Lerik Rayon Mərkəzi Publik Hüquqi Şəxsin Blaband kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılmışdır.
 
Lerik rayon prokurorluğundan RePost.Az-a verilən məlumata görə, araşdırmalarla həmin tibb məntəqəsinin tibb qardaşı Altay Abbasovun Bakı şəhərində yaşayan bir neçə şəxslə pul müqabilində razılaşaraq COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
 
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Baxış sayı: 3637 | Tarix: 25.08.2021
Bizi Telegramda izləyin: @repostaz