Bu gün səhər saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən atəşə tutulub.
 
BAKU.WS xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin raketdən tutduqları atəş nəticəsində yaralananlardan biri erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoriyan Nina Romanovnadır.
 
Qeyd edək ki, hadisə nəticəsində Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.
 
İlkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb.
 
Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baxış sayı: 2250 | Tarix: 04.10.2020
Bizi Telegramda izləyin: @repostaz