Təsəvvür edin ki, bir gün telefonsuz qalmısınız. Kifayət qədər xoşagəlməz bir vəziyyətdir, axı müasir həyat sürətli inkişaf, saysız-hesabsız zənglər, görüşlər deməkdir. Gəlin xatırlayaq ki, sürücülük məktəbində təlim vaxtı bizə nə öyrədiblər? Sükan arxasında mobil telefonla  danışmaq olmaz. Bundan başqa, yol hərəkət qaydalarını pozmaq cərimə ilə nəticələnir. Bununla belə, bir çoxu bu qaydaya əməl etmir.

Bəs siz necə?

Sükan arxasında mobil telefondan istifadə bir çox ölkədə qadağandır, o cümlədən Azərbaycanda. Lakin təlimatçılar deyir ki, hələ də sürücülərin əksəriyyəti bir əllə avtomobil idarə edə-edə, daim mobil telefonla danışırlar.

Qaydalara bu tərzdə məhəl qoymamaq qəzalara səbəb olur, xüsusi ilə piyadaları vurulması ilə nəticələnir.  Bəzən elə “qoçaqlar” da olur ki, sürəti azaltmadan telefonla danışmağa davam etməklə, yolda qəza vəziyyəti yaradırlar.

Amma məsuliyyətli  sürücü sükan arxasında heç vaxt diqqətini yayındıracaq məqamlara əhəmiyyət verməyəcək, hətta təcili zəng daxil olsa belə. Bu halda avtomobilini yolun kənarında saxlayaraq, gələn zəngə sakit şəraitdə cavab verəcək. Yeri gəlmişkən, mütəxəssislər sürücünün telefonla danışa-danışa və ya SMS yaza-yaza avtomobil idarə etməsini huşsuz idarəetmə adlandırırlar.

Diqqəti yoldan yayınan sürücü ətrafda olan insanlar üçün potensial təhlükədir. Çünki o, məsələn, yolda olan çalanı və ya digər avtomobilin qəfil  manevr etməsini görməyə bilər. İnsan telefonla danışarkən, istər-istəməz fikrini daha az cəmləyə bilir, onun diqqətinin bir hissəsi digər səmtə yönəlir. Unutmayın ki, sükan arxasında siz hər zaman son dərəcə diqqətli olmalısınız!

Sürücünün diqqətini nə yayındırır?

Yolda sükan arxasında olan xanımlar şokolad yeməyi və ya dodaqlarını boyamağı çox sevirlər. Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspertlər bildirir ki, əksər hallarda yol-nəqliyyat hadisəsinin səbəbkarı dodaq boyası olur. Odur ki, əziz xanımlar avtomobil idarə edərkən dodaqlarınızı  boyamayın.

Sosial şəbəkələrdə gün keçirən həvəskarları xüsusi olaraq ayrıca qeyd etmək lazımdır. Bir çox sürücünün avtomobilində panel üzərində planşet və ya smartfon var. Onların vasitəsi ilə sürücülər  aktiv şəkildə kimlərləsə yazışır və ya xəbəri oxuyur, bəzən də film izləyirlər.

Sürücülərin daha bir düşməni də bu gün geniş  yayılmış selfidir. Bütün bunlar diqqəti yoldan yayındırır və çox ciddi xoşagəlməz hadisələrə səbəb olur.

Söhbət sükan arxasında telefonla danışan sürücünün cərimələnməsindən daha çox,onun  yol-nəqliyyat hadisəsinə səbəb olmasından və ya piyadanı vurmasından gedir. Saniyələr kifayət edər ki, avtomobil yol kənarındakı xəndəyə düşsün və ya digər nəqliyyat vasitəsinə çırpılsın. Şəhərlərdəki  sürət həddini nəzərə alaraq, sürücülərin diqqətsizliyi ucbatından yol qəzalarında əzab çəkən insanlar olur.

Qarnitur alın!

Daim kontaktda olmaq, amma eyni zamanda da sükan arxasında təhlükəsizliyinizi təmin etmək istəyirsinizsə, onda  xüsusi  “hands free” qarnituru alın. Hansı ki, xüsusi olaraq məhz sürücülər üçün hazırlanıb. Bu zaman sürücünün əli telefonla danışıq zamanı sükanda olur və istənilən manevri də edə bilir.

Bununla belə, bu qurğuların əleyhdarları da var.  Bəzi mütəxəssislər hesab edir ki, telsiz qarniturdan istifadə sürücüdə yanlış əminlik hissi  yaradır.

Telefonla sükan arxasında istənilən söhbət idarəetməyə təsir edir və yolda sürücüyə diqqətini bir yerə cəmləməyə mane olur. Aparılan tədqiqatlar bu faktı təsdiq edir. Sən demə məlum olub ki, avtomobil idarə edən zamanı mobil telefonla danışmaq yol-nəqliyyat hadisəsi ehtimalını dörd dəfə artırır! Vacib deyil sürücü necə danışır, “hands free” vasitəsilə və ya telefonu əlində saxlamaqla.

Buradan belə nəticə çıxarmaq olar ki, sükan arxasında mobil telefonla danışmayın. Yaxşı olar ki, avtomobili yol kənarında saxlayaraq,  sakit və rahat şəkildə bir neçə dəqiqə ərzində zəngə cavab verəsiniz, nəinki sonra diqqətsizliyiniz üzündən səbəb olduğunuz yol qəzasının problemlərini günlərlə həll etməklə məşğul olasınız.

 


Baxış sayı: 3656 | Tarix: 15.04.2017
Bizi Telegramda izləyin: @repostaz