İqtisadçı ekspert Vüqar Bayramov son günlər dollara tələbin azalmasının səbəblərini açıqlayıb.
 
RePost.Az-ın məlumatına görə, ekspert bildirib ki, dollara olan tələbin azalmasının üç mühüm səbəbi var: "Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa da belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən M0 aqreqatının həcmini kəskin azaldıb. Yəni, hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərinin özlərinin gəlirlərinin nağdlaşdırma ilə bağlı qadağaların tətbiq edilməsi manat kütləsinin həcmini azaldır.
 
Qeyd edim ki, sadələşdirilmiş vergi subyektləri ay ərzində 15, əlavə dəyər vergisi ödəyiciləri isə 30 min manat nağdlaşdıra bilərlər. Nəticədə, əslində dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarındadır və onlar bazara daxil olmur. Üçüncüsü təbii ki, psixoloji təsirlərdir ki, bu da birbaşa əhalinin dollar təklifinin artırır. Buna görə də, növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq. Qeyd edim ki, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə aldıqda o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyili aşağı düşüb. Əgər, manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə o zaman dollara tələb aşağı olaraq qalacaq. Dollara tələbi sadəcə dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Digər tərəfdən də, nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısa müddətli dövr üçün nəzərdə tutlan siyasət olmalıdır. Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edilə bilsin".

Baxış sayı: 2706 | Tarix: 12.04.2017
Bizi Telegramda izləyin: @repostaz