Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Qaradağ rayon Prokurorluğundan RePost.Az-a verilən məlumata görə, “Sədərək” TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 5024 | Tarix: 01.02.2021
Bizi Telegramda izləyin: @repostaz