Aprelin 25-də saat 08 radələrində Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 
Bu barədə RePost.Az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
 
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
 
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 1997-ci il təvəllüdlü Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılmış və hadisə yerində ölmüşdür.
 
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
 
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Baxış sayı: 3048 | Tarix: 26.04.2021
Bizi Telegramda izləyin: @repostaz