Maltada yaşayan azərbaycanlı qadın yerli hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin onu öldürmək üçün killer tutduğunu bildirib.

RePost.Az “The Times of Malta” nəşrinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü prokurorluq tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən qadın boşanma prosesində olduğu ərinin onu qətlə yetirmək planlarını aşkar edib.

Prokuror Piter Pol Zammit tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə “qorxmuş və həyacanlı vəziyyətdə olan” qadının ərinin bu planını necə aşkarladığı təsvir olunur. Bildirilir ki, qadının əri onun əməkdaşı olduğu təxmin edilən azərbaycanlı ilə arvadını öldürmək üçün Maltada killer tutması barədə söhbət aparıb. Qadın hakim Yan Farrugiaya təqdim etdiyi ərizəsinə iki videofayl da əlavə edib. Həmin videofayllarda bir nəfər azərbaycanlı bildirir ki, qadının ondan ayrı yaşayan əri qətl planını onunla müzakirə edib. Bu şəxs bildirir ki, qətlə görə Azərbaycandan ona böyük məbləğdə pul təklif ediblər.

Plana əsasən muzdlu qatil qadını öldürməli və daha sonra Maltadan qaçmalı idi. Videoda azərbaycanlı bildirir ki, qadının əri ilə yaxın münasibətləri olub. Və o, arvadı ilə olan problemlərdən danışıb. Adı açıqlanmayan bu azərbaycanlının sözlərinə görə, ər arvadından yaxa qurtarmaq, yəni onu öldürmək istəyir və bunun üçün sanballı məbləğ ödəməyə hazırdır.

Qadın habelə bildirir ki, həmin azərbaycanlının onun yanına gəlişindən bir neçə ay əvvəl mənzilinə gizli kamera və səsyazan qurğu yerləşdirilib. Həmin qurğu və müvafiq fotolar araşdırma üçün məhkəməyə təqdim olunub.

Mənbələr “Times of Malta” nəşrinə deyiblər ki, ər-arvadın arasında problemlər bir neçə ildir davam edir. Məhkəmə araşdırmaları barədə sorğunun verilməsi məhkəməyə istənilən sübutları əldə edib saxlamaq və həmin xarici vətəndaşı (azərbaycanlını) dindirmək üçün Maltaya çağırmaq səlahiyyəti verir. Qadının ondan ayrı yaşayan əri tərəfindən öldürülməsi planına görə təqsirləndirilən şəxs 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.//virtualaz.org 


Baxış sayı: 3143 | Tarix: 17.08.2021
Bizi Telegramda izləyin: @repostaz