1979-cu il İnqilabından sonra bir neçə dəfə rejimə qarşı ciddi kütləvi çıxışlar baş vermişdir. Yəni, hazırda baş verənlər uzun illərin narazılıqlarının, həllini tapmayan münaqişəli vəziyyətlərin özünü kəskin şəkildə büruzə verməsidir. Sözsüz ki, iqtisadi və sosial xarakterli problemlərin yaranmasında və uzun illər boyunca davam etməsində xarici amillərin əhəmiyyətli dərəcədə təsiri olsa da, idarəetmə böhranı da təsirli olmuşdur. Baxmayaraq ki, İran uzun illər sanksiyalar şəraitində mövcud olmağa alışsa da, zaman keçdikcə ciddi iqtisadi böhranın əsası yaranırdı. İran rialının illərlə dəyər itirməsi əhalinin sosial-iqtisadi vəziyyətində mənfi nəticələrini göstərirdi. Xüsusilə də 2025-ci ilin sonlarında 48%-ə çatan inflyasiya, işsizlik həddinin ən yüksək səviyyəyə çatması, elektrik enerjisinin verilməsindəki məhdudiyyətlər və digər böhranlı vəziyyətlər ciddi narazı kütlənin meydana gəlməsini şərtləndirdi.
Kəskin iqtisadi narazılıqlar fonunda din amili də əvvəlki ideoloji təsir gücünü saxlamaqda aciz idi. Bununla bərabər, İran prezidenti M. Pezeşkianın da dediyi kimi, xarici müdaxilə etirazların üsyan səviyyəsinə qalxmasında təsirli rol oynamışdır. Həqiqətən də, din amilinin kifayət qədər təsirli olduğu İran kimi bir ölkədə etirazçıların məscidləri yandırması xaricdən koordinasiya olunmuş təxribatların törədilməsi barədə düşüncələri gücləndirir. Bununla yanaşı, İran rəsmilərinin, xüsusilə də xarici işlər naziri A. Araqçının bildirdiyinə görə, iğtişaşlar nisbətən səngiməkdədir. Hesab etmək olar ki, etirazçılar tərəfindən 36 məscidin yandırılması üsyan əhval-ruhiyyəsinin səngiməsini bu və ya digər dərəcədə şərtləndirə bilər. Amma real və güclü etiraz kütləsinin mövcudluğu göz önündədir.
Əhali iqtisadi problemlərlə yanaşı, həm də şəxsi azadlıqları uğrunda mübarizə apardığını nümayiş etdirməkdədir. Təsadüfi deyil ki, etirazlar zamanı şah dövrünün monarxik simvollarından və şüarlarından da geniş istifadə olunur. 1979-cu ildən sonra dünyaya gələn insanların əksəriyyəti belə şah dövrünə rəğbətlə yanaşırlar. Hesab edirəm ki, bunun başlıca səbəbi məhz şəxsi azadlıq amili ilə bağlıdır. Çünki şah dövründə də hakimiyyətdən ciddi narazılıq mövcud idi. Buna baxmayaraq, cəmiyyət üzvləri müqayisədə həmin dövrün üstünlüklərini daha çox qabartmağa çalışırlar.
Buna baxmayaraq, hələlik mövcud reallıq göstərir ki, İranda hakimiyyət sistemi kifayət qədər dayanıqlıdır. Hazırkı etirazların miqyası sonuncu – 2019-cu ildəki kütləvi etirazlardan və iğtişaşlardan əhəmiyyətli dərəcədə geniş olsa da, proseslərin hakimiyyət tərəfindən nəzarətdə saxlanıldığı müşahidə olunur. Bunu bir sıra səbəblərlə izah etmək olar. Birincisi, din amili hələ də ən təsirli ideoloji güc olaraq qalmaqdadır. Belə ki, məscidlərin yandırılması cəmiyyətdə üsyan əhval-ruhiyyəsini ciddi şəkildə səngitdi. İkincisi, güc strukturları hakimiyyətə sadiqliyini qoruyub saxlayır. Belə olan halda, hazırkı səviyyədə etirazlar hakimiyyəti dəyişmək üçün yetərli ola bilməz. Üçüncüsü, kollektiv tarixi yaddaş da təsirli amil rolunda çıxış edir.
Əhalinin böyük əksəriyyəti ötən əsrin ortalarındakı kimi ölkənin xarici geosiyasi maraqların obyektinə çevrilməsinin əleyhinədir. Bununla yanaşı, ötən əsrdə baş verən rejim dəyişiklikləri xarici qüvvələrin təsiri ilə həyata keçirilmişdir. Kollektiv düşüncə ondan ibarətdir ki, baş vermiş dəyişikliklərin İran xalqına zərəri daha çox olmuşdur. Bunlarla yanaşı, ABŞ prezidenti D. Trampın hərbi zərbələr endirəcəyi ilə bağlı hədələri də hakimiyyətin mövqelərini möhkəmləndirir. Belə ki, onun çağırışlarına baxmayaraq, etirazların genişlənmə dinamikası hələlik müşahidə olunmur, əksinə səngidiyi görünür.
Həqiqətən də, tarixi təcrübə göstərir ki, xarici müdaxilə təhlükəsi istənilən cəmiyyətlərdə, xüsusilə də İran cəmiyyətində daxili həmrəyliyi ciddi şəkildə gücləndirir. Növbəti dəfə İranda baş verənlərin fonunda bunu müşahidə etməkdəyik.
Hakimiyyət daxilində proseslərə fərqli yanaşmalar mövcud olsa da, onun monolitliyi ilə bağlı ciddi problemin olmadığını görməkdəyik. Ali Lider Əli Xamenei etirazçılara qarşı sərt addımları dəstəkləsə də, ölkə prezidenti M. Pezeşkian daha liberal mövqe tutaraq dialoqa çağırır. Belə fərqli yanaşmaların olması rejimin süqutunu deyil, əksinə mövcudluğunu şərtləndirə bilər. Belə ki, M. Pezeşkianın liberal yanaşması və davranışları hakimiyyətlə etirazçılar arasında diskussiya mühitini formalaşdırır. Əslində, prezidentin yanaşması müsbət nəticələr verərsə, çox yaxın gələcəkdə İran hakimiyyəti daxilində sistem transformasiyasını labüd edəcək.
Yəni rejim ömrünü uzatmaq üçün ciddi idarəetmə sistemində, həm də sosial-iqtisadi sahədə islahatlara getməli olacaq. Çünki daimi narazı kütlə rejim üçün ekzistensial təhlükə kimi dəyərləndirilir. M. Pezeşkianın narazı kütləyə doğru addımlar atması xarici müdaxilə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Güman etmək olar ki, cəmiyyət üzvlərinin şəxsi azadlıqlarının genişləndirilməsi istiqamətində də addımlar atılacaq. Bütün bunlar bu qənaəti gücləndirir ki, İranda etirazlar fonunda rejim süqutu deyil, sistemdaxili transformasiyalar baş verə bilər. Hesab edirəm ki, rejim nümayəndələri artıq bunun qaçınılmaz olduğunu başa düşürlər.
ABŞ-ın hərbi müdaxiləsinə gəldikdə isə, bunun baş vermə ehtimalını çox yüksək hesab etmək olmaz. Çünki belə bir müdaxilə İranda xalq tərəfindən hakimiyyətə dəstəyin artmasına səbəb ola bilər. ABŞ-da bunu yaxşı dərk edirlər və sözsüz ki, bunu istəmirlər. Məsələn, 12 günlük müharibə zamanı hakimiyyətə qarşı heç bir etiraz dalğası qalxmadı. Bundan başqa, ABŞ regiondakı hərbi kontingentinin əhəmiyyətli hissəsini Qərb yarımkürəsinə çəkib. Görünür, Qərb yarımkürəsindəki prioritetlərinə çatmaqda daha israrlıdır.
Həmçinin İran tərəfi sərt cavab reaksiyası nümayiş etdirəcəyini bildirib. Belə olan halda proseslər nəzarətdən çıxa və uzunmüddətli hərbi qarşıdurma baş verə bilər. İndiki halda bu, D. Tramp üçün məqbul sayıla bilməz. Qarşıdan aralıq seçkilər gəlir və yalnız qısamüddətli, təminatlı qələbə gətirəcək hərbi müdaxilə ABŞ-da məqbul hesab oluna bilər. Bununla bağlı isə əminlik yoxdur. ABŞ prezidenti D. Tramp da hərbi güc tətbiq etmə ritorikasını nəzərəçarpacaq dərəcədə yumşaldıb. Belə ki, o, etirazçıların artıq öldürülmədiyini deyir. Eyni zamanda hərbi müdaxiləni çoxsaylı təzyiq variantlarından biri kimi nəzərdə tutduğunu bildirir. Hesab etmək olar ki, İrana qarşı növbəti sanksiya sərtləşdirilməsi baş verə və bir sıra digər simvolik təzyiq rıçaqları işə salına bilər.
Elşad MirBəşiroğlu
Siyasi elmlər doktoru