Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl insident qeydə alınıb.
Bu barədə AZAL mətbuat xidmətindən bildirilib.
“Dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb.
Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb”-deyə məlumatda vurğulanır.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.
Xatırladaq ki, bununla bağlı Çexiyada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Mətanət Əzizova sosial şəbəkə hesabında yazıb ki, Praqadan Bakıya gələn sərnişinlər həyəcanlı anlar yaşayıblar. O bildirib ki, Praqa aeroportunda, Praqa–Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi yoxlamadan keçmədən, qanunsuz trapa daxil olaraq təyarə tərəfə getməyə çalışıb.