Şamaxıda  torpaq sürüşməsi səbəbindən 528 ev qəzalı vəziyyətə düşüb,142  ev isə yaşamaq üçün təhlükəli hesab edilir. 
 
RePost.Az-ın Şirvan bürsonun məlumatına görə, torpaq sürüşməsi Şamaxı şəhərinin 48  a məhəllə  sakinlərini çətin duruma salıb. Belə ki bəzi sakinlərin evləri və həyətlərdə olan yardımçı tikililəri torpaq qatının axması nəticəsində ucub. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında irili xırdalı çatlar əmələ gəlib. Sakinlər öz hesablarına  ağır texnikalar vasitəsi ilə ərazidə torpaqdan bənd yaratsalar da,  çətinlik aradan qalxmır.
 
Məhəllədə bir neçə ev yaşamaq üçün yararsız hala düşdüyündən  sakinlər qohumlarının evinə sığınıb. Bəziləri isə nə qədər təhlükəli olsa da, evlərini tərk etmək niyyətində deyil. 
 
Sakinlər təhlükə ilə bağlı aidiyyatı orqanlara məlumat versələr də, ərazidən torpağın təmizlənməsi işinin hələ də aparılmadığı bildirilir. Şamaxı rayon İcra Hakimiyyətindən RePost.Az-ın Şirvan bürosuna verilən məlumata görə, torpaq sürüşməsi səbəbindən  Şamaxı şəhəri də daxil olmaqla kəndlərlə birgə 528 evdə irili xırdalı çatlar əmələ gəlib, 142 ev isə yaşamaq üçün yararsız hesab edilib. O ki qaldı 48 a məhəlləsində baş verən  sürüşmə sahəsinə, sözü gedən əraziyə  baxış keçrilib və sənədlər hazırlanaraq aidiyatı üzrə qrumlara göndərilib. Amma sakinlərin evlə təmin edilməsi,onların köçrülməsi eyni zamanda ərazidə işlərin grülməsi rayon icra hakimiyyətinin gücündə və səlahiyyətində deyil.
 
Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.
 
RePost.Az

Baxış sayı: 3960 | Tarix: 16.08.2018
Bizi Telegramda izləyin: @repostaz