Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin, təxminən 30 faizə qədərini satmağı nəzərdən keçirir. Bu da şirkətin Rusiyada sahib olduğu 2544 yanacaq doldurma məntəqəsi deməkdir. Bu qərara səbəb olaraq əlverişsiz iqtisadi vəziyyət göstərilir. Məlumatda qeyd olunur ki, yanacaq doldurma məntəqələrinin xarici investor və fondlara, xüsusilə də Çin və Yaxın Şərqdən olan müştərilərə satışı nəzərdə tutulur.
 
Digər bir məlumatda qeyd olunur ki, iş adamı Vahid Ələkbərov öz mülkünü Rusiyadan çıxarıb Türkiyəyə yatırmaq fikrindədir. İş adamının bu addımı atması ilə bağlı müxtəlif fikirlər də səsləndirilir. Hələ 2015-ci ildə ABŞ Rusiyanın iri enerji şirkətlərinə qarşı sanksiya tətbiq etmişdi. ABŞ Maliyyə Nazirliyi yanında xarici aktivlərə nəzarət idarəsi (Office of Foreign Assets Control, OFAC) Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlamışdı. Müvafiq sənəd idarənin (OFAC) saytında yerləşdirilib. Sanksiya siyahısına ilk dəfə olaraq Rusiya dövlətinin “Qazprom”, “Qazpromneft”, “Lukoyl”, “Transneft” və “Surqutnefteqaz” kimi iri enerji şirkətlərinin adları salınmışdı.
 
Sektoral sanksiyalar bu şirkətlərə Arktika şelfində, şist yataqlarında və dərin sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiya və məhsulların satışını qadağan edir. 2016-ci ilin yekunlarına görə, “Lukoyl” şirkəti 2015-ci illə müqayisədə 8,6 faiz neft hasilatını azaldıb. Hasilatın həcmi ötən il 91,992 milyon tona təşkil edib. Məlumata görə, 2016-cü ilin dördüncü rübündə üçüncü rübü ilə müqayisədə “Lukoyl” neft hasilatını 0,7 faiz artaraq 22,69 milyon ton təşkil edib. 2016-ci ilin yekunları üzrə şirkətin qaz hasilatı cüzi artaraq 20,3 milyard kubmetr səviyyəsinə çatıb. Bu da üçüncü rüblə müqayisədə 8,3 faiz - 5,1 milyard kubmetrə qədər qaz hasilatı deməkdir.
 
"Lukoyl" şirkətinin Azərbaycandakı ofisindən “Cümhuriyət” qəzetinə daxil olan məlumatda bildirilir ki, şirkət səlahiyyətliləri Rusiyadakı yanacaqdoldurma məntəqələrinin satışa çıxarılması barədə məlumatsızdırlar. Maraqlıdır, Azərbaycan əsilli iş adamının bu addımı atmasına Rusiya tərəfi təkid edir, yoxsa Vahid Ələkbərov sırf öz istəyilə Rusiya bazarından çıxır?
 
“Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiya Şurasının üzvü, iqtisadçı Sabit Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki,  bunun Rusiya hökumətinin təzyiq və təkidləri ilə bağlı olduğunu düşünmür: “Sadəcə olaraq şirkətin maliyyə vəziyyəti elədir ki, bu gün bu addımı atmağa məcburdur. Bu qərar tək şirkətin rəhbəri Vahid Ələkbərovun yox, eyni zamanda şirkətin direktorlar şurasının qərarıdır”.
 
RePost.Az

Baxış sayı: 2953 | Tarix: 30.03.2017
Bizi Telegramda izləyin: @repostaz