Bu gün 34 yaşlı Fərid Nəcəfqulu oğlu Əliyev koronovirus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edib.

RePost.Az-ın məlumatına görə, Ağcabədi şəhərindən olan F. Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birlikdə Bakıda yaşayıb.

O, bir həftə əvvəl özündə nasazlıq hiss edib. Mərhum qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib.

Lakin buna baxmayaraq, F. Əliyev həkimə müraciət etməyib, o, ev şəraitində özü müalicə olunmağa cəhd edib. Dünən axşam saatlarında vəziyyəti kəskin pisləşdiyi üçün ailə üzvləri təcili tibbi yardım çağırıblar.

Təcili yardım gəlsə də, F. Əliyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, F. Əliyev hansısa xəstəlikdən əziyyət çəkməyib, onun şikayəti olmayıb.

O, bu gün doğulduğu Ağcabədi rayonunda dəfn olunub. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsinin nümayəndəsi Vüsal Mehdiyev APA-ya deyib ki, F. Əliyevin dəfn mərasiminin kütləvi keçirilməsinə icazə verilməyib: “Fərid Əliyevin cənazəsi ata ocağına aparılmadan qəbiristanlıqda dəfn olundu. Karantin qaydalarına uyğun olaraq, kütləvi yas mərasimlərinin keçirilməsinə də icazə verilmir”.

Qeyd edək ki, F. Əliyevin iki azyaşlı övladı var, ikinci övladı 2 ay əvvəl dünyaya gəlib.


Baxış sayı: 3276 | Tarix: 12.06.2020
Bizi Telegramda izləyin: @repostaz