"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
"Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. Axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir", - deyə B. Ağarəhimov bildirib.
 
Qurum rəsmisi qeyd edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb: "Lakin küləyin sürəti saniyədə 41 metr olub".
 
Onun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib: "Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında aparılıb".
 
Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
 
1. Zülfüqarov Güloğlan - maşinist
 
2. Zülfüqarov Azay - operator
 
3. Qurbanov Vidadi - operator
 
4. Həsənov Elçin - mexanik
 
5. Hacıəliyev Həsənağa - operator
 
6. Qafarov İlham - operator
 
7. Əsədov Samir - operator
 
8. Bəhrəmov Cavid - operator
 
9. Abbasov Ramiz - maşinist
 
10. Rüstəmov Qorxmaz - operator
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
 
 
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
 
FHN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun "Vixr-5" və "Vixr-8" gəmiləri hadisə yerindədir, axtarışlar aparılır.
 
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov isə APA-ya bildirib ki, baş vermiş hadisə ətraflı dəyərləndirilərək qurumun Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər - "Gültəkin Əsgərova", "Vadim Seyidov", "Vixr-5" öncə hadisə yerinə yönəldilib.
 
İkinci mərhələdə isə "Caspian Provider", "Caspian Pride" və "Lənkəran" gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib. "Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəz tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır", - deyə T. Müseyibov qeyd edib.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, SOCAR və FHN ilə əlaqə saxlanılaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub.
 
Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə QSC-nin gəmiləri dərhal hadisə yerinə səfərbər edilib.
 
Hadisə ilə əlaqədar “AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq,  xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.
 
Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib.

Baxış sayı: 2611 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz