"Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları ərəfəsində ölkəmizdə dolların 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir”.
 
RePost.Az xəbər verir ki, bunu BakiPost.az-a iqtisadçı Natiq Cəfərli idman yarışları ərəfəsində dolların hansı məzənnədə ola biləcəyini şərh edərkən deyib.
 
Onun sözlərinə görə, bu aylar ərzində dolların rəsmi məzənnəsində ciddi dəyişiklik olmayacaq: "Çünki hökumətin də özünün qırmızı xətti var. Əslində çox baha manat hökumətə sərf eləmir. Çünki büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlər yaşana bilər. Ona görə də 1.70 sanki qırmızı cizgidir. Son 4 hərracdır ki, məzənnə dəyişmir. Yəni məzənnədə çox cüzi dəyişikliklər olur. Buna da dəyişiklik demək mümkün deyil. Ona görə də rəsmi məzənnədə ciddi dəyişikliyin olacağını gözləmirəm.
 
Sadəcə olaraq Mərkəzi Bank banklara köməklik etmək məqsədilə 4 faizli satış marjını ləğv elədi. Yəni banklar rəsmi məzənnənin 4 faizdən ya aşağı, ya da yuxarı alış-satış həyata keçirə bilərdi. Amma Mərkəzi Bank bir neçə ay öncə bunu ləğv etdi. İndi banklar dolları istədiyi qiymətə alıb, istədiyi qiymətə sata bilirlər. Bu da sanki banklara yardım idi.
 
Ona görə də banklardakı məzənnə çox qəribədir ki, rəsmi məzənnədən alış və satış da aşağı səviyyədədir. Bu da ən azından məntiqli deyil. Çox güman ki, bu kəskin böyük dəyişikliklərə gətirib çıxarmayacaq. İslam Oyunlarından sonra Formula 1 yarışları da olacaq. Bütün bu idman yarışları bitənə kimi hələlik dolların indiki səviyyələrdə, yəni 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir.
 
Bu gün Dünya Bankı da Azərbaycanla bağlı hesabat açıqlayıb. Hesabatda əsas problemin manat kütləsinin və dövriyyəsinin azalması göstərilib. Bu da məzənnənin sabitləşməsinə təsir edir. Amma ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərir. Hətta beynəlxalq ekspertlər də bizim aylardır, dediklərimizi dolayısı olsa da təsdiqlədilər. Ona görə də çox ciddi dəyişikliyin və ucuzlaşmanın olmasını gözləmirəm”.
 
İqtisadçı dolların bu ərəfədə 1.50, hətta ondan aşağı qiymətə düşməsinin mümkünsüz olduğunu bildirib: "Proqnozlar səsləndirilir ki, dollar 1.50, hətta ondan aşağı da ola bilər. Amma inanmıram ki, belə olsun. Bu indiki reallıqda mümkün də ola bilməz. Amma bir müddət, yəni 1 ay və ay yarım ərzində dollar 1.60 və 1.70 civarında olan səviyyələrdə olmasını müşahidə edə bilərik”.
 
Natiq Cəfərli idman yarışlarından sonra dolların yenidən qalxmasına gəlincə qeyd edib ki, bu bir müddət mümkün olmaya bilər: "Yarışlardan sonra dərhal dolların qiymətinin qalxmasını görməyə bilərik. Əsas proseslər payızda olacaq. Çünki payızda beynəlxalq miqyasda baş verə biləcək bəzi proseslər var. Bu səbəbdən əsas proseslər payızda başlayacaq”.
 
İqtisadçı vurğulayıb ki, ilin sonuna kimi dolların 1.90 və 1.95 səviyyələrində olması müşahidə ediləcək.
 
RePost.Az

Baxış sayı: 2725 | Tarix: 21.04.2017
Bizi Telegramda izləyin: @repostaz