03.04.1955-ci il təvəllüdlü, yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkən paytaxt sakini Kərimova Solmaz Əli qızı Nəsimi rayon 20 saylı poliklinikanın həkimlərinin səhlənkarlığı ilə bağlı şikayətini redaksiyamıza ünvanlayıb.
 
Xəstənin sözlərinə görə, uzun müddətdir ürək sancıları, sinədə göynəmə və nəfəs darlığı kimi simptomlarla poliklinikaya müraciət etsə də, həkimlər onu arxayınlaşdıraraq yanlış istiqamətlərə yönləndiriblər.
 
Yanlış yönləndirmələr və etinasızlıq
 
20 avqust 2025-ci il tarixində ürək tutması ilə poliklinikaya müraciət edən pasiyentə EXQ müayinəsi aparılıb. Lakin həkimlər ürəkdə problem olmadığını bildirərək onu növbəti dəfə nevropatoloqa göndəriblər. Nevropatoloq isə xəstəni döş fəqərələri üzrə rentgen müayinəsinə yönləndirib.
 
Şikayətçinin iddiasına görə, həmin vaxt rentgen müayinəsi düzgün aparılmayıb, xəstəyə başqa bir pasiyentin ayaq rentgen şəkli təqdim olunub. Üstəlik, tibbi etikaya zidd olaraq, pasiyent və yaxınlarına qarşı kobud davranış və təhqiramiz ifadələr işlədilib.
 
Həyatla ölüm arasında: vaxtında qoyulmayan diaqnoz
 
29 avqustda eyni şikayətlərlə yenidən poliklinikaya müraciət edən xəstə təkrarən ürəyində problem olmadığı iddiası ilə nevropatoloqa göndərilib. Nevropatoloq isə bu dəfə resept yazmaqdan imtina edərək, “bu sinir ağrısı deyil, gedin Semaşkoya müraciət edin” deyib.
 
Nəhayət, 1 sentyabr 2025-ci ildə xəstə vəziyyəti ağırlaşdığı üçün təcili qaydada Məlhəm Hospitalına yerləşdirilib. Burada aparılan müayinə nəticəsində “Miokardın aşağı divarının kəskin transmural infarktı, RCA - 99% trombotik əsas damarın tutulması” diaqnozu qoyulub və təcili stent əməliyyatı həyata keçirilib.
 
“Həkim məsuliyyəti daşımalıdır”
 
Xəstə bildirir ki, 99% damar tutulması bir günün və ya bir ayın problemi deyil, bu, uzun müddət ərzində yaranmış vəziyyətdir və poliklinika həkimləri səhlənkarlıq etməsəydi, infarkt bu həddə çatmazdı:
 
“Məni dəfələrlə başdan etdilər, ürəyimdə heç bir problem olmadığını dedilər. Əslində isə həyatım təhlükə altında imiş. Həkimlər protokollara əməl etmir, xəstəni yola verməklə məşğuldurlar.”
 
Şikayətçi həmçinin qeyd edir ki, poliklinikada pasiyentlərə qarşı qeyri-etik davranış adi hal alıb:
 
“Bizi qeydiyyatdan çıxmağa, başqa ünvanlarda uçota durmağa məcbur edirlər. Halbuki, pasiyent harada yaşamasından asılı olmayaraq tibbi yardıma ehtiyacı olduqda müayinədən keçirilməlidir.”
 
Vətəndaş hesab edir ki, Nəsimi rayon 20 saylı poliklinikanın həkim heyətinin fəaliyyəti ciddi araşdırılmalı və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunmalıdır.
 
“Xahiş edirəm, bu özbaşınalıqlara son qoyulsun. İnsan həyatı ilə bu qədər məsuliyyətsiz davranmaq olmaz.”
 
Məsələ ilə bağlı redaksiyamız müvafiq qurumların mövqeyini öyrənməyə çalışacaq.

Baxış sayı: 1281 | Tarix: 17.09.2025
Bizi Telegramda izləyin: @repostaz