Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.
 
Ombudsman Aparatından verilən xəbərə görə, MPQ-nın üzvləri tərəfindən həmin müəssisədə saxlanılan bir çox şəxslər, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları da təqdim edilib.
 
MPQ-nın ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
 
Müntəzəm keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyinin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu, asudə vaxtlarının səmərəli təşkil olunduğu müşahidə edilib.
 
Eyni zamanda qəbul edilmiş şəxslər saxlama şəraiti, rəftarla bağlı sikayətlərinin olmadığını, telefon əlaqələri, yazışmalar, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olduğunu bildirmişlər.
 
Saxlanılan şəxslərin istədikləri kitab və informasiya materiallarını (öz dillərində) əldə etmək imkanlarının olduğu), habelə həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanının yaradıldığı müşahidə olunub.

Baxış sayı: 7076 | Tarix: 17.03.2023
Bizi Telegramda izləyin: @repostaz