Qubanın sabiq icra başçısı Mübariz Ağayevin rayondakı evlərinin birinin kül olması ilə nəticələn müəmmalı yanğın haqda rayonda şayiələr gəzir; onun rəhbərliyinin “Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər…
 
Oktyabrın 27-dən 28-nə keçən gecə Quba rayonunda dəhşətli yanğın olub. Qubanın sabiq icra başçısı Mübariz Ağayevin rayondakı evlərində birində gecə saatlarında başlayan müəmmalı yanğın bir neçə saat davam edib. Rəsmi məlumata görə, Mübariz Ağayevə məxsus evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Yanğının səbəbləri araşdırılsa da, Qubada artıq bu barədə xeyli şayiələr və söz-söhbətlər yayılıb.
 
Rayondan aldığımız məlumata görə, sabiq icra başçısının evində yanğının qəsdən ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər var. 2012-ci ilin mart hadisələrindən sonra Qubaya icra başçısı təyin edilən M.Ağayev rayonda heç üç il işləyə bilmədi, amma ondan narazılıqlar qalır, tikdirdiyi obyektlər və villalar haqda isə indiyədək də danışırlar.
 
Yada salaq ki, Qubada 2012-ci ildə baş vermiş etiraza səbəb icra hakimiyyəti başçısı Rauf Həbibovun yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsindən sonra baş vermişdi. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırmışdı. Belə bir gərgin vaxtda rayonun o zamankı kuratoru nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə (M.Ağayevlə sabiq nazir bir rayondandır) rəhbər təyin edilən M.Ağayev isə etimadı doğrultmadı. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslı dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin “Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.
 
Onun rəhbərliyi dönəmində kütləvi etirazlar olmasa da, icra başçısının əhalinin deyil, öz yaxın adamlarının güzaranını fikirləşdiyi, rayon ərazisində bir neçə yerdə villa tikdirdiyi xəbərləri mediada günlərlə müzakirə olunub. Ümumiyyətlə M.Ağayevin adı korrupsiyalaşmış məmurlar sırasında ön sıralarda çəkilib.
 
Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məlumatlar verilib. Qubanın problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda biznes obyektlərinin “göbələk” kimi artmasını da bilməyən yoxdur.
 
Təsadüfi deyil ki, Z.Məmmədovun ən yaxın adamlarından biri kimi tanınan M.Ağayev heç üç il keçməmiş icra başçısı vəzifəsindən azad edildi. 2015-ci ildə yenidən Göyçaya (o, 2006-2007-ci illərdə Göyçayın icra başçısı işləmişdi) rəhbər göndərilən M.Ağayev bir il sonra buradan da işdən çıxarıldı.
 
Ağayevin vəzifəsindən uzaqlaşdırılmasına əsas səbəb Ziya Məmmədovun “vurulması” və Göyçayla bağlı Prezident Administrasiyasına şikayətlərin çoxluğu ilə izah edilirdi. Onun Z.Məmmədovun qudasının rəhbəri olduğu Kənd Təsərrüfatı Nazirliyində nazir müavini təyin ediləcəyi deyilirdi. Çünki Azərbaycan Texnologiya İnstitutunu bitirən M.Ağayev ixtisasca texnoloqdur. Nazir müavini təyin edilməyən sabiq icra başçısına hansısa kiçik şöbə tapşırıldı.
 
Səhhətində problem olduğu deyilən M.Ağayev bir neçə ay əvvəl Almaniyada əməliyyat olunub. Hazırda harada olduğu barədə dəqiq bilgi yoxdur. Onun yanğının səhəri günü (oktyabrın 28-də) Qubaya getdiyi barədə dəqiqləşməmiş xəbər var.(musavat.com)
 
RePost.Az


Baxış sayı: 2440 | Tarix: 30.10.2017
Bizi Telegramda izləyin: @repostaz