...Onu birinci dəfə görəndə əynində “voryonka” vardı. 
 
90-cı illərin lap əvvəllərindən gənclər arasında dəbə minmiş cins şalvar-gödəkcəni, nədənsə, belə adlandırırdılar və həmin illərin qaynar hadisələri içində ora-bura vurnuxan reportyorlara bu rahat geyim çox yaraşırdı. 
 
1996-cı ilin payızında Jurnalistika fakültəsinin lap girəcəyindəki auditoriyaların birinin açıq qapısından nəzərim sataşan cins geyimli, uzun, dalğavarı saçlı, özünəməxsus üz cizgiləri olan bu qəribə adamsa reportyor deyildi, müəllimdi və bizdən bir kurs yuxarı oxuyan tələbələrə dərs keçirdi. Elə o andan hiss eləməyə başladım ki, təsəvvürlərimdəki qara kostyumlu, ağ köynəkli, qalstuklu, ağbaş universitet müəllimi obrazı, deyəsən, dağılmağa başlayır.
 
...Sonra onu tənəffüslər zamanı fakültənin dəhlizində tələbələrin əhatəsində tez-tez görərdim. Qızğınlıqla, həvəslə, özünəməxsus tərzdə danışardı. Söylədikləri çox vaxt ayrı-ayrı tələbə yoldaşlarımızın dəhlizdə yaxınlaşıb verdikləri suallara geniş cavablar olardı. Bu tənəffüs söhbətləri bəzən auditoriyadakı dərslərimizdən də maraqlı gələrdi. Bəzənsə hansısa qəzet redaksiyasının planlaşdırma materiallarını tələbələrlə müzakirə etdiyini eşidirdim. Fakültəyə bir az alışandan sonra öyrəndim ki, dərsdən sonra 90-cı illərin ortalarında çox populyar olan “Press-fakt” qəzetinin məsləhətçisi kimi çalışır. Materialları müzakirə elədiyi tələbələrsə həmin qəzetin o illərdə imzaları çox məşhur olan yazarlarıdır. Başına toplaşmış həmin yazarlar arasında olmaq o illərdəki ən böyük arzularımdan idi. Gerisi xatirələrimdə ilişib qalmış xırda-xırda unudulmaz epizodlardan ibarətdir.
 
***
 
...Birinci kursun ilk imtahan sessiyası mənim üçün əla başlasa da, çox pis davam edir. “Azərbaycan dili” fənnindən 5 almışam. Ondan sonra gələn “Folklor” imtahanından isə tələbələrin qorxulu yuxusu olan qocaman professor Vaqif Vəliyev yağlı bir 3 yazıb. Folklor indi də çox sevdiyim sahədir. Xalq yaradıcılığının bir çox nümunələrini sinədəftər bilirəm. Di gəl, Tanrıtanımaz professor Koroğlu dastanındakı Dəmirçoğlunun belinə doladığı zəncirin çəkisini və Aşıq Hüseyn Bozalqanlının Yazıçılar İttifaqına qəbul olunanda yazdığı şeirin ilk misralarını dəqiq xatırlaya bilmədiyimə görə 3 yapışdırıb. Böyük qüssə ilə dekanatlığa yaxınlaşıb dekanımız Akif Rüstəmovdan xahiş edirəm ki, müəllimin mənə 3 yox, 2 yazmasına kömək göstərsin. Kəsir qalsa, bəlkə daha yaxşı hazırlaşıb, heç olmasa 4 ala bilərəm. Bu qəribə adam da içəridədir. Necə hüznlü halətdə olduğumu görüb qınaqla soruşur ki, “Qiymət axı, sənin nəyinə gərəkdir?! Qiymət almaq üçün çalışma heç vaxt, bilik qazanmaq üçün çalış”. 
Mənsə ona fikir vermək hayında deyiləm, 3-ü necə düzəltmək haqqında fikirləşirəm və bunu bir də 4 ildən sonra edə bilirəm.  
 
***
...Mehdi Hüseynzadənin heykəlinin böyründə yerləşən köhnə avtovağzalda ”İkarus”a əyləşib avtobusun rayona çıxmağını gözləyirəm. Səyyar qəzet satıcısı salona  daxil olub, bugünkü qəzetlərin anonslarını hündürdən car çəkir. Əlindəki qəzetlər arasında “Press-fakt” da var. Alıb oxumağa başlayıram. Lap arxa səhifədə, televiziya ekranı içində bu qəribə adamın şəkli və köşə yazısı gözümə dəyir. İndiyə qədər heç vaxt rastlaşmadığım qeyri-adi yazı üslubu təəccübləndirir. 
 
Bu yazını elə vaxtda oxuyuram ki, tanınmış aktyor və xaraktercə də bir qədər çılğın  insan olan deputatlardan biri neçə gün əvvəl haqqında yazılmış hansısa yazıya əsəbiləşərək jurnalistlərin ünvanına “küçüklər” ifadəsini işlədib. Jurnalistlərin müəllimi və həmkarı olan bu qəribə adamsa, təhqir etmədən, etik qaydalara zərrəcə xələl gətirmədən ona ara-sıra jurnalistika fəaliyyəti ilə məşğul olan yanağı xallı öz övladını da xatırladır.  
 
Eyni fərqli üslubu və yaradıcı ustalığı iki nömrəsini çıxardığı, səhv eləmirəmsə, “TV tel” adlı jurnalda, “İnternews” təşkilatında, tələbə yoldaşlarımızın onun rəhbərliyi ilə hazırladıqları “Güzgü” verilişində də görürəm. 
 
***
 
...Axundov kitabxanasında “Televiziya və radio jurnalistikası” fənnindən imtahana hazırlaşmaq üçün bir neçə kitab sifariş vermişəm. Biri də onun “Danışan güzgünün sirri” kitabıdır. Vərəqləyib oxumağa başlayıram. Adətən mövzunu heç müəllifin özünün də düz-əməlli anlamadığı, sadəcə rus alimlərindən çırpışdırıb naşı şəkildə tərcümə etdiyi akademik dərsliklərin adət etdiyimiz dolaşıq və mürəkkəb cümlələrindən büsbütün fərqli bir tərz. 
 
İllər sonra bu cür sadə, oynaq, anlaşıqlı izah texnologiyasına bir çox Qərb alimlərinin kitablarında rast gələndə təəccüblənirəm ki, sovet dövründə o, belə bir formanı, necə və kimdən mənimsəyə bilibmiş? 
Görünür, burada onun jurnalistika təhsilini Moskva Dövlət Universitetində almasının da müəyyən rolu vardı.
 
Bu qədər misilsiz biliyə malik bir müəllimin elmi titulunun vur-tut baş müəllimlikdən ibarət olması da başqa bir heyrətim idi.
 
Namizədlik dissertasiyasını tam başa çatdırandan sonra müdafiə etməyib kənara qoyubmuş. 
***
...Bu qəribə adamın dərsindəyik. “Uşaqlar, heç sizdən kimsə məhkəmə prosesində iştirak edib?!” – deyə auditoriyaya üz tutur. Artıq tələbəliyin sonlarına yaxınlaşırıq. İki ildən çoxdur, “Şərq” qəzetində çalışıram. Bu müddətdə, məhkəmə iclaslarına getdiyim də olub. Dərhal əlimi qaldırıram: “Mən iştirak etmişəm”. Qəzəblə qışqırır: “Sən bir də səsini çıxarsan, ataram bayıra!” Belə gözlənilməz reaksiyaya özüm də, tələbə yoldaşlarım da xeyli heyrətlənirik. “Nə qəbahətə yol verdim axı” - deyə düşünürəm. O isə tutulduğumu görüb, bir qədər üzümə baxır və gülümsünür: “Yadigar, əzizim, çox vaxt məhkəmələrdə hakimlər müttəhimlərə və şahidlərə belə deyirlər”. 
 
***
 
...7 apreldir. Dərsə başlayan kimi, bu günün nə günü olduğunu soruşur. Hərə bir fərziyyə səsləndirir. Handan-hana tələbə yoldaşlarımızdan biri “Molla Nəsrəddin” jurnalının ilk məqaləsi olan “Tiflis, 7 aprel”i yada salınca acı-acı soruşur ki, “Heç ata-ananızdan utanırsınız?!”
 
***
 
...Bizdən aşağı kurslardan birinin tələbələri divar qəzeti hazırlayıb vurublar lövhəyə. Bu qəribə adam lövhənin qarşısında durub diqqətlə oxuyur. Sonra qələmini çıxarıb ərinmədən, sərlövhələri, məqalələri elə divardaca redaktə edib gedir. Qəzeti buraxmış tələbələr materialların bu halətini görəndə dəli olurlar.
 
  ***
 
Fakültədəyik, son dərsi gözləyirik, dəhlizdə bizi görüb deyir ki, burada nə gəzirsiniz, gedin redaksiyalara, yazılar yazın, layihələr düşünüb təqdim edin, pul qazanın. 
Filip Kotlerin 1993-cü ildə ilk dəfə Azərbaycan dilinə tərcümə edilmiş “Marketinqin əsasları” kitabının adını da birinci dəfə ondan eşitmişdim. Deyirdi ki, neçə ildir belə bir kitab çıxıb, siz isə onu hələ də oxumamısınız. 
 
  ***
 
Biz tələbəlik illərimizi keçid dövründə yaşadıq. İki dövrün arasında sıxılıb suyu çıxmış nəslin təmsilçiləri olmağımıza son illərə qədər təəssüflənirdim. Amma indi görürəm ki, transformasiya prosesləri o zamanların içində yaşamış, həmin tarixi hadisələri  öz həyatından keçirmiş kəslər üçün, həm də nə qədər böyük təcrübələrdir, misilsiz fürsətlərdir. Tarixə birbaşa şahidlikdir.
 
O maraqlı dövrdə bizə dərs deyən müəllimlər arasında, ən müxtəlif nəsillərin təmsilçilərini görmək olardı. Eləsi vardı, keçmişdə ilişib qalmışdı. Hec vəhclə də ondan qopmaq istəmirdi. Eləsi vardı, tədricən zamanın çağırışlarına uyğunlaşırdı. O isə məncə, bir neçə on il sonradan – gələcəkdən gəlmişdi. Ona görə çoxluğun içində qəribə təsir bağışlayırdı.  
 
Aylar ötdü, illər dolandı, gənc nəslin təmsilçiləri onun 90-cı illərin ortalarında olduğu yerə gəlib çatanda geyimləri ilə də, davranışları ilə də, yazı tərzləri ilə də yavaş-yavaş bu qəribə adama bənzəməyə başladılar.        
 
***
 
Təxminən on il olar eşitmişdim ki, fakültədən gedib. Daha orada dərs demir. İndi hardadır, nə işlə məşğuldur, məlumatsızam. Amma onu bilirəm ki, yenə ən azı otuz-qırx il irəlidədir və haradasa başına yığışmış gənclərə yenə gələcəkdən soraq gətirib faydalı təcrübələr ötürür. 
Srağagün 70 yaşının tamam olduğunu öyrəndim. 
 
Daha sonra çox maraqlı bir yubiley müsahibəsi çıxdı rastıma. İki dəfə ləzzətlə oxudum və müsahibədəki şəklinə də baxıb sevindim ki, əziz müəllimimiz düşüncə, müasir inkişaf meyllərinə açıqlıq baxımından hər nə qədər sürətlə yenilənsə də, zahirən heç dəyişmir.  
Müdriklik yaşında da yenə gördüyüm həmin o Zeynal Məmmədlidir. 
 
Müəllimimiz Zeynal..
Ustad Zeynal!
 
Yadigar Cəfərli

Baxış sayı: 30427 | Tarix: 08.05.2023
Bizi Telegramda izləyin: @repostaz