“Rusiya çalışır ki, həm Azərbaycana, həm də Ermənistana təsirini saxlasın. Bunu təmin etmək üçün müəyyən hüquqi çərçivələr lazımdır. Rusiya da bunu əldə etməyə çalışır. Bu yöndə hansısa hüquqi sənəd imzalansa, Rusiya çalışacaq ki, həmin anlaşmada onun da imzası olsun. Rusiya yeni reallıqda yer almaq istəyir, maraqlarının həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul olunmasına çalışır. Bu isə çiy istəkdir”.
 
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
 
- Azərbaycanın Gorus-Qafan yolundan keçən avtomobilləri yoxlaması Ermənistanda etiraz yaratmışdı. Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirdi ki, burada yanlış bir addım yoxdur, çünki Azərbaycan yoxlanışı yolun öz ərazilərdən keçən hissəsində aparır. Paşinyanın bu açıqlamasını necə anlamalıyıq: bu, onun münasibətlərin normallaşmasına olan marağından irəli gəlirmi, yoxsa...?
 
- Əslində, Ermənistan rəhbərliyi reallığı dərk edərək, buna uyğun davranmağa çalışır. Bu da müsbət gəlişmədi. Onun dediklərinə gəldikdə, Paşinyan yeni bir şey söyləməyib. Çünki həmin ərazilər Azərbaycana məxsusdur. Buna görə də orada lazımi tədbirlər görə bilərik. Yəni Paşinyanın bu baxımdan yeni nəsə dediyini düşünmürəm. Sadəcə olaraq, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində problemlər yaradır. “Zəngəzur dəhlizi” ifadəsini qəbul etmirlər. Azərbaycan da bunu qəbul etdirmək üçün öz tədbirlərini görür. Hər halda etiraf böyük şeydir. O imkanlar yaranır ki, danışıqlar bu reallıqlar əsasında aparılsın.
 
- Paşinyan Azərbaycanla münasibətlərin normallaşması üçün danışıqlara başlamağa hazır olduğunu da bəyan edir. Sizcə, bu yöndə əməli addımların atılmasına zəmin varmı?
 
- Paşinyan bu prosesdən bəhs edəndə danışıqların Minsk qrupu çərçivəsində aparılmasını dəstəklədiyini bildirir. Əslində, bunu nəzərdə tutur. Biz danışıqlara hazırıq. Amma bunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılması nə qədər məqsədəuyğundur? Bunu demək hələ tezdir. Çünki ortada bir gündəlik yoxdur. Bu yoxdursa, nə barədə danışacağıq? Hansı məsələlərin müzakirə olunacağını da bilmək olmur.
 
Bizim istəyimiz budur ki, danışıqlar yalnız sülh müqaviləsi və gündəmdə olan məsələlərlə bağlı ola bilər. Bunu da Ermənistanın diqqətinə çatdırmışıq. Gündəmlə əlaqədar məsələlər üçtərəfli formatda (Azərbaycan, Rusiya və Ermənistan) keçirilən görüşlərdə müzakirə olunur. Yəni danışıqlar gedir. Amma mən düşünürəm ki, daha böyük danışıqlar yalnız sülh müqaviləsi ətrafında gedə bilər.
 
- Bəllidir ki, Türkiyə və Azərbaycanla münasibətərin normallaşmasına Paşinyana mane olan Rusiyadır. Bəs Paşinyan Rusiyasız bu yöndə addımlar ata bilərmi?
 
- Rusiyanın marağı bundan ibarətdir ki, bu prosesdə onun iştirakı təmin olunsun. Yəni Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində vasitəçi kimi iştirak etsin. Bununla öz maraqlarını ifadə etmək istəyir. Paşinyan gəldikdə, qənaətimə görə, onun münasibətlərin normallaşmasında birbaşa niyyəti yoxdur. Paşinyanın marağı budur ki, prosesdə Rusiyadan savayı, Fransa və ABŞ da iştirak etsin. Rusiya isə bunu istəmir. Əsas məsələ budur.
 
Paşinyanın təkbaşına Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa cəhd etməsinə gəldikdə, bunun perspektivi çox azdır. Çünki Ermənistan müstəqil xarici siyasət apara bilmir. Buna görə də, onun bu məsələdə təkbaşına hərəkət edəcəyi potensialı çox aşağı səviyyədədir.
 
- Tutaq ki, Rusiyanın bu normallaşma prosesindəki rolu qəbul olundu. Bəs nə dəyişəcək?
 
- Rusiya çalışır ki, həm Azərbaycana, həm də Ermənistana təsirini saxlasın. Bunu təmin etmək üçün müəyyən hüquqi çərçivələr lazımdır. Rusiya da bunu əldə etməyə çalışır. Bu yöndə hansısa hüquqi sənəd imzalansa, Rusiya çalışacaq ki, həmin anlaşmada onun da imzası olsun. Rusiya yeni reallıqda yer almaq istəyir, maraqlarının həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul olunmasına çalışır. Bu isə çiy istəkdir.
 
- ABŞ-ın Ermənistandakı səfiri son bir neçə gündə ikinci dəfədir ki, Qarabağ münaqişəsinin həll olunmadığını, ermənilərə statusun verilməsinin vacibliyini dilə gətirir. Səfirin bu təkidi nədən xəbər verir?
 
- ABŞ-ın regiondakı nüfuzunu artırmaq istəyi var. Bunun üçün də yenidən tərəflər arasında tənzimləyici roluna qayıtmaq istəyir. İndi həmin rolu pis-yaxşı Rusiya oynayır, ABŞ isə indi proseslərdən kənar durumdadır. ABŞ da istəyir ki, bu rollardan birini öz üstünə götürsün. Bu baxımdan, Minsk qrupunun bərpası ABŞ-ın maraqlarına cavab verir, o da bunun üçün çalışır.
 
- Bizim üçün hansının vasitəçiliyi uyğundur: Rusiyanın, yoxsa ABŞ-ın?
 
- Bizə nə ABŞ, nə Rusiya, nə də başqası fərq edir. Bizim istəyimiz və hədəfimiz budur ki, öz suveren hüquqlarımızı və ərazi bütövlüymüzü tam bərpa edək. Bunu da bizə nə ABŞ, nə də Rusiya təklif edir. Bizim üçün əsas məsələ həm siyasi, həm də hərbi müstəvidə mövqelərimizi, eləcə də Pakistan və Türkiyə kimi qardaş və dost ölkələrlə münasibətlərimizi və əməkdaşlığımızı daha da gücləndirməkdir. Ona görə də, biz digər böyük oyunçulardan heç nə gözləməməliyik.
 
- İranın Qarabağa qanunsuz yük daşıması haqlı etiraz yaradıb, hətta buna görə Azərbaycan polisi Qafan-Gorus yolunda iki iranlını saxladı. Yəni sübut olundu ki, ərazi bütövlüyümüzü tanımaq istəmir. Bəs İran bundan sonra təxribatları dayandıracaqmı?
 
- Əslində, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirir. Amma İran ötən 30 il ərzində Ermənistana və Qarabağdakı separatçılara yardım edib. Azərbaycan isə torpaqlarını işğaldan azad etməsi İranın fəaliyyəti üçün ciddi maneələr yaratdı. İran indi də çalışır ki, köhnə üsullarla - yerdə qalan separatçılara yardım etməklə regionda fəaliyyət göstərsin. Biz də deyirik ki, artıq bəsdir, vəziyyət dəyişib, siz də bunu nəzərə almalısınız. İran bu mesajı qəbul edib. İndi bu mesaja necə cavab verəcəkləri, onların problemidir.
 
Biz oyun qaydalarını dəyişdirmişik. İran isə “beynəlxalq hüquq”dan dəm vurur. Əgər “beynəlxalq hüquq”dan danışırlarsa, bu etdikləri nədir? Bu ərazilər bizimdir, bizim də qaydalarımız budur. İndi istəyir bunları qəbul etsinlər, istəyir etməsinlər, bu onların öz problemləridir.
 

Baxış sayı: 2516 | Tarix: 17.09.2021
Bizi Telegramda izləyin: @repostaz