Fatih Portağalın mayın 14-də səsləndirdiyi bu fikrə görə az qala bütün Azərbaycan ona nifrət püskürdü. Nə demişdi Fatih əfəndi? Diqqət edək: “Baxın, dostumuz yoxdur: nə rusdan dostumuz olar, nə amerikalıdan, nə Suriya, İrandan, osundan-busundan, Azərbaycandan-filan… Azərbaycandan, heç kimsədən. Olsa olsa, Şimali Kiprdən olar…”
 
“Azərbaycan Türkiyənin dostu deyil” fikri Türkiyədə də hiddətlə qarşılandı. “Fatih əfəndi Azərbaycandan üzr istəməlidir”, tələbi gündəmə gəldi...
 
Maraqlıdır ki, Azərbaycanda ölkəmizə düşmən münasibətdə olan Fatih Portağalı açıq şəkildə müdafiə edənlər var. 
 
Bilməyənlər üçün deyim ki, Fatih Portağal Əkrəm İmmamoğlu ilə birgə təhsil alıb. Köhnə arkadaşdırlar. Bu seçkidə də Kemal Kılıçdaroğlunu müdafiə edirdi. Niyə “edirdi” yazıram? Çünki artıq Kemal Kılıçdaroğlunun istefasın tələb edir...
 
Fatih Portağal ermənipərstdirmi? Təbii, canım. Məntiq də onu deyir ki, Azərbaycanı Türkiyəyə dostu saymayan adam ermənipərəst olmalıdır. 
 
“Ermenistan ordusu Azerbaycan'a ait bir İHA'yı düşürdü”. Facebook. 20 iyul. 2020-ci il. 
 
 CHP destekçisi Fatih Portakalın bir cümləlik statusuna ciddi rezonans doğurdu. Həm Türkiyədə, həm də Azərbaycanda bu statusu pozmağını tələb etdilər. O, isə pozmadı...
 
“Erməni dostlarıma çok geçmiş olsun...YapAnları da Allaha havale ediyorum...Vicdansızlar”. Nə vaxt yazıb? 2013-cü il. 5 may. Tweeter. 
 
“Erməni dostlarıma” ifadəsi özlüyündə çox şey deyir...
 
Qaro Paylanı tanıyırsız, erməni əsilli türkiyəli millət vəkilidir. HDP tərəfindən irəli çəkilib. 
 
Bir dəfə Fatih Portakalın Yutub kanalında qonaq olan Paylan pis vəziyyətə düşüb. Jurnlaist ondan soruşub ki, PKK-nı terrorçu təşkilat hesab edirsizmi? 
 
Erməni siyasətçi hərləyib, fırlayıb suala qeyri-müəyyən cavab verib. 
 
Fatih Portakal PKK terror təşkilatını öz adıyla çağırmaqdan çəkinən Qaro Paylana belə reaksiya verib: “Məndən soruşsalar, deyə bilərəm ki, PKK terror təşkilatıdır, amma sizdən soruşanda bu suala dəqiq cavab verə bilmirsiniz”.
 
Gördüyünüz kimi, Fatih Portakal PKK-nı terrorçu təşkilatı hesab edir. Ancaq HDP üzərindən PKK ilə iç-iç olan CHP liderinin prezident seçilməsi üçün çalışır...
 
“Altılı Masa”da olan heç bir partiya lideri, o cümlədən türk millətçisi sayılan İYİ partiyanın  sayın lideri Meral Akşener hazırda PKK-HDP ittifaqından danışmaq belə istəmirlər. Çünki bu, onları ifşa edir..
 
Təbii ki, Fatih Portakal Sinan Oğanın Ərdoğana dəstək verməsinə şiddətlə təpki göstərib. Eynən bizim müxalifət kimi. 
 
Bizim müxalifət-bir az konkret deyim-AXCP və Müsavat Partiyası da anti-Ərdoğan mövqeyindən çıxış edir. Niyə belədir? Bu suala məntiqlə cavab tapmaq çətindir. Niyə? Çünki AXCP də, Müsavat da sağ mərkəzçi partiyadır. CHP isə sol mərkəzçi partiya kimi tanınır. AKP də sağ mərkəzçi partiyadır. Yəni ideoloji baxımdan AXCP və Müsavatın AKP-ni dəstəkləməsi doğal olardı. Ancaq yox, onlar solçu partiyaya görə ayaqdadırlar. Niyə belədir? Çünki Azərbaycanda ideologiya-zad boş söhbətdir. Şəxsi maraqlar öndədir...
 
Bizim müxalifət tarixən MHP ilə yaxın olub. Rəhmətlik  Alparslan Türkeş Əbülfəz bəy ilə qardaş kimi idi. Sayın Türkeşin göstərişi ilə onlarla MHP üzvü əlində silah (qeyri-rəsmi) erməni faşizminə qarşı Qarabağda vuruşub. Ümumiyyətlə, Türkiyədə Azərbaycana, bütövlükdə Türk Dünyasına sonsuz sevgisi olan və türk kimliyi uğrunda mübarizə aparan partiya tarixən MHP olub. Hazırda MHP sayın Devlet Bahçelinin şəxsində AKP iqtidarına-Tayyib Ərdoğana dəstək verir. AXCP və Müsavat Partiyası isə MHP-yə arxa çevirib,  CHP-nin yanında yer alıb. Absurd deyilmi?...
 
 AXCP-nin sədr müavini  Seymur Həzi  HDP başqanı Səlahəddin Demirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirmişdi. O, belə bir proqnoz da verdi:“Dəmirtaş kimi dəstəkləsə, o seçiləcək. Yəni tarazlığı o dəyişə bilər”...
 
AXCP əmin idi ki, Azərbaycanda mümkün iqtidar dəyişikliyi ancaq və ancaq Türkiyədə baş verən hakimiyyət dəyişikliyindən sonra reallaşa bilər. Elə bu səbəbdən də Səlahəddin Demirtaşı göylərə qaldırmışdılar. Eynən Kemal Kılıçdaroğlu kimi...
 
Bəs mən nədən Ərdoğanı müdafiə edirəm? Mənim baxışıma görə, hazırda Azərbaycanın ən azı 5 əsas problemi var: 
- Qarabağ ermənilərinə heç bir status vermədən Azərbaycanın ərazi bütövlüyün təmin etmək.
- Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq.
- Zəngəzur dəhlizinin açılmasını təmin etmək.
- 2025-ci ildə, əgər mümkün olsa daha tez, Rusiya pisməramlı qüvvələrinin Azərbaycandan çıxmasına nail olmaq.
- İran-Azərbaycan, Rusiya-Azərbaycan qarşıdurması bu və ya digər formada tez-tez ortaya çıxır. Bu təhlükədən sığortalanmaq üçün də Türkiyə Azərbaycanın yanında olmalıdır...
 
Bütün bu problemlərin həlli üçün Azərbaycana Türkiyənin ciddi dəstəyi lazımdır. Bu dəstəyi Azərbaycana kim verə bilər? Ancaq və ancaq yenidən prezident seçilən Tayyib Ərdoğan. Kemal Kılıçdaroğlu necə? Sayın Kemal Kılıçdaroğlu “Türkün yolu” adlandırdığı layihədə Azərbaycanın heç adını da çəkmədi. Azərbaycansız türkün yox, yalnız erməninin yolu ola bilər. Doğrudanmı, belə sadə bir həqiqəti başa düşmək bu qədər çətindir.
 
Bir məqamı da deyim: Ərdoğanın yenidən prezident seçilməsi həm də o deməkdir ki, Türk Dünyası sürətlə bir araya gələcək. Şəxsən mənim üçün bu məsələ hər bir şeyin fövqündədir. Türk Dünyasının bir araya gəlməsindən böyük hədəf ola bilməz...
 
Elbəyi Həsənli

Baxış sayı: 9375 | Tarix: 23.05.2023
Bizi Telegramda izləyin: @repostaz