Sentyabrın 14-də “ADY” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində ölüm faktı qeydə alınıb.
 
Qaradağ rayon prokurorluğundan RePost.Az-a verilən məlumata görə, müəssisədə yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadov inşaat materiallarının daşınması üçün nəzərdə tutulmuş vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsi vaqonun dəmir qapağı ilə təkərin arasında qalıb. Nəticədə fəhlə hadisə yerindəcə keçinib. 
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Hazırda hadisənin baş vermə səbəb və mexanizminin, habelə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 2668 | Tarix: 15.09.2020
Bizi Telegramda izləyin: @repostaz