RePost.Az kulis.az-a istinadən Günel Mehrinin "Bir arşın malçı əhvalatı" bədii-sənədli filmində təqdim edilən tarixi faktlar əsasında yazdığı araşdırmanı təqdim edir.
 
İl 1913. Gənc Üzeyir Hacıbəyov təhsil almaq üçün üz tutduğu Peterburqdan vətənə doğru məktublar qanadlandırır:
 
"Bəradərim Hüseynqulu! Mən bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır...Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun... Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir. Bəradərin Üzeyir. 30 iyul 1913-cü il, Peterburq".
 
"Əzizim Müslüm! Səssizliyimin səbəbi məşğul olmağımdır. Demək olar ki, səhər tezdəndən, gecəyədək işləyirəm: ilk növbədə imtahana hazırlaşıram, həm də çox uğurlu alınacaq operetta yazıram və Tanrının köməyi ilə, vaxt gəldikdə sənə göndərəcəm..."
 
Göründüyü kimi, Üzeyir bəy "Arşın mal alan"dan söz açdığı məktublardan birini dostu aktyor Hüseynqulu Sarabskiyə, digərini isə bacanağı bəstəkar Müslüm Maqomayevə ünvanlayır. Bəs niyə məhz bu iki nəfərə? Maraqlıdır ki, bir qədər sonra sözü gedən operetta bu iki nəfərin taleyində də iz buraxır. Belə ki, "Arşın mal alan" operettasına ilk quruluş verən rejissor Hüseynqulu Sarabski olur. Müslüm Maqomayev isə əsərə drijorluq edir. Və bu seçimlər təsadüfi deyildi. Üzeyir bəy hələ Qori müəllimlər seminariyasındakı tanışlıqları zamanı bilirdi ki, Müslümün özünəməxsus drijorluq qabiliyyəti var.
 
Hə, bax bu məqamda maraqlı bir sual çıxır ortaya: Bəs niyə Üzeyir bəyin yaradıcılığıında zirvə nöqtəsi sayılan "Koroğlu" operasına deyil, "Arşın mal alan" operettasına fokuslanmışıq?
 
 
Çox təzadlı bir ömür yaşamışdı Üzeyir bəy. Cümhuriyyət dövrünün himn musiqisini də, Azərbaycan SSR-nin himn melodiyasını da bəstələmək onun alınına yazılmışdı. Amma Üzeyir bəy bəstəkarlıqla yanaşı, həm də dəyərli bir alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim idi. Onun xalqına etdiyi saysız yaxşılıqlar,mədəniyyət tariximizdə həyata keçirdiyi dövlət əhəmiyyətli layihələr, musiqi və publisistikamıza yadigar qoyduğu bir-birindən dəyərli əsərlər haqqında çox şey demək olar. Amma ona bir dramaturq və bəstəkar kimi dünya şöhrəti gətirən və Üzeyir bəyin ömrünün sonunadək üstündə yarpaq kimi əsdiyi əsəri məhz "Arşın mal alan" idi. Bəs görəsən, niyə bəstəkar bu operettanın taleyindən belə nigaran idi? Əvvəla qeyd edək ki, "Arşın mal alan" 28 yaşlı Üzeyir bəyin qələmindən çıxan sonuncu operetta idi. Lakin bu operetta nəinki bəstəkarın yaradıcılığında mühüm rol oynadı, həm də 70-ə yaxın xarici dilə tərcümə edilərək yüzlərlə teatrda səhnələşdirildi. Sevildiyi qədər də başı qalmaqallı olan əsər nə az, nə çox düz 4 dəfə ekran həlli qazandı, hətta ermənilər tərəfindən plagiata uğradı...
 
"Arşın mal alan"I qələmə almazdan öncə Üzeyir Hacıbəyov musiqiləri və publisitikası ilə xalqın qəlbinə yol tapmış, həm də ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş adlı-sanlı bir bəstəkar idi. "Leyli və Məcnun"la Müsəlman Şərqində ilk operanın əsasını qoyan bəstəkar ard-arda qələmə aldığı opera və operettalarıyla daim gündəmdə idi. Belə ki, Üzeyir bəyin bəstələdiyi ilk operetta "Ər və arvad" da, növbəti operettası "O olmasın, bu olsun" da xalq tərəfindən maraqla qarşılanır. Amma təhsil almaq üçün üz tutduğu Peterburq həyatı böyük bəstəkarın yaradıclığında önəmli bir dönəmə çevrilir. Məhz bu dönəmdə Üzeyir bəy ciddi-cəhdlə yeni operettası olacaq "Arşın mal alan"ın musiqisi və librettosu üzərində işləyir, qəzəllər üçünsə böyük şair Məhəmməd Füzulinin yaradıcılığına müraciət edir. Üzeyir bəy Qarabağ bölgəsindən idi və təasdüfi deyil ki, operettadakı hadisələr Qarabağın cənnət guşəsi Şuşa şəhərində cərəyan edir. Özü də əsərin süjet xətti inqilabdan öncəki Azərbaycan mühtinə xas adət-ənənələr üzərində qurulur. Üzeyir bəy əsərdə çadra altında yaşayan qadınların hüquqsuzluğuna və nigahdan öncə ailə quracağı qızın üzünü belə görməkdən məhrum olan kişilərin çarəsizliyinə qarşı çıxan maraqlı və hiyləgər bir oyun qurur. Belə ki, varlı və hörmətli bir bəy evlənəcəyi qızı tapmaq məqsədi ilə arşın malçı qiyafəsinə girir və qapı-qapı düşüb paltar-palaz satır. Və həyətlərin birində qəlbini bağışlayacağı gözəl bəy qızı ilə rastlaşır. Lakin ilk baxışdan mümkünsüz görünən arşın malçı və bəy qızının məhəbbəti nəinki xoşbəxt sonluqla bitir, hətta digər subay personajların da izdivacına təkan verir.
 
Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdinin qeydlərinə görə, operettanın əsas qəhrəmanının prototipi Üzeyir bəyin real həyatda əhvalatını eşidib təsirləndiyi Məcid-bəy Behbudalı olub. Deyilənə görə, Şuşada yaşayan Məcid bəy qeyri-adi səsə malik, gözəl xalq mahnıları ifaçısı idi. Bir gün gənc Məcid toy məclisində varlı zadəgan nəslindən olan Firuzə xanıma vurulur. O qız Məciddən 16 yaş kiçik idi və Şuşaya ailəsi ilə birlikdə toya gəlmişdi. Firuzə xanım əslən Qazax qəzasının Salahlı kəndindən - məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızı idi. Toyun səhəri günü Məcid sevdiyi qızı görmək üçün arşın malçı qiyafəsində gəlir və onlar sövdələşib izdivac qurmaq üçün Şuşanı tərk edirlər. Bu izdivacdan dünya şöhrətli Rəşid Behbudov dünyaya gəlir. Maraqlıdır ki, illər sonra Rəşid Behbudov "Arşın mal alan" operettası ekranlaşdırılarkən atasının prototipi olan Əsgər obrazını yaratmalı olur.
 
Lakin hələ o tarixə çox var. Hələki 1913-cü il, oktyabrın 25-idir. Üzeyir bəy bərk həyəcan keçirir. Çünki məhz bu tarixdə Bakıda messenat Hacı Zeynalabdin Tağıyevin teatrı kimi məşhurlaşan indiki Musiqili Komediya Teatrının binasında "Arşın mal alan" operettasının premyerası baş tutur. Əsərin rejissoru - Hüseynqulu Sarabski, dirijoru isə Müslüm Maqomayev idi. Lakin operetta senzuradan keçsə də, çadralı Azərbaycan qadını səhnəyə çıxa bilməzdi. Bu səbəbdən də qadın qəhrəmanları canlandıranlar kişilər və digər millətdən olan xanımlar idi. Beləliklə, "Arşın mal alan"ın premyerası məhz bu aktyorlarla baş tutur: Əsgər bəyi- Hüseynqulu Sarabski, Gülçöhrəni - Əhməd Ağdamski, Soltan bəyi - Ələkbər Hüseynzadə, Süleyman bəyi-Hənəfi Terequlov, Asyanı - Aleksandra Olenskaya, Tellini - Yevgeniya Olenskaya canlandırır. Tamaşa qoyular-qoyulmaz qəzetlərə düşür:
 
 
"Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəylinin təzə operettası "Arşın mal alan" camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır."
 
"Arşın mal alan" operettası bir dərəcə məsxərə tamaşalarına oxşayır - desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar."
 
Bu məqalələr "Sədayi-həqq"və "İqbal" qəzetlərindəndir. Doğurdan da, əsər cəmiyyətdə böyük rezonans doğurur. "Arşın mal alan"ın tərəfdarları və tənqidçiləri meydana gəlir. Əsərin musiqi və ədəbi həlli ilk nümayişdən sonra Üzeyir bəy tərəfindən dəfələrlə redaktə edilir. Bir ildə "Arşın mal alan" yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır və bir sıra dillərə tərcümə edilərək Gürcüstan, Ermənistan, Rusiya, Mərkəzi Asiya, Türkiyə, Çin, Amerika və digər ölkələrin teatr səhnələrində alqışlarla qarşılanır.
 
Əsər o qədər sevilir ki, kino ekranına da ayaq açır. Lakin "Arşın mal alan"ın ilk versiyaları tamaşaçılara məlum deyil. Həmin filmlər dövrümüzə gəlib çatmayıb. Əsərin ilk versiyasını Moskvadan gələn rejissor Boris Svetlov çəkir. 7 hissədən ibarət olan bu ekranlaşdırma 1916-cı ildə Pirone qardaşlarının "Filma" Səhmdar Cəmiyyətinin studiyasında həyata keçirilir. Filmdə rolları ifa edənlər demək olar ki, operettada iştirak edən aktyorlar idi. Film ilk dəfə 1917-ci ildə yanvarın 3-də "Forum" kinoteatrında nümayiş etdirilir. Səssiz film olduğundan musiqi parçalarını ekranın qarşısında əyləşmiş muğam üçlüyü ifa edirdi. Xanəndə isə Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəy incə yumorla zəmanəsinin Qafqaz dünyasına xas eybəcərliklərini o qədər ustalıqla açır ki, bütün nöqsanlarına baxmayaraq film çox sevilir. Lakin filmin bədii keyfiyyəti Üzeyir bəyi qane etmir. Və tamaşaçıların böyük marağına baxmayaraq film Üzeyir bəyin tələbi ilə ekrandan götürülür. Hətta bu haqda dövri mətbuatda da məqalələr çıxır. Amma filmin prokatının yaxşı gəlir gətirdiyini görən bəzi şəxslər ayrı-ayrı şəhərlərdə dəfələrlə Üzeyir bəydən gizli şəkildə bu ekran əsərinin qısaldılmış versiyalarını nümayiş etdirirlər.
 
Bir çox mənbələr səhvən göstərir ki, guya Peterburqlu rejissor Belyakov bu operettanı Üzeyir Hacıbəylinin icazəsi olmadan ikinci dəfə ekranlaşdırır. Lakin əsl həqiqət budur ki, Belyakov heç rejissor belə deyildi. O, Svetlovun çəkdiyi "Arşın mal alan"ın ilk kino versiyasının prokat rəhbəri idi. Sadəcə Belyakov Svetlovun çəkdiyi filmi qısaldaraq 7 hissədən 4 hissəyə salır və bu versiyanı Üzeyir bəydən gizli şəkildə müxtəlif kinoteatrlarda nümayiş etdirirdi. Bu haqda xəbər tutan bəstəkarın vəkili Əlimərdan bəy Topçubaşovla birgə qradonaçalnik Kovalyovun yanına gələrək müəllifin icazəsi və razılığı olmadan çəkilən filmin nümayişinin dayandırılmasını xahiş edir. Beləliklə, film prokatdan çıxarılır. Üzeyir bəy bir müəllif kimi həqiqətən bu operettanın üstündə əsir. Onun yenidən necə gəldi ekranlaşdırılmasına hər vəchlə etiraz edir. Azərbaycan Xalq Cumhuriyyətinin dönəmində "Pate qardaşları" fransız firması İstanbul vasitəsi ilə Azərbaycanın incəsənət xadimlərinə yol taparaq "Arşın mal alan" operettasını ekranlaşdırmağı təklif edirlər. Lakin bu birgə layihə baş tutmur. Maraqlıdır ki, operetta növbəti dəfə Üzeyir bəydən xəbərsiz ekranlaşdırılır. Özü də filmi 1937-ci ildə ekranlaşdıran ABŞ-da yaşayan erməni əsilli rejissor idi. Əslində "Arşın mal alan" operettasının partiturasını ermənilər hələ ötən əsrin 20-ci illərində Üzeyir bəydən alıb əsəri öz dillərində səhnələşdirirdilər. Hətta dövri mətbuatda gedən məqaləyə görə əsəri ilk dəfə erməni dilinə tərcümə edən Maqalyan adlı bir erməni imiş. Lakin sovet hökuməti qurulduqdan sonra Amerikaya köçən Maqalyan "Arşın mal alan operettasının not yazılarını özüylə aparır. Beləlklə, operetta ermənilər tərəfindən Amerikada dəfələrlə səhnələşdirilir və hətta "Ekanomi-press" qəzetinin verdiyi məlumata görə Nyu-Yorkda əsərin not kitabı çıxarılır. Və heç bir mənbədə əsərin həqiqi müəllifi Üzeyir bəyin adı çəkilmir. Hətta günlərin birində Üzeyir bəy bu oğurluq faktıyla bağlı Amerikada yaşayan və vaxtilə Bakı konservatoriyasının profesoru olan Okorokovdan məktub alır. Məktubda deyilir ki, Maqalyan soyadlı bir erməni Amerikanın müxtəlif ştatlarında öz truppası ilə "Arşın mal alan"ı göstərərək külli miqdarda pullar qazanır. İş o yerə çatır ki, rejissor Ruben Mamulyan adlı birisi bu ssenarini Maqalyandan satın alır, lakin özü çəkmir. Filmi Setraq Vartiyan adlı başqa bir erməni rejissora çəkdirir. Titrlərdə isə əsərin müəllifini qeyd etmək yerinə belə bir remarka yazırlar: "Şərq əfsanələrinin motivləri əsasında" . Yeri gəlmişkən, "Xırdavatçı sevgili" adlanan bu film təəssüf ki, Amerika kino ensiklopediyasına da daxil edilir. "Arşın mal alan"ın ermənilər tərəfindən ekranlaşdırılması xəbəri Üzeyir bəyi o qədər sarsıdır ki, o, müəllif hüquqlarının bərpa olunması üçün mərkəzə məktub yazır, lakin Moskvadan xəbər gəlir ki, Sovet İttifaqı müəllif hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyaya qoşulmadığından Üzeyir bəyə yardım edə bilməyəcəklər. Lakin bu hadisədən sonra 1940-cı ildə "Arşın mal alan" bədii filminin səsli versiyasının çəkilməsi məsələsi Bakı kinostudiyasının planına salınır.
 
 
Lakin müharibəyə görə filmin istehsalına çox gec başlanılır. Çoxları bilmir ki, filmin səsli versiyasının ssenarisi ilk növbədə yazıçı İmran Qasımova tapşırılır. Lakin bir ay sonra düşünüb-daşınıb belə qərara gəlirlər ki, bu işi "Toy" komediyası ilə populyarlıq qazanan dramaturq Sabit Rəhman daha yaxşı icra edə bilər. Beləliklə, 1941-ci ildən ssenari üzərində iş başlayır və dəfələrlə dəyişiklik etdikdən sonra son nəticəyə görə film musiqili olur. Hətta filmin məzmunu böyük müzakirələrə və mübahisələrə yol açır. Moskvadan belə bir məktub gəlir ki, inqilabdan əvvəlki dövrü təsvir edən və 4 izdivacla sonlanan bir filmin istehsalı nə qədər məqsədəuyğundur ki? Yeri gəlmişkən, filmə quruluş verəcək rejissor dəfələrlə müxtəlif səbəblərdən dəyişdirilir. Bu siyahıda rejissor Ağarza Quliyevin və digərlərinin adları olsa da, sonda təsdiqlənmiş ssenari iki rejissora həvalə edilir:
 
Rza Təhmasibə və Nikolay Leşşenkoya. Filmin füsunkar və peşəkar təsvir həlli isə gənc operatorlar Əlisəttar Atakişiyev və Muxtar Dadaşova məxsus idi. Hətta ssenari muzikl janrında olduğundan belə qərara gəlirlər ki, film iki dildə səsləndirilsin: Azərbaycan və rus dillərində. Maraqlı məqamlardan biri də odur ki, filmin hər səhnəsi iki dəfəyə çəkilir. Bir dubl Azərbaycan, bir dublsa rus dilində. Nəhayət, film 1945-ci ildə hazır olur. Lakin filmin istehsal prosesində bir-birindən maraqlı hadisələr baş verir.
 
Filmin çəkilişləri kinostudiyanın pavilyonundan başqa Mərdəkanda və milyonçu Muxtarovun bağ evində aparılırdı. O dövrdə Bakı studiyasının texniki bazası zəif, işçilərinin maddi vəziyyəti isə çox aşağı idi. Buna görə də film üçün rekvizit tanış-bilişlərin evlərindən toplanırdı. Hətta Rəşid Behbudov çəkilişdə atasının qaragül papağından, qızıl papiros qabından və gümüş çubuğundan istifadə etmişdi. Baxmayaraq ki, qızğın müharibə gedirdi, onlar da arxa cəbhədə bir növ öz silahlarıyla vuruşurdular.Çəkilişlərin ilk günlərindən hamı böyük həvəslə çalışırdı. Soltan bəy obrazını Üzeyir bəyin məsləhəti ilə Ələkbər Hüseynzadəyə həvalə edirlər. Halbuki həmin rola 4 namizəd var idi: Kazım Ziya, Bünyadzadə, Məlikov və Kələntərli. Cahan xala roluna isə Validə Vəzirova və Münəvvər Kələntərlinin namizədliyi arasından sonuncu təsdiqlənir. Telli roluna Fatma Mehrəliyeva, Vəli roluna Lütfəli Abdullayev, Süleyman roluna İsmayıl Əfəndiyev, Asya roluna isə 50 nəfərin içindən Rəhilə Məlikova seçilir. Sonralar Asya rolu ilə bağlı Rza Təhmasib öz xatirələrində yazırdı ki, montaj zamanı Asya ilə bağlı 35 metrlik lenti kəsib tullamışdım. Amma sonradan düşündüm ki, o vaxt aktrisanın imkanlarından yaxşı istifadə edə bilməmişəm. Rəşid Behbudovu kinoya israrla gətirən də rejissor Rza Təhmasib olur. Özü də gənc müğənnini rejissor konsertlərdən birində bəyənir və qastrollara getməyib filmdə çəkilməyə razı salmaq üçün də bir xeyli əlləşir.
 
Yeri gəlmişkən, Əsgər bəy obrazına təsdiqləndikdən sonra gənc Rəşidin əsərin müəllifi Üzeyir bəylə qısa bir görüşü baş tutur. Rəşid Behbudov "Arşın mal alan"la bağlı fikirlərini Üzeyir bəylə bölüşəndə bəstəkar söyləyir ki, sən bu əsəri düzgün başa düşürsən. Və bu sözlər gənc xanəndə üçün bir növ stimula çevrilir. O vaxt Rəşid Behbudov Ermənistan Dövlət Caz Orkestrində və Ermənistan Dövlət Opera və Balet teatrında çalışırdı. Çəkilişlər zamanı o çox çətinliklə işdən icazə alır və nəhayət, seçim qarşısında qalıb bu filmə görə Ermənistanla bütün bağlarını kəsir. Rəşid Behbudova dünya şöhrəti gətirən də elə həmin film olur. Və o, dəfələrlə etiraf edir ki, dünyanın hansı ölkəsində konsert proqramıyla çıxış edirdimsə, tamaşaçılar məni "Arşın mal alan"ın Əsgər bəyi kimi alqışlayırdılar.
 
Gülçöhrə obrazını canlandıran Leyla Bədirbəylini isə deyilənə görə, Üzeyir bəy özü rejissora təklif edir. Bu, Leyla Bədirbəylinin kinoda ilk işi olmasa da, Rza Təhmasib kimi tələbkar bir rejissoru razı salmaq qəliz məsələ idi. Hətta məşqlərdən birində rejissor əsəbiləşərək Leylaya xəbərdarlıq edir ki, belə getsə, Gülçöhrə obrazına başqasını çəkəcəm. Bu söhbətdən narahat olan Leyla səhər bütün cəsarətini toplayıb Üzeyir bəyin evinə üz tutur. Və göz yaşları arasından deyir ki, Üzeyir bəy mən çox istəyirəm, Gülçöhrə obrazına çəkiləm. Üzeyir bəyin gənc qıza verdiyi cavab onu qanadlandırır:
 
"Mən istəyirəm ki, sən mənim Gülçöhrəmi ürəkdən sevəsən".
 

Baxış sayı: 4530 | Tarix: 27.12.2020
Bizi Telegramda izləyin: @repostaz