Qəribə bir tendensiya yaranıb: kim bir az büdrədisə, hamı onu əzməyə çalışır. Təəssüf ki, belə yanaşma həmkarlarımız arasında da az deyil.
Süni intellektin təhlükələri ilə bağlı bir verilişdə hazırlanmış foto və videolar əsas götürülərək Kübra xanım hədəfə çevrildi. Onu topa tutdular, əxlaqına, tərbiyəsinə dil uzatdılar. Səbəb nədir? Guya orucluq zamanı “içki içib”, “siqaret çəkib”.
Bu ittihamları səsləndirənlərin əksəriyyətinin nə dindən, nə imandan, nə də əxlaqdan yetərincə anlayışı var.
Birincisi, din azaddır. Kimsə Allaha inanmırsa, oruc tutmursa, namaz qılmırsa, bunun əxlaqla birbaşa əlaqəsi yoxdur. Əxlaq hər şeydən əvvəl vicdan məsələsidir.
Oruc tutub, namaz qılan, amma eyni zamanda müxtəlif xoşagəlməz əməllərə yol verən yüzlərlə insan tanıyırıq. Gündüz ibadət edib, axşam başqa davranışlar sərgiləmək insanı avtomatik olaraq mənəvi cəhətdən üstün etmir.
Oruc sadəcə günün müəyyən saatlarında ac qalmaqdan ibarət deyil. Tibbi baxımdan da məlumdur ki, ildə müəyyən müddət fasiləli qidalanma orqanizm üçün faydalı ola bilər. Lakin orucun əsas mahiyyəti mənəvidir – insanın öz nəfsi ilə mübarizəsi, özünənəzarət və daxili intizamdır.
Əgər insan yalan danışırsa, aldadırsa, ikiüzlülük edirsə və yalnız görüntü naminə ibadət edirsə, bu artıq inancın deyil, səmimiyyətin problemidir.
Azərbaycan dini dövlət deyil, dünyəvi dövlətdir. Heç kim Allaha inanmağa, İslamı qəbul etməyə və ya dini ayinləri icra etməyə məcbur deyil. Hər kəs öz seçimində azaddır. İnanmaq da, inanmamaq da şəxsi seçimdir.
Bu səbəbdən kimisə inancına, ya da şəxsi həyat tərzinə görə qınamaq və ittiham etmək heç kəsə başucalığı gətirmir.
Məsələnin mahiyyətini, məlumatın doğruluğunu araşdırmadan Kübra xanımı linç etməyə hazır dayananlar görəsən heç utanırlarmı? Bir insan haqqında hökm vermək bu qədər asandırmı?
Məncə, sizin Kübra xanımdan deyil, öz vicdanınızdan və cəmiyyətdən bir yox, min üzr borcunuz var.
Cəmiyyətin nəbzini yoxlamaq məqsədilə hazırlanan həmin foto və videolar əslində daha böyük bir problemi üzə çıxardı — jurnalistikamızın ağrılı tərəflərini. Faktı yoxlamadan ittiham irəli sürmək, araşdırmadan nəticə çıxarmaq, emosiyaya qapılıb peşə prinsipini unutmaq…
Bu hadisə bir daha göstərdi ki, bizdə təkcə etik davranış yox, peşəkarlıq məsələsi də ciddi müzakirəyə ehtiyac duyur. Təcrübə çatışmazlığı, məsuliyyətsizlik və savad problemi informasiya məkanını zədələyir.
Jurnalistika hökm vermək sənəti deyil — həqiqəti axtarmaq və təqdim etmək peşəsidir. Həqiqət axtarılmadıqda isə ortaya nə informasiya çıxır, nə də ədalət.
Zülfüqar Xeyirxəbər