq aksiyanı dağıtmaq üçün hərəkətə keçib.

 


***
2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasının zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın ölümündən sonra hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvanın Respublika meydanında mitinq ötən gün də davam edib.

Apa-nın "NEWS.am"a istinadən verdiyi xəbərə görə, İrəvanın mərkəzində davam edən aksiya zamanı  etirazçılar və polis əməkdaşları arasında qarşıdurma baş verib.  

Məlumata görə, aksiya iştirakçıları baş nazirin müavininin etirazçılarla görüşərək, Artur Sarkisyanın "Yerablur" fəxri xiyabanda dəfn edilməsinə icazə verilməməsinin səbəbinin izah etməsini tələb ediblər.

Polisin aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Lakin etirazçılar tələbi yerinə yetirməkdən imtina edərək,  bir neçə dəfə yolu bağlayıblar. Asayiş keşikçiləri İrəvan polisinin rəis müavini Valeri Osipyanın rəhbərliyi altında  etirazçılara qarşı zor tətbiq edərək, onları yolun hərəkət hissəsindən uzaqlaşdırıblar.  Bu zaman etirazçılarla polis arasında toqquşma baş verib. 

Aksiya təşkilatçıları mitinqi Azadlıq meydanında davam etdirməyə çağırıblar. Etirazçılar martın 19-da axşam saatlarında hökumət binasına doğru yürüş keçirməyi qərara alıblar.  

Qeyd edək ki, 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da İrəvanda ölüb

Həmin gün axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb. Daha sonra etirazçılar  yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər. 

Yürüş iştirakçıları ədalətin bərpa olunmasına və təqsirli şəxslərin cəzalandırılmasına çağırıblar. Etirazçılar "Serjik qatil", "Baş prokuror istefaya" və s. şüarlar səsləndiriblər. Etirazçılar ölkə prezidentinin istefası tələbi ilə fasiləsiz "oturaq" aksiyası keçirməyə qərar veriblər.   

Həkimlərin məlumatına görə, ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq həbsdə olan  A.Sarkisyan martın 15-də istintaq təcridxanasından ağır vəziyyətdə xəstəxanaya aparılıb və mədəsindən əməliyyat edilib. O, martın 16-da reanimasiya şöbəsində ürək çatışmazlığından ölüb.   A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb.

 


Baxış sayı: 4150 | Tarix: 19.03.2017
Bizi Telegramda izləyin: @repostaz