Gəncə şəhər sakini Seymur Rüstəmov bir neçə gün öncə Şəkidə olarkən şəhər ərazisində yerləşən "Luksoil" yanacaq doldurma məntəqəsində avtomobilinə dizel yanacağı töküb.
 
RePost.Az BAKU.TV-yə istinadən xəbər verir ki, həmin şəxs yanacaq çənini doldurub yoluna düzəlsə də, Yevlax rayonundan o tərəfə keçə bilməyib.
 
Mühərriki sönən maşını nə qədər əlləşsə də işə salmaq mümkün olmayıb. İçərisində ailə üzvləri də olan avtomobilin dadına evakuator gəlib.
 
Yaxınlarını taksi ilə evə, yerindən tərpənməyən avtomobili isə evakuatorla avtomobil təmiri servisinə aparan Seymur orada gördüklərinə inana bilməyib.
 
Bu hadisəyə başqalarının da inanmayacağını düşünən qəhrəmanımız həmin anları telefonun yaddaşına köçürüb.
 
Avtomobilin yanacaq çəni çıxarılıb, bəzi ehtiyat hissələri dəyişdirilib və ondan sonra maşın işə düşüb. Bu isə Seymur Rüstəmovu 500 manatdan çox xərcə salıb.
 
Yanacaq çənindən çıxan dizel yanacağını bidonlara yığaraq yenidən Şəkidə yerləşən "Luksoil" yanacaq doldurma məntəqəsinə gələn Seymur dəyən ziyanın ödənilməsini istəyir.
 
Həmin vaxt Seymurla birgə avtomobildə olan Hümmət də dostunun dediklərini təsdiqləyir. O da onlara dəyən ziyanın ödənilməsini istəyir.
 
Şikayətçi dostları il birlikdə çəkilişimizdən öncə "Luksoil" yanacaq doldurma məntəqəsinin rəhbəri ilə danışmağa çalışsalar da razılığa gələ bilməyiblər.
 
BAKU.TV olaraq qarşı tərəfin də fikirlərini öyrənmək istədik. Yanacaq doldurma məntəqəsinin rəhbərinin adının Zakir olduğunu öyrənsək də özünü orada tapa bilmədik.
 
Satdıqları məhsuldan gələn şikayətlə bağlı cavabdeh olan Zakir adlı şəxs telefon zəngimizə də cavab vermədi.

Baxış sayı: 2953 | Tarix: 16.04.2021
Bizi Telegramda izləyin: @repostaz