Qoşa Qala Qapıları qarşısındakı meydan və Əziz Əliyev küçəsindən əlavə, avtomobil sayının çoxluğu İçərişəhərin daxilində də xaotik vəziyyət yaradır. Bu, İçərişəhərin tarixi ruhuna mənfi təsir göstərir, çoxsaylı qonaqların burada cəmləşən görməli məkanlara marağının daha da artmasına, onların Bakının mərkəzində rahat gəzməsinə və istirahətinə mane olur. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur.

RePost.Az-ın məlumatına görə, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev Report-un suallarını cavablandırarkən deyib.

Anar Rzayev bildirib ki, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək. Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək.


Baxış sayı: 4853 | Tarix: 02.10.2024
Bizi Telegramda izləyin: @repostaz