Milli Məclis sədrinin müavini Rafael Hüseynov dekabrın 8-də parlamentdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfransda üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı ilə aralarında yaşanan gərginliyə aydınlıq gətirib.
Rafael Hüseynov APA-ya açıqlamasında deyib ki, Milli Məclisin dekabrın 8-də keçirdiyi "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfransda deputatlarla yanaşı xeyli qonaq da iştirak edirdi.
Milli Məclis sədrinin müavini qeyd edib ki, o, konfransda moderator olub və irəlicədən də reqlament müəyyənləşdirilərək elan edilib: “Elmlər Akademiyası prezidenti 10 dəqiqə, Təhsil naziri və digər əsas çıxışçılar 7 dəqiqə. Əsas təqdimatlar 12.15-də bitdi. Daha sonra başlanan müzakirələrdə iştirak etmək üçün 20 nəfər müraciət etmişdi. Hamıya söz çatsın deyə mövqe bildirmək üçün 3 dəqiqə vaxt ayrılmışdı. Müzakirə çıxışlarında hədəf ayrı-ayrı xırda detallar ətrafında gəzişmələr deyil, problemin mahiyyəti, mühüm tərəfləri ilə əlaqədar mövqe bildirmək idi. Bu bir elmi dilçilik simpoziumu deyil, problemin siyasi mündəricəsi və fəlsəfəsi ətrafında fikir mübadiləsi idi. Saat 11-də başlanan konfrans nahar fasiləsinədək – saat 13-də tamamlanmalı idi. Həm də buna görə reqlamentə dəqiq əməl etmək zəruri idi. Reqlament bütün dünyada qəbul olunmuş və ciddi riayət edilən praktikadır. Mən 24 il Avropa Şurasının sessiyalarında iştirak etmişəm. Çıxış üçün 3 dəqiqə, suala 30 saniyə vaxt ayrılır, reqlamentə görə ayrılmış vaxt bitincə mikrofon söndürülür. Bütün beynəlxalq təşkilatlarda reqlamentə həssas yanaşılır və ayrılmış vaxt limitini aşmağa izn verilmir. Milli Məclisdə də istər sədr müavinləri olsun, istər komitə sədrləri, istər deputatlar – ayrılmış 5, ya 10 dəqiqəlik çıxış vaxtı tamam olan saniyədə mikrofon avtomatik sönür. Bizim konfransda mən müzakirələrdə söz söyləmək üçün 3 dəqiqəlik reqlament müəyyən edildiyini, ancaq daha rahat ifadə imkanı yaransın deyə buna daha 1 dəqiqə artırdığımı bildirdim”.
Rafael Hüseynov bildirib ki, konfransda bir çoxları da 3, uzaq başı 4 dəqiqə ərzində çıxışını tamamladı: “Sabir müəllimə 4 dəqiqəni keçəndən sonra fikrini tamamlaması üçün daha 1 dəqiqə şərait yaratdım, ardınca daha 1 dəqiqə. Ancaq reqlamentdən artıq ikiqat həddə yetişəndə saxlamağa məcbur idim. Reqlamenti aşan daha bir neçə nəfərlə də belə alındı. Bütün bunlar adi prosedurlardır. Ana dilimiz, onun qayğıları elə məsələdir ki, həmin konfransa toplaşanların hər biri, xüsusən bu mövzu ilk gəncliyindən bəri yaradıcılığının, mübarizələrinin başlıca istiqamətlərindən olmuş Sabir Rüstəmxanlı bu barədə saatlarla, həm də çox faydalı danışa bilər. Ancaq hər konfrans üçün hesablanmış bəlli hüdudlar və reqlamentlər olur ki, buna da əməl etmək zəruridir və borcdur. Məhz ayrılmış vaxtdan kənaraçıxmalara görə biz konfransı nəzərdə tutulduğundan 40 dəqiqə gec – 13.40-da bitirməli olduq. Reqlamentlərsə məhz ona görə müəyyənləşdirilir ki, insanların vaxtına hörmət edilsin, iştirakçıların irəlicədən vaxtı müəyyənləşdirilmiş daha sonrakı işlərinə əngəl yaranmasın. Həmin gün bir çoxlarının artıq saat 14-ə təyin olunmuş tədbir və görüşləri vardı. Elə mən özüm də saat 14-də cədvəl üzrə təsdiqlənmiş vətəndaş qəbulu keçirməli idim. Yaxşı, mən Milli Məclisdəydim, çatdırdım, bəs həmin konfransda iştirak edən digərləri ki, şəhərin müxtəlif guşələrindəki tədbirlərə yetişməli idilər, onlar necə olsun? Odur ki, vaxtı tələb olunan məqamlarda rəsmiyyət qaydalarına uyğun olaraq tənzimləmək və idarə etməyi gedişat özü diktə edir. Bir daha təkrar edirəm ki, iclas nizamı və intizamı, reqlament çərçivələri dünya boyu tətbiq olunan və heç kəsdə də inciklik yaratmayan, həm də əsla yaratmamalı bir prosedur sayılır. Xalq şairi Sabir Rüstəmxanlı dostumdur, mənə son dərəcə əziz olan bir insandır və bu ülfətin yaşı 50 ildən çoxdur. Sabir bəyin şəxsiyyəti və yaradıcılığına mənim sevgi və sayğımın ifadəsi və təsdiqi də dəyişən epoxalarda ona sabit yüksək münasibətim, bu münasibətin göstəricisi olan yazılarım, çıxışlarımdır. Dostluqda sədaqətin limiti yoxdur, qəbul edilmiş toplantı reqlamentlərində isə dəqiq cızılmış sərt vaxt, hətta bəzən öncədən elan edilən leksikon çərçivəsi var. Bilənlər belə sadə həqiqətləri dəyişik salmır. Sabir Rüstəmxanlı ilə bizim saf, onillərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərimizə isə heç nə və heç kim mənfi təsir edə bilməz”.
Qeyd edək ki, Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Rafael Hüseynov parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. Rafael Hüseynov Sabir Rüstəmxanlıya çıxış üçün ayrılan vaxtın başa çatdığını bildirib. Sabir Rüstəmxanlı isə sözünün kəsilməsinə etirazını bildirib və bunu hörmətsizlik kimi dəyərləndirib: “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin özünüz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz” .
Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.
Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında deyib ki, sabah Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçiriləcək, gündəlikdə bir sıra məsələlər var, Rafael Hüseynov barədə də məsələ qaldırıla bilər: “Amma mən hər hansı inzibati cəza, töhmət, partiyadan çıxarma kimi məsələlər barədə düşünmürəm. Bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var və Siyasi Şuranın iclasında bunu dilə gətirəcəklər. Amma mən mövqeyimi bildirirəm və güman edirəm ki, Siyasi Şura mənim mövqeyimlə razılaşar. Rafael Hüseynovla uzun illər davam edən dostluğumuz var və bu məsələni də öz aramızda həll edərik”.