“Bizim ölkədə insan həyatı ūçūn ən risqli və təhlūkəli sahə dəniz neftçilərinkidir. Ona görə də, bu sahənin, orada çalışan insanların təhlūkəsizliyinə xūsusi diqqət yetirilməlidir”. 
 
 
RePost.Az xəbər verir ki, bu təkliflə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay çıxış edib. Onun fikrincə bu barədə təcili profilaktik tədbirlər görūlməlidir. Cavabdeh orqanlarin və aidiyyətli vəzifəli şəxslərin məsuliyyəti artırılmalıdır. “Baş Prokurorluq da son dövrlər istehsalatda və xūsusilə dəniz neftçiliyində kəskin artan travma və ölūm nəticəli hadisələrə gūzəştsiz, sərt yanaşmalıdır. Bu qədər də hadisə və itki olmaz”, - Altay əlavə edib.
 
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
 İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
 
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
 
 Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
 Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
 
RePost.Az

Baxış sayı: 2668 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz