Bakıda şagirdlərin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
 
RePost.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
 
Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir.
 
Qeyd edək ki, hadisə ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
 
Belə ki, iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib.
 
Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.
 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qızlar dünən keçirilən onlayn dərsdə iştirak etməyib. Onlar Lökbatan qəsəbəsinə repetitor yanına gediblər. Belə ki, sinif yoldaşı olan qızlar ingilis dili hazırlığına getmək adı ilə ötən gün evdən çıxıblar. Bir neçə saat sonra isə onların bir yerdə özlərini binanın damından ataraq intihar etdiyi məlum olub.
 
Şagirdlərin sinif rəhbəri Səmayə Hüseynova Publika.az-a açıqlamasında onların sonuncu dəfə ötən həftənin 5-ci günü dərslərdə iştirak etdiyini bildirib: "Hər ikisi yaxşı oxuyan şagirdlərdən idi. Əfruz məktəbimizin rəssamı idi, Mətanət də 4-5 qiymətlərlə oxuyurdu. Biz onlarda hər hansı çılğınlıq, qeyri-adi davranış hiss etməmişik. Çox tərbiyəli ailələrin övladlarıdırlar. Bizə də çox müəmmalı qalıb bu hadisə, hamımız şokdayıq".
 
Qeyd edək ki, məktəblilərin cənazələri artıq ailələrinə təhvil verilib. Onların ikisi də bu gün Qobuda dəfn ediləcəklər.

Baxış sayı: 3143 | Tarix: 10.03.2021
Bizi Telegramda izləyin: @repostaz