Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib.
 
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Sənan Mehdiyevə Amnistiya aktı şamil olunub və o, cəzadan azad edilərək azadlığa buraxılıb.
 
Qeyd edək ki, 2025-ci il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Sənan Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Baxış sayı: 578 | Tarix: 07.01.2026
Bizi Telegramda izləyin: @repostaz