ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.
 
Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı Co Bayden ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. 
 
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Kyiv Post”a müsahibəsində deyib ki, ölkəsi Donbass, Luqansk bölgələrinin və Krım yarımadasının işğaldan azad edilməsi prosesində ABŞ-ın iştirakına ümid edir.
 
“Ukraynanın əsas gözləntilərindən biri Donbass və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır”, - deyə Ukrayna XİN başçısı bildirib.
 
O, ABŞ-ın bu məsələni diqqətində saxlamalı olduğunu, Ukraynanın təhlükəsizliyinin həm Avropa, həm də Avro-Atlantik məkanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. 
 
“Biz hələ də ABŞ rəhbərliyindən konkret və düzgün addımlar gözləyirik”, - deyə D. Kuleba əlavə edib.

Baxış sayı: 2915 | Tarix: 02.04.2021
Bizi Telegramda izləyin: @repostaz