Neftin qiymətinin dünya bazarında 30 faiz ucuzlaşmasından sonra Azərbaycanda 3 aya devalvasiya olacağı barədə şayiələr dolaşmağa başlayıb.BAKU.WS xəbər verir ki, sosial şəbəkədə müzakirə olunan bu məsələ əslində həqiqəti əks etdirmir.

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da BAKU.WS-ə bildirib ki, Azərbaycan hökuməti neftin ucuzlaşmasını diqqət mərkəzində saxlayır və bu vəziyyət ölkəmiz üçün təhlükə təşkil etmir:

“Maliyyə Nazirliyinin risklərlə bağlı hesabatında qeyd olunur ki, 2020-ci ilin büdcəsi hazırlanarkən neftin qiyməti 55 dollardan proqnozlaşdırılsa da, risk dərəcəsi kimi qiymətin 40 dollara qədər ucuzlaşması nəzərə alınıb. Neftin orta ixrac qiyməti 40 dollara düşərsə, bu halda neft-qaz sektorundan büdcəyə daxil olmalar 1,3 faiz, qeyri-neft sektorundan büdcəyə daxilolmalar isə 0,3 faiz azala bilər. Həmçinin qeyd olunur ki, büdcənin bir nömrəli gəlirini ödəyən Azərbaycan Dövlət Neft Fondudur. Fond isə manatla transferləri edir, dollarla qazanır. Bu vəziyyət qısa müddətli, konkret bir il üçün hər hansı təşviş yaradacaq risklər yaratmır.2015-ci ildə Azərbaycanda devalvasiya olmuşdu. Həmin il büdcədə neft üçün 90 dollar götürülmüşdü.

Həmin vaxt neftin orta qiyməti 54 dollar oldu. 2015-ci ildə devalvasiyanın səbəblərindən biri də bu oldu ki, ölkədən böyük məbləğdə valyuta çıxarılmışdı. Bundan əlavə maliyyə sistemi xidmət etmək səviyyəsində deyildi. Devalvasiya da 2 dəfə buna görə oldu ki, iqtisadiyyatda tarazlıq əldə olunsun. Həmçinin əldə böyük həcmdə pul kütləsi var idi. Bu pul kütləsi də nağd şəkildə idi. Həmin vaxt hətta təqaüdçülər əldə olan pulu dollara çevirmək iqtidarında idilər.Lakin indi - 5 ildən sonra biz müşahidə edirik ki, Azərbaycanın valyuta ehtiyatları 25 faiz artıb.

2015-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyarddan 4 milyarda düşmüşdüsə, indi bu ehtiyatların hər il artımını müşahidə edirik. Bu artımda Neft Fondunun böyük xidməti olub. Ancaq əsas məsələ budur ki, maliyyə sistemində uçot, banklara nəzarət və nağdsız hesablaşmalar sistemini normal səviyyəyə gətirə bilmişik. İndi insanlarda dollar almaq arzusu olsa da, nağd pul kütləsi ona imkan vermir ki, nəzarətdən çıxsın. Bundan başqa milli və xarici valyutada yerləşdirilən depozitlər 49-51 səviyyəsindədir. Bütün bunlar dayanaqlığı təmin edən amillərdir.Hesab edək ki, bu il neftin qiyməti Maliyyə Nazirliyinin risk dərəcəsi kimi tanıdığı 40 dollar səviyyəsində oldu.

Gəlirlərimiz 24 milyard manatdır. Mövcud vəziyyətdə büdcəyə 500 milyon AZN-ə qədər az vəsaitin daxil olması proqnozlaşdırıla bilər. Belə bir vəziyyətdə Azərbaycan hökuməti öz xərclərini rasional xərcləmələrlə həyata keçirə bilər. Ən pis halda aktivləri 43,3 milyard dollara çatan Azərbaycanın Dövlət Neft Fondundan ayrılacaq vəsaitlə bu kəsiri aradan qaldırmaq mümkün olacaq”.


Baxış sayı: 3409 | Tarix: 10.03.2020
Bizi Telegramda izləyin: @repostaz